Mikayıl Cabbarov institut direktorunu işdən qovdu

img

13-12-2013 [12:44]


Təhsil naziri Mikayıl Cabbarov saxta diplomlarla bağlı şikayətə görə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktorunu işdən çıxarıb.

MIA nazirliyin saytına istinadən xəbər verir ki, son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxlu sayda məlumat daxil olub.

Bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gəlmiş, imtahan sessiyalarında iştirak etmiş və dövlət imtahanı verərək diplom almışlar. Eyni zamanda, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilib.

Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.

Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.

Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə,təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.

AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA