Camaat ayağa qalxır, daha iki rayondan aksiya xəbəri gəldi - Yenilənib

img

04-12-2013 [12:49]


6 Dekabr saat 16:00-da Bakıda benzinin qiymətinə etiraz əlaməti olaraq aksiya keçiriləcək.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. "Əllər siqnala" adlı aksiyanın sürücülər tərəfindən keçirilməsi planlaşdırılır. 

Aksiya ilə bağlı yayılan müraciətdə deyilir ki, bütün sürücülər saat 16:00-da əllərini siqnala qoysunlar və bununla yanacağın qiymətinin qalxmasına etiraz etsinlər.

****

Benzinin bahalaşmasından sonra bir neçə rayonda əhalinin ciddi şəkildə etirazlara qalxdığı barədə xəbər vermişdik. 

JAM.AZ-a çatan məlumatlarda Masallı, Saatlı və Astarada camaatın narazı qaldığı və etiraz etdikləri qeyd olunurdu. 

Dünən gün ərzində o da məlum olmuşdu ki, Lənkəranın Liman şəhərində 150-yə yaxın şəxs yerli İcra Nümayəndəliyinin qarşısına toplaşıblar. Onlar benzinin qiymətinin artmasına etiraz ediblər. Gələn son xəbərlərdə isə bildirilir ki, daha iki rayonda camaat ayağa qalxıb. Belə ki, Ağcabədidə dünən gecə saatlarında onlarla sürücü yanacaqdoldurma stansiyalarına üz tutaraq, maşınlarını orada saxlayıb gediblər. 

JAM.AZ-ın xəbərinə görə, Ağcabədidə bu hadisədən dərhal sonra əraziyə polis göndərilib və avtomobilləri YDM-lərdən çıxararaq, cərimə meydançalarına aparıblar. Həmin maşınların sahiblərini müəyyənləşdirdikdən sonra onların evinə gedərək, polisə aparıblar. Lakin bu addımın rayonda narazılığı daha da artıracağından ehtiyat edərək, qısa müddətdə xəbərdarlıq edilməklə həmin şəxsləri buraxıblar.

Qazaxda isə 50-yə yaxın şəxs rayonun mərkəzində toplaşaraq, qiymətlərin artmasına etiraz edib. İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda toplaşmış insanları da polisin hesabına dağıdıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA