Səlim Müslümova qarşı etiraz başladı - Müraciət

img

04-12-2013 [12:32]


Beynəlxalq Əlillər Günü "Əlillərə qarşı diskriminasiyaya son qoyulsun” tələbi ilə imzatoplama aksiyasına start verilib. İmzatoplama kampaniyasının təşkilatçılarından olan Sevda Səfərəliyeva əlillərin müraciətin yayıb.

Mia.az onun yaydığı müraciəti olduğu kimi təqdim edir: 

Müraciətdə deyilir: "Əlillər aztəminatlı təbəqənin 20 faizini təşkil edir, əlil uşaqların 98 faizi məktəbə getmir, küçə uşaqlarının isə 30 faizi əlillərdir. Yetkinlik yaşındakı əlillərin savadlılıq göstəricisi cəmi 3 faiz təşki edir.

Bizdə əlillliyi olan insan mərhəmət hesabına yaşayır. Əlilliyi olan insan öz həyatını yaşamağa, işləməyə, müstəqil olmağa hüququ olan şəxs hesab edilmir. Bu, bizim insan haqlarımızı ciddi surətdə zədələyir. Bizim ölkəmizdə məlumatlandırıcı və təşviqedici işlərin aparılmasına davamlı ehtiyac var.

Bu gün Azərbaycanda 500 minə yaxın əlilliyi olan insan yaşayır. Onların 23 faizini I qrup əlillər təşkil edir. Təqribən 7 min nəfər əlil arabası istifadəçisidir. Onların əksəriyyəti hər gün həyatın müxtəlif sahələrində diskriminasiya və hüquqlarının pozulması halları ilə qarşılaşır.

Əlilliyi olan insanlarla bağlı son illər həyata keçirilən dövlət siyasəti nəinki bizim həyat keyfiyyətimizin yaxşılaşmasına səbəb olmuş, hətta əksinə, əlilliyi olan insanların daha çox təcrid olunmasına, asılılığına və yoxsulluğuna gətirib çıxarıb.

Pensiya islahatları və güzəştlərin ləğv edilməsi ümumi səbəbdən əlillərin, xüsusilə uşaqlıqdan əlillərin dövlət dəstəyindən demək olar ki, məhrum edilməsi ilə nəticələnib. Belə ki, əmək stajı olmayan ümumi səbəbdən I qrup əlillərə və uşaqlıqdan I qrup əlillərə heç bir iqtisadi əsaslandırması olmayan 67 manat müavinət təyin edilir. Bu məbləğ isə minimum yaşayış məbləğindən iki dəfə az olmaqla nəinki konstitusiya ilə müəyyən edilmiş layiqli həyat səviyyəsini təmin etmir, hətta həmin insanların həyatını təhlükəyə məruz qoyur. Bundan başqa, məlumdur ki, bütün növ I qrup əlillərin daimi qulluğa və kənar şəxslərin köməyinə ehtiyacı var. Lakin mövcud qanunvericilikdə daimi qulluğa ehtiyacı olan I qrup əlillərə qulluq edən şəxslər üçün heç bir ödəniş nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, I qrup əlilə qulluq göstərən şəxsin dolanışığını qazanmaq üçün heç bir imkanı və şəraiti olmur. Bu da öz növbəsində həmin şəxsin konstitusiyada təsbit edilmiş layiqli həyat səviyyəsinin təmin edilməməsinə gətirib çıxarır.

Baş-beyin və onurğa sütunu zədələnmələri və xəstəlikləri nəticəsində dayaq-hərəkət aparatının funksiyaları pozulmuş әlilliyi olan insanların reabilitasiyası ən geridə qalmış avadanlıq və metodika vasitəsilə həyata keçirilir və müasir ixtisaslaşdırılmış reabilitasiya vasitələrindən istifadə edilmir. Hərəkət məhdudiyyətli insanlara verilən əlil arabaları həddən artıq keyfiyyətsiz və davamsız olduğundan çox tez sıradan çıxır.

Əllərində gücü olmayan və əzələ distrofiyası olan əlillərin fiziki xüsusiyyətləri nəzərə alınmadığından, onlar normal həyat üçün zəruri olan elektrik mühərrikli əlil arabaları ilə təchiz edilmirlər. Bu isə əlil arabası istifadəçilərinin fərdi hərəkət müstəqilliyini hədsiz məhdudlaşdırır və onların kənar şəxslərdən tam asılılığna gətirib çıxarır.

Ölkə ərazisində hərəkət məhdudiyyətli insanların istifadəsi üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrinin olmaması bu kateqoriya insanların sərbəst hərəkətini qeyri-mümkün edir. Bu vəziyyət onların cəmiyyətdən tam təcrid edilməsinə və nəticədə həyat keyfiyyətinin daha da pisləşməsinə səbəb olur.

Mövcud nəqliyyat problemi sözsüz ki, digər problemlərin də həllini çətinləşdirir. Belə ki, nəqliyyata çıxışın olmaması əlil arabası istifadəçilərinin siyasi, ictimai, mədəni həyatda iştirak etmək, təhsil almaq, tibbi xidmətlərdən yararlanmaq, əmək fəaliyyətinə qoşulmaq, şəxsi həyatlarını qurmaq, asudə vaxtlarını və istirahətlərini təşkil etmək və idmanla məşğul olmaq imkanlarını sıfra endirir.

Hazırda əlilliyi olan insanların, o cümlədən əlil arabası istifadəçilərinin məşğulluqla bağlı hüquqi vəziyyəti daha da pisləşib. Belə ki, əlilliyi olan insanların təhsil səviyyəsinin yetərli olmaması və iş yerlərində mövcud şəraitsizlik nəticəsində onlar üçün ayrılmış kvotalar istifadəsiz qalır.

Təhsil sahəsində də əlilliyi olan insanların diskriminasiyası hələ də davam edir: orta məktəblərdə və ali təhsil müəssisələrində inklüziv təhsil üçün zəruri şərait yaradılmayıb.

Bulvarda və istirahət parklarında, kafe və restoranlarda və digər yerlərdə əlil arabası istifadəçilərinin rahat daxil ola biləcəyi tualetlər yoxdur.

Müvafiq qaldırıcı qurğuların olmaması ucbatından Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, əlaqədar nazirliklərin, Bakı şəhər və rayon icra hakimiyyəti binalarının və digər inzibati qurumların binalarının qəbul otaqlarına əlil arabası istifadəçilərinin girişi məhdudlaşdırılıb”.

Müraciəti imzalayanlar müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılmasını, I qrup əlillərə qulluq edən şəxslərə müavinət verilməsini, şəhər nəqliyyatının, ictimai məkanlarda əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılmış tualetlər tikilməsini, yolların əlil arabaların rahat gedişinə uyğun inşa edilməsini, əlillərdən vergi tutulmamasını, o cümlədən əlillərin işlə təminatını tələb edirlər.

Qeyd edək ki. ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 147,6 manatdır. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251 manat təşkil edib.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA