Qaz, işıq, su da bahalaşacaq!!!

img

03-12-2013 [13:52]


Hökumətin maliyyə naziri Samir Şərifov vasitəsilə bir neçə həftə əvvəl anons etdiyi bahalaşma gözlənilən vaxtdan tez başladı.

Tarif Şurası bu dəfə taktikanı dəyişərək qəfil və gecəyarısı bahalaşmanı Yeni ilin ilk iş günündə deyil, bir ay əvvəldən elan etdi. Lakin bu, hələ başlanğıcdır. Virtualaz.org saytının analitik qrupu ekspert rəylərinə və 2014-cü ilin büdcəsinə əsaslanan təhlillərə istinadən əhaliyə satılan təbii qazın və elektrik enerjisinin, habelə içməli suyun, kanalizasiya tariflərinin və digər kommunal tariflərin də artırılacağını gözləyir.

Hesablamalara əsasən hökumət əhaliyə satılan təbii qazın 1000 kubmetrini təxminən 120 manata qədər artıracaq. Hazırda qiymət 100 manatdır. Maraqlıdır ki, Tarif Şurası istilik elektrik stansiyalarına satılan qazın qiymətini qismən ucuzlaşdırıb və 80 manat edib. Görünür, bu ucuzlaşma əhaliyə satılan təbii qazın qiymətinin artırılması hesabına kompensasiya ediləcək.

Elektrik stansiyalarına verilən qazın qiymətinin azaldılması o deməkdir ki, elektrik enerjisinin maya dəyəri də azalacaq.

Bəs onda hökumət əhaliyə satılan elektrik enerjisinin 1 kilovatının qiymətini niyə 6 qəpikdən 8-10 qəpiyə qədər artırmağa hazırlaşır?

Cavab sadədir: hökumət "şok terapiyası”na və sürətli inflyasiyaya əsaslanan yeni iqtisadi siyasət başladıb. Məqsəd qeyri-neft iqtisadiyyatına təkan verməkdir.

Əhaliyə satılan içməli suyun 1 kubmetrinin isə 30 qəpikdən 35-40 qəpiyə qaldırılacağı gözlənilir. Digər kommunal tariflər də orta hesabla 20-30 faiz artırılacaq. Bu da gələn il ölkədə inflyasiyanın Mərkəzi Bankın proqnozlaşdırdığı kimi 3,5 faiz deyil, ikirəqəmli olacağını deməyə əsas verir.

Axı enerjidaşıyıcılarının qiymətinin artırılmasının bütün növ mal və xidmətlərin bahalaşmasına gətirib çıxardığını hesablamaq üçün heç iqtisadi inkişaf naziri Şahin Mustafayev də olmağa ehtiyac yoxdur...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA