Milli Şuranın sesseyası başladı (Yenilənir)

img

03-09-2013 [17:11]


Milli Şuranın bu gün saat 16:00-da Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulan sessiyası hələ başlamayıb.

Virtualaz.org-un hazırda partiyanın qərargahında olan müxbirinin verdiyi məlumata görə, Milli Şuranın 131 üzvündən hələlik 45 nəfəri qeydiyyatdan keçib.

İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Sülhəddin Əkbər Müsavatın qərargahında olsalar da sessiya başlamayıb. Səbəb bilinmir.

Qeyd edək ki, bugünkü sessiyada Milli Şuranın davamiyyət məsələsinə də baxılacaq. Milli Şuranın indiyə qədər keçirilən sessiyalarında ən çox 84 üzv iştirak edib. Bu ən çox say Milli Şuranın vahid namizədi olaraq Rüstəm İbrahimbəyov seçilərkən qeydə alınıb. Əməkdaşımızın Milli Şura üzvlərindən aldığı məlumata görə, buna səbəb qurum üzvlərinin başının imzatoplama kampaniyasına qarışmasıdır.

* * *

Milli Şuranın sessiyası başladı. Sessiyada çıxış edən Əli Kərimli bildirdi ki, bugünkü iclasda yalnız bir məsələnin - Milli Şuranın vahid namizədinin seçki kampaniyasının təşkili məsələsinin müzakirə olunması nəzərdə tutulub.

* * *

Sessiyada çıxış edən Əli Kərimli Milli Şuranın vahid namizədinin imzatoplama kampaniyasının uğurla həyata keçirildiyini bildirdi: "İmzatoplama kampaniyaları könüllülər tərəfindən həyata keçirilir. İmzatoplama kampaniyası tez bir zamanda həyata keçiriləcək. Bizim bundan sonra ki, əsas işimiz seçki təbliğatının aparılması olacaq. Plakatlar hazırlanmalı, sosial şəbəkələrdə, KİV-də, reklamlar aparılmalıdır. Bunun üçün maliyyə vəsaiti əldə edilməlidir. Avtoritar rejim bizə nə qədər mane olsa da biz bunu özümüz bacarmalıyıq. Xalqa müraciət etməliyik. Xalqın maddi dəstəyi ilə biz bu işlərimizin öhdəsindən gələ bilərik. Bu məsələnində gündəmdə saxlanılması lazımdır”.

* * *

Milli Şuranın vahid namizədinin Seçki Qərargahının rəhbəri Arif Hacılı çıxışında aparılan seçki kampaniyası ilə bağlı məlumat verdi: "Vahid namizədin imzatoplama kampaniyası ölkənin bütün bölgələrində həyata keçirilir. Avqustun 31-dən etibarən imza vərəqələri regionlara paylanıb və Cəmil Həsənli üçün imza toplanılır. Kampaniyalar aparılarkən Mingəçevir, Ağdam və Qazaxda imza toplayan şəxslərə təzyiqlər olub. Amma 2009-cu ildə olduğu kimi ciddi olaylar - imza toplayan şəxslərin həbs edilməsi, qərargahlara basqınların edilməsi, insanların hədələnməsi kimi hallar qeydə alınmayıb. İmzayoplama kampaniyası demək olar ki, başa çatmaq üzrədir. Kampaniya zamanı seçicilərlə görüşümüzdə insanların professor Cəmil Həsənlinin qalib gələcəyinə ümidli olduğunu görmək olur”.

Arif Hacılı maliyyə vəsaitinin toplandığına da başlanıldığını bildirdi: "Bu gün saat 14-də olan məlumata görə, namizədimizin bank hesabına 509 manat köçürülüb”.

Cəmil Həsənlinin Seçki Qərargahının üzvü, AXCP Ali Məclisinin sədri Həsən Kərimov çıxışında qeyd etdi ki, AXCP-nin üzərinə düşən 21 min səs artıq hazırdır və sabah seçki qərargahına təqdim ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA