Ziya Məmmədovla bağlı böyük plan, nazirin ətrafını təmizləməklə çökdürmək xətti götürülüb

img

18-11-2013 [10:00]


Ölkənin ən böyük oliqarxlarından biri olan nəqliyyat naziri Ziya Məmmədovun yaxın ətrafının təmizlənməsi prosesi gedir. Onun biznesinin əsas dayaq nöqtələri nəzarətindən çıxarılır. Bu barədə "Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, artıq Z.Məmmədovun yol biznesindəki önəmli simalardan olan "Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanov onun nəzarətindən çıxarılıb. Bu yaxınlarda ölkənin ikinci soyadı ilə qohumluq əlaqələri quran C.Qurbanov artıq müstəqil oyunçuya çevrilib. İndi C.Qurbanov nəqliyyat nazirinə yox, birbaşa yuxarı instansiyalara hesabat verir. Onun nəqliyyat nazirinə tabeçiliyi sırf formal xarakter daşıyır.

Mənbə iddia edir ki, Z.Məmmədovun ikinci dayaq nöqtəsi olan Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri Arif Əsgərovun da bitirilməsi ssenarisi yekunlaşmaq üzrədir. A.Əsgərovun kompromat dosyesi artıq hazırdır və hakimiyyətin üst qatına təqdim edilib. Kompromat dosyesində A.Əsgərovun mənimsədiyi dövlət vəsaitinin məbləği, QSC-nin əmlakının talan edilməsi ilə bağlı faktlar, dövlət əmlakının talan edilməsi hesabına özünə qurduğu biznes şəbəkəsi, sərəncamında olan daşınmaz əmlakın siyahısı və başqa məlumatlar yer alıb.

Bir qədər öncə A.Əsgərovun baldızı oğlu Rahib Hüseynov 48 milyonluq yeyinti ittihamı ilə həbs edildi və məsələ ictimailəşdirildi. İndi artıq R.Hüseynovun istintaq ifadələrindən faydalanmaqla A.Əsgərovun haqda kompromat dosyesini daha da zənginləşdirərək yuxarı instansiyalara təqdim ediblər. Dosyedə A.Əsgərovun oğlu Elnar haqda məlumatlar da yer alıb. Dəmir yolu sistemindəki yeyintilərdə 28 yaşlı Elnarın adı əsas fiqurlardan biri kimi hallanır. Bu barədə ötən saylarımızda ətraflı məlumat verdiyimizdən təkrarçılıq etmək niyyətində deyilik. Təkcə onu xatırladaq ki, işdə zərərçəkənlərdən biri də mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas Zakir Zeynalovun övladlarıdır. Z.Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə müraciətində bu iri maliyyə fırıldağının arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığını iddia edib. Bəzi məlumatlara görə, maliyyə maxinasiyasından 43 nəfər sahibkar zərər çəkib.

Mənbə iddia edir ki, bu məsələ A.Əsgərova yox, Z.Məmmədova yönəlmiş bir addımdır. Ona sadiq kadrların sıradan çıxarılması prosesi gedir və bu baxımdan Z.Məmmədova ən yaxın şəxs elə A.Əsgərov sayılır. "Azəryolservis”dən sonra dəmiryol sisteminin də Z.Məmmədovun biznes imperiyasından qoparılması gözlənilir.

Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamına əsasən Aydın Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. Sərəncama əsasən Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilib və onların əsasında idarənin adı dəyişdirilərək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC olub. QSC-nin sədri vəzifəsinə isə Rauf Vəliyev təyin edilib. R.Vəliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevə yaxın şəxs sayılır. Maraqlıdır ki, R.Vəliyev sədr təyin olunduqdan bir neçə gün sonra Nəqliyyat Nazirliyinin kollegiya iclası keçirilib. Ancaq kollegiya üzvü olan R.Vəliyev iclasa qatılmayıb.

"Yeni Müsavat”-ı bilgiləndirən mənbə deyir ki, R.Vəliyev "yuxarıların” göstərişi ilə itaətsizlik nümayiş etdirib. Ona birbaşa yuxarı hesabat vermək tapşırılıb. Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Hacıyevlə bağlı məsələyə isə çoxdan nöqtə qoyulub. Z.Məmmədov nazir təyin olunandan indiyəcən C.Hacıyev ona itaətsizlik göstərib və göstərməkdə də davam edir. Yəni qalır təkcə Arif Əsgərovu bitirmək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA