Maliyyə Nazirliyində siyasi hakimiyyəti təhdid edən olay; Nazir müavini gərgin durum yaratdı

img

12-12-2013 [19:15]


İqtisadiyyat agentliyi "Fineco” (abc.az) dünən maliyyə nazirinin müavini Azər Bayramovun sensasion bir bəyanatını yaydı. Nazir müavini həmin fikirlərini agentliyin suallarını cavablandırarkən dilə gətirmişdi.

Nazir müavini demişdi ki, Azərbaycan orta perspektivdə "Şahdəniz” qaz tağaından gələcək gəlirlərdən gözünü çəkməlidir.

"Əgər 2013-cü ildə "Şahdəniz”dən gəlir əldə edilmişdisə, 2014-ü ildən etibarən gəlir olmayacaq. Nəticədə yataqdan təxminən 2017-2018-ci ilə qədər Azərbaycana mənfəət qazı çatmayacaq” - deyə Bayramov bildirmişdi.

Nazir müavini faktiki olaraq açıq mətnlə demişdi ki, Azərbaycan yaxın gələcəkdə "Şahdəniz” qazının satışından qəpik də qazanmayacaq.

Virtualaz.org saytı özünün dünənki buraxılışında bu xəbəri "Hökumətdən bədbin qaz elanı” başlığı ilə manşetdən vermişdi (aşağıda həmin yazı ilə tanış ola bilərsiniz).

A.Bayramovun bu sensasion bəyanatı bu gün böyük ajiotaj doğurub və belə görünür ki, nazir müavini özünün bu açıqlamasına görə danlaq eşidib.

Belə ki, Maliyyə Nazirliyi bu gün həmin informasiyanı tələm-tələsik surətdə təkzib edib. Nazirlik bununla da Azərbaycanı yaxın gələcəkdə maliyyə böhranı gözləməsi barədə yayılan şayiələrin qarşısını almağa çalışıb.

Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev bəyanatla çıxış edərək nazir müavini A.Bayramovun dediklərini təkzib edib.

"Nazir müavini belə bir bəyanatla çıxış etməyib” - deyə M.Piriyev iqtidaryönlü agentliyin xəbərini şərh edərkən bildirib.

Yada salaq ki, bu, Azərbaycan mətbuatı tarixində nadir hadisələrdən biridir. Yəni azərbaycanlı jurnalistlər bir nazirliyin mətbuat xidməti rəhbərinin həmin nazirliyinin ikinci şəxsinin dediklərini təkzib etməsini ilk dəfədir görürlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA