Milyonçu Hafiz Məmmədovun fransız jurnalistlərlə bağlı qalmaqalı qızışır - VİDEO

img

26-11-2013 [12:41]


"Bakı” klubundan Fransanın "Canal+ Sport” kanalının Hafiz Məmmədovla bağlı yayımladığı reportaja münasibət bildirilib.

Xatırladaq ki, Fransanın "Canal+ Sport” kanalı "Bakı” klubunun prezidenti və "Lans” klubunun himayədarı Hafiz Məmmədovla bağlı 25 dəqiqəlik reportaj hazırlayıb. Reportajda Məmmədovun Azərbaycanda 5 sözükeçən adamdan biri və 40-a yaxın şirkət sahibi olduğu deyilir.

Reportajla bağlı yazı hazırlayan "Azadlıq" qəzeti isə xüsusi olaraq Hafiz Məmmədovun fransalı jurnalistlərə ümumi dəyəri 16 min dollar olan 2 qol saatını israrla hədiyyə etməsinin üzərində dayanıb. Bildirilib ki, hədiyyəni məcburi şəkildə qəbul edən jurnalistlər onları sonradan beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Sərhədsiz reportyorlar”a təhvil veriblər. "Sərhədsiz reportyorlar” da bu saatları sataraq, pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.

Mia.az xəbər verir ki, Hafiz Məmmədovun prezidenti olduğu "Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov "Axar.az”a açıqlamasında fransalı jurnalistlərin iddia etdiyi bahalı qol saatı məsələsinə aydınlıq gətirməyə çalışıb: "Hafiz Məmmədov Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir. Fransalı jurnalistlərin iddiasını qəbul etmirəm. Ola bilər, orda hər hansı bir hədiyyədən söhbət getsin, amma bu jurnalisti ələ almaq üçün bir vasitə deyil. Siz jurnalistlər də bir qədər diqqətli olmalısız. Bu insan futbolumuzun inkişafı üçün gecə-gündüz çalışır. Bu yaxınlarda "Atletiko”nun düşərgəsinə beş azərbaycanlı futbolçu göndərildi. Həmin uşaqlar aztəminatlı ailələrdən çıxıblar. Yəni onu demək istəyirəm ki, Hafiz müəllim səmimi iş görür və bu işləri danmaq olmaz”.  

Göründüyü kimi, rəsmi şəxs qalmaqala aydınlıq gətirmək əvəzinə, H.Məmmədovu tərifləmək və üstəlik, Azərbaycan jurnalistlərinin boynuna minnnət qoymaqla vəzifəsini bitmiş sayıb. 

Onu da xatırladaq ki, bu qalmaqallı olayla bağlı ilk xəbər yayan və həmin xəbərin videosunu yerləşdirən saytlardan biri də mia.az olub. Həmin xəbərin linkini (http://www.mia.az/w100180/İş_adamı_Hafiz_Məmmədovun_iddialı_və_ilginc_video_yayıldı_-_Fransa_Mətbuatında!/) və videonu təkrar yerləşdiririk:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA