Deputat Eldar Quliyev bu gün elmlər doktoru olacaq – Özəl

img

29-10-2013 [17:33]


30 oktyabr 2013-cü ildə saat 14.00-da Azərbaycan Dövlət Aqrar Universitetində deputat Eldar Allahyar oğlu Quliyev "İqtisad elmləri doktoru" elmi dərəcəsi almaq üçün 5312.01 – "Sahə iqtisadiyyatı” "Əhalinin etibarlı ərzaq təminatında kooperasiya və inteqrasiya problemləri” mövzusunda dissertasiya müdafiə edəcək.

Mia.az xəbər verir ki, «Azərittifaq»ın sədri, deputat Eldar Quliyev elmi fəaliyətə 58 yaşında başlayıb: «O, 2010-cü ildə qısa müddətdə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2011-ci ildə isə doktorluq mövzusu götürmək üçün Azərbaycan Dövlət Aqrar Universitetinə müraciət edib və 2012-ci ilin yanvar ayından elmi işini yazmağa başlayıb». 

Mia.az xəbər verir ki, deputat rekord sayılacaq bir müddətdə - 1 il ərzində doktorluq işini başa çatdırıb və müdafiəyə təqdim edib: «Azərbaycan təcrübəsində bir tədqiqatçının 1 il ərzində doktorluq işi yazıb, müdafiə etməsi halına indiyə kimi rastlanmayıb. Deputat Eldar Quliyev bu nailiyyəti ilə elm sahəsində yeni bir cığır açdı».

Onu da qeyd deək ki, Ali Attestasiya Komissiyası da Eldar Quliyevin bu uğurlarına hər tərəfli dəstək verir. Belə ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 11 yanvar 2013-cü il tarixli qərarına görə, elmlər doktoru dissertasiyası yazan şəxsin ən azı 1 məqaləsi Web of Science bazasının (www.thomsonreuters.com ) Citation Index seriyalarından birinə daxil olan jurnallarda dərc olunmalıdır. Əks təqdirə, onun müdafiə buraxılmasına icazə verilmir. Lakin Eldar Quliyevin bu seriyalardan birinə daxil olan jurnallarda məqaləsi dərc olunmayıb.

AAK isə öz qərarına hörmətsizlik olmasına rəğmən, deputatın sürətli müdafiəsinə mane olmayıb: «Görünür, AAK rəhbərləri də yaxşı bilir ki, Web of Science bazasının Citation Index seriyalarından birinə daxil olan jurnallarda məqalə çapı bəzən 1-2 il çəkir. Deputat isə bu müddətə qədər məqaləsinin çapını gözləsəydi, elmdəki rekordunu əldən verə bilərdi. Hər halda, Eldar Quliyevin bu uğuru gənc nəsilə də nümünə olmalıdır. Gənclər bəzən 5-6 ilə dissertasiya işi yazırlar, amma AAK-ın maneələrini aşıb, müdafiə edə bilmirlər. Amma Eldar Quliyev göstərdi ki, Azərbaycanda 3 il ərzində elmin bütün pillələrini fəth etmək (fəlsəfə doktoru dissertassiyasını və elmlər doktoru dissertasiyasını yazmaq, müdafiə etmək və diplomu almaq) mümkündür».

Məsələ ilə bağlı Eldar Quliyevin mövqeyini də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA