Korrupsiya reytinqi: Azərbaycan 177 ölkə arasında 127-ci sıradadır

img

03-12-2013 [11:58]


"Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan milli bölməsi 2013-cü ilin Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb.

Təşkilatdan "Media forum” saytına daxil olan məlumata görə, bu il indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb.

Qeyd edək ki, son iki ildə indeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdi, ötən ildən isə 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbəti tətbiq olunur. Ötən il Azərbaycan 27 balla 176 ölkə arasında 139-cu sırada idi.

2013-cü il indeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

Məlumatda qeyd olunur ki, Azərbaycan indeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır: "Bunun əsas səbəbi iqtisadi göstəricilərlə bağlıdır. Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı sıraya yüksəlib.

Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəriciləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib çıxarıb.

İndeks hazırlanarkən istinad olunan mənbələrdən "Freedom House” təşkilatının 2013-cü il üzrə "Keçid dövründəki ölkələr” İndeksində isə ölkənin göstəricisi aşağı düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA