Kimlər nazirin əmrini geri oxutdu?

img

17-12-2013 [11:19]



Əmək və əhalinin sosial müdaifəsi naziri Səlim Müslümov rəhbərlik etdiyi qurumda aparmaq istədiyi kadr islahatları ilə bağlı güclü müqavimətlə üzləşib. 

Bu barədə "Reytinq” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, hətta iş o yerə çatıb ki, nazir açıq keçirdiyi iclasda nazirliyin tabeliyindəki 14 Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrlərini elə zaldaca işdən qovsa da indi aydın olur ki, onların əksəriyyəti hələ də işlərinin başındadır. 

Məlumata görə, yeni nazir apardığı islahatlarla bağlı həm nazirlik daxilindən, həm də kənardan ciddi təzyiqlərlə üzləşib. Açıq iclasda Səlim Müslümovun qovduğu şəxslərin bəzilərinin hələ də işlərinin başında olmasından belə çıxır ki, nazirin sözü tabeliyindəki şəxslər üçün keçərli olmayıb. 

Bildirilir ki, bəzi TSEK sədrlərinin himayədarları çox güclüdür və onlar nazirin əmrini geri oxutdurmağa nail olublar. Bunun nəticəsidir ki, bir neçə TSEK sədri, o cümlədən mərkəzi qərargahı Imişlidə yerləşən regional TSEK-in sədri Məmmədəli Ibrahimov bu gün də vəzifəsini icra edir. Onun nazirə necə müqavimət təşkil etməsi haqqında bir çox informasiyalar var.

Səlim Müslümovun digər 13 TSEK üzrə sədr təyinatları aparmamasının da qeyri-müəyyənliyə səbəb olduğu deyilir. Bildirilir ki, təyinatların hələ də aparılmaması Müslümovun qovduğu sədrlərdən bəzilərinin də vəzifəsində qalacağı ehtimalını artırıb.

Bu arada Səlim Müslümov 14 tibbi-sosial ekspert komissiyasının sədrinin işdən azad edilməsi məsələsinə aydınlıq gətirib. O, ANS-ə müsahibəsində deyib: "14 tibbi-sosial ekspert komissiyasının sədrindən iclas keçirilən zalı tərk etmələrini xahiş etdim. Mən onlara işdən azad olunma haqda bir kəlmə də söyləmədim. Onlar dərhal işlərini başa düşdülər və ərizələrini təqdim etdilər.

Mənim onların bəzilərinə bir ritorik sualım oldu ki, sizin aylıq əmək haqqınız nə qədərdir? Mənə cavab verildi ki, 182 manat. Dedim, sizcə, 182 manata görə o boyda məsuliyyətin altına girib orada oturmağa dəyərmi? Niyə gedib həkim işləmirsiniz".

Nazir həmin vəzifələrə müsabiqə yolu ilə gənclərin cəlb olunacağını və onlara verilən maaşların da artırılacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA