Ziya Məmmədov ordunu daxildən «fəth» edir

img

26-11-2013 [10:41]



Zakir Həsənovun Müdafiə Nazirliyindəki dəyişiklikləri hakimiyyətdaxili «supergüc»ə çevirilmək yolunda inamla addımlayan nəqliyyat naziri Ziya Məmmədovun maraqlarına tam cavab verir.

 Bu sözləri Müdafiə Nazirliyindəki son prosesləri diqqətlə analiz etdiyini deyən hərbi ekspertlərdən biri söyləyib. Onun sözlərinə görə, nazirlikdə «vurulan»lar daha çox keçmiş nazir Səfər Əbiyevlə əlaqələndirilsə , əslində, burada bir çox «incəliklər» var: «Yeni nazirin «təmizləmə əməliyyatı» daha çox sabiq nazir Səfər Əbiyev ya korrupsiya cinayətlərinin qarşısının alınması ilə bağlayırlar. Bu yöndə təbliğat aparılsa da, əslində, fakt bir qədər fərqlidir. Səfər Əbiyevə daha yaxın olanlar zatən Zakir Həsənovun təyinatının ilk həftəsindən işlərini itirdilər. Əvəzində isə baş qərargah rəisi Nəcməddin Sadıqovun təqdimatı ilə həmin vəzifələrin bir çoxuna nəqliyyat naziri Ziya Məmmədovun «çətiri» altında ordu sisteminə əsaslı təsir edə biləcək şəxslər gətirilir. Məsələn, uzun illər çağırış sistemində işləmiş Hikmət Xalıqovun nazirliyin Təşkilat Səfərbərlik Idarəsinə rəis müavini təyin edilməsinə diqqət edək. Bu adam vaxtı ilə Biləcəri Hərbi Toplanış Məntəqəsində yüksək vəzifədə işləyib. Oranın necə rüşvət korrupsiya yuvasına çevirmələrini isə xüsusi izah etməyə gərək yoxdur. Zatən, hamı vəziyyəti bilir. Sözüm odur ki, həmin zaman nazir Səfər Əbiyev daxildə ona güc göstərən Nəcməddin Sadıqovun nəzarətində olan məntəqədəki Hikmət Xalıqov - Aydın Həsənov (sonradan deputat seçildi) – Rövşən Hüseynov (general, deputat Əliağa Hüseynovun qardaşı) «troyka»sının «korrupsiya piramidası» məhv etmək üçün əmr imzaladı. Yəqin hərbçilər 2002-ci ilin əvvəlində Səfər Əbiyevin bir əmrlə 6 yüksək rütbəli hərbçinin, o cümlədən həmin dövrdə Respublika Hərbi Komissarlığının rəisi, general, hazırkı deputat Əliağa Hüseynovun qardaşı Rövşən Hüseynovun da həmin əmrlə sərəncama götürüldüyünü xatırlayır. Təkrar edirəm, bu, o zamana təsadüf edirdi ki, həmin zaman çağırış sistemi tap şəkildə Nəcməddin SadıqovƏliağa Hüseynovun birgə «monopoliyası»nda idi. Ancaq Əliağa hüseynovun qardaşı nazirin əmrinə rəğmən, məntəqədə yenə hərbi geyimdə istədiyini etməkdə idi. Bunu nəzərə alan Səfər Əbiyev bu əmrindən az sonra Hikmət Xalıqovu da «vurdu» bu yolla «troyka» dağıda bildi. Amma Nəcməddin Sadıqovun sayəsində Hikmət Xalıqovu ordu sıralarından tam kənarlaşdıra bilmədi. Ziya Məmmədovla qohum olan Hikmət Xalıqov əvvəlcə Suraxanı rayon hərbi komissarı təyin edildi, bir qədər sonra isə Əliağa Hüseynovun yanınaRespublika Hərbi Komissarlığına göndərildi. Bu isə o dövrə təsadüf elədi ki, general Əliağa Hüseynovun özü Ziya Məmmədovla qohum olmuşdu».

 Müsahibimiz deyir ki, Respublika Hərbi Komissarlığı ləğv olunan günə qədər Əliağa Hüseynov Hikmət Xalıqovu rəhbərlik etdiyi qurumda qeyri-rəsmi səlahiyyət sahibi statusuna gətiribmiş: «Elə bir vəziyyət yaranmışdır ki, Hikmət Xalıqov Əliağa Hüseynovun 1-ci müavini Ramiz Məmmədovun xahiş tapşırıqlarını geri çevirirdi. Komissarlıq ləğv edildikdən sonra isə Səfər Əbiyev bunların hamısını işsiz qoydu. Lakin Zakir Həsənov Hikmət Xalıqovu ciddi bir vəzifəyə gətirməklə yetmədi, hətta onun qardaşını da nazirliyin işlər  idarəsinin rəisi təyin etdiyi haqda xəbər yayılıb. Çox böyük ehtimalla Hikmət Xalıqov bu yaxınlarda səfərbərlik idarəsinin rəisi, general Yaşar Aydəmirovdan boşalmış postuna təyin olunacaq. Bu isə son illər sürətlə güclənən Ziya Məmmədov qruplaşmasının ordu sistemində böyük təsirə sahiblənməsi yolunda daha bir ciddi hadisə sayıla bilər».

 Mənbənin sözlərinə görə, Hikmət Xalıqov nazirliyə ayaq basan gündən tez-tez Nəcməddin Sadıqovun xidməti otağında görünür: «Bu da o qənaəti yaradır ki, Nəcməddin Sadıqovun vasitəsiylə Ziya Məmmədovun adamları nazirlikdə hələ çox vəzifələri hədəfləyiblər. Onlar sistemli şəkildə planlarını icra etməklə məşğuldur. Deyəsən, Ziya Məmmədov ordunu daxildən ələ keçirir».

 Yeri gəlmişkən, bir neçə gün əvvəl hərbi ekspert Üzeyir Cəfərov da Müdafiə Nazirliyində aparılan kadr islahatları barədə danışarkən yeni nazir Zakir Həsənova sərt ittihamlar yönəldib. O, eyni zamanda, Zakir Həsənovun kadr islahatını da kəskin tənqid edib: "Bir ay işərisində Zakir Həsənov 5-10 nəfəri yeni vəzifəyə təyin etməklə sevindirdisə , faktiki minlərlə insanda ümidsizlik əhvalı yaratdı. Bunun da başlıca səbəbkarı onu ucuruma aparan Nəcməddin Sadıqov faktorudur. Yaxın günlərdə biz onsuz da bu məsələni tam ciddi ictimailəşdirəcəyik. Ordunun taleyini kiminsə hikkəsinə qurban vermək olmaz. İş o yerə çatıb ki Müdafiə Nazirliyinə aidiyyatı olmayan hansısa özəl bankın mühafizə xidmətinin rəhbəri nazirlikdə ən mühim idarənin başına gətirilib. Generalı çıxarıb, onun yerinə ehtiyatda olan birisini gətiriblər. Özü də tam ayrı bir qurumda nə vaxtsa xidmət keçmiş adamı…”.

 Üzeyir Cəfərovun bu ittihamlarının bir hissəsini qəbul etdiyini deyən müsahibimizin sözlərinə görə, həqiqətən kadr siyasətində çox ciddi yanılmalar var: «Mən hesab edirəm ki, Ziya Məmmədova bağlı olan Hikmət Xalıqov kimilərinin vəzifələrə çəkilməsi gələcəkdə Zakir Həsənovun özünü çox pis vəziyyətdə qoya bilər».

 Bu yerdə onu da yada salaq ki, son bir ay ərzində Ziya Məmmədov hakimiyyətdə böyük güc sahibi kimi xarakterizə olunmağa başlayıb. Onun qudası Heydər Əsədovun kənd təsərrüfatı naziri, qudasının girvəsi Səlim Müslümovun isə əmək əhalinin sosial müdafiəsi naziri təyin olunması da bu tip xəbərlərin sayını artırıb. İndi Ziya Məmmədovun ordunu daxildən «fəth» etməsi isə hakimiyyətdaxili balansın dəyişməsi anlamını qüvvətləndirir.

 Bu barədə «Reytinq»i məlumatlandıran başqa bir mənbə isə bildirir ki, Ziya Məmmədovun bu qədər güclənməsi onun hakimiyyətdəki rəqiblərini ciddi narahat etməyə başlayıb: «Lakin görünən budur ki, onlar artıq Ziya Məmmədovu əngəlləmək qüdrətində deyillər. Baxmayaraq ki, birbaşa nəzarətində olan «Dövlət Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərovun oğlu digər səs-küylü korrupsiya cinayətləri ilə bağlı xəbərlərin intensivliyini digər təzyiq təsir vasitələrini artırmaqla, onu dayandırmağı düşünürlər. Amma rəqiblərinin təzyiqləri əks effekt verir. Əksinə, Ziya Məmmədov rəqiblərini sıradan çıxarmaqla, önə çıxır. Elə Aydın Bəşirovun sıradan çıxarılmasını da nəqliyyat nazirinin artan gücü təsiri ilə əlaqələndirmək daha doğru sübut sayıla bilər»("Reytinq” qəzeti).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA