Rektor: “Ona “vətən xaini” damğası vuraraq işdən qovmuşam”

img

13-12-2013 [14:23]


Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin qaldırılması haqda musavat.com saytı redaksiyaya daxil olan məktubu dərc edib. 

Məktub müəllifləri universitetin rektoru Hacıyevi rüşvət almaqda, 10 milyonlarla pulu mənimsəməkdə və maxenasiyalarda ittiham ediblər. Onların məktubunda qeyd olunur ki, semestrlərdə 5 min manata qədər rüşvət vermək lazım gəlir. Qrupda təhsil alan 25 tələbədən 15-i pul verir. Belə ki, hər qrupdan 75 min manat pul alınır. Universitet üzrə 1200 qrupdan pul yığılır. Bu da orta hesabla semestrdə 8 milyondan çox pul edir. İllik isə əyani şöbədən təkcə test imtahanlarından orta hesabla 16 milyon pul yığılır. Dövlət imtahanlarından 3 milyon pul yığılır. Qiyabilər üçün imtahanlara buraxılmayan tələbələrin hər birindən 2-3 min manat pul alınır; əks halda, onları universitetdən qovulurlar. Qovulanları sonradan 5 min manat pul alaraq bərpa edirlər. Orta hesabla hər semestrə qayıblardan 1 milyon manat pul yığılır. İxtisas dəyişmə adı ilə tələbələrin dərisini soyurlar. Məsələn, tələbə Ümumi İqtisadiyyat fakültəsinə qəbul olunur. Dekan deyir ki, sən 500 manat verməsən səni pis ixtisasa göndərəcəm. Tələbələrin hamısını bu yolla soyurlar. Maliyyə, Beynəlxalq iqtisadi münasibətlər ixtisaslarına ən çox tələbələr qəbul edilir. Hər birindən 500 manat alınır ki, onların ixtisası təsdiq edilsin. Bu ixtisaslar Şəmsəddin Hacıyevin gündəlik nəzarətindədir”.

Rektor Şəmsəddin Hacıyev sözügedən materilla bağlı "Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, mətbuata anonim şəkildə ötürülən bu məktubdan həftədə bir neçəsi onun özünə də göndərilir: "Konkret bu məktubun özü də bizə göndərilib. Mən onu mediaya təqdim edə bilərəm. Onun kim tərəfidən yazıldığı, hansı məqsədlə bu addımların atıldığı həm bizə, həm də lazım olan instansiyalara məlumdur. Bu adam universitet rektorunun keçmiş müşaviri Bədirxan Musyevdir. Mən ona "vətən xaini” damğası vuraraq işdən qovmuşam. Adamın hələ SSRİ dövründə yazdığı donoslara görə bütün sovet ölkələri arasında təkcə Azərbaycanda bu universitetin fəaliyyətini dayandırıblar. Bu adamın əməllərindən hələ o vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə deyib”.

Ş. Hacıyev bildirib ki, məktubda guya rüşvət kimi alındığı iddia edilən və açıqlanan rəqəmlər o qədər böyük və fantastikdir ki, onları təkzib etməyə, yalan olduğunu deməyə ehtiyac belə yoxdur: "Mən fikirləşirəm ki, görəsən ağlı başında olan hansı adam inanar ki, tələbə bir semester üçün 5 min manta pul ödəyir? Heç bu məbləğdə illik təhsil haqqı belə ölkənin heç bir ali məktəbində yoxdur. Ancaq bir halda ki, yazıblar və bunu iddia edirlər, onda mən belə bir açıqlama verirəm. Hər kəs bilsin ki, İqtisad Universitetinin hər bir korpusuna video-kameralar vasitəsi ilə nəzarət olunur. Orada gedən bütün proseslər nəzarətdədir. Əgər hansısa bir tələbə ortaya çıxıb yazılanların həqiqət olduğunu bildirsə, onda üəryiniz nə istəyirsə yaza və mənə deyə bilərsiniz. Artıq neçə ildir ki, burada bütün proseslər tam şəffaf şəkildə həyata keçirlir. İqtisad Universiteti Avropanın nüfuzlu ali təhsil müəssisələrinin siyahılarında yer alır”.

Rektor həmçinin deyib ki, universitetin keçmiş müşavirinin anonim məktubları təhdid xarakteri daşıyır: "O bu əməllərinə görə iki dəfə məhkəməyə verilib. Adam özü də mənə açıq şəkildə deyir ki, ömrünün sonuna kimi buradan yazacaq. İstəyi odur ki, onu işinə bərpa edim. Əgər bərpa etsəm gəlib yalvaracaq. Bax məsələ budur. Təhdid və böhtan. Bunu isə artıq hər kəs bilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA