24-08-2013 [16:18]
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, yığıncaqda 22 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.
İclasda prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülən İlyas Abbas oğlu İsmayılov və öz təşəbbüsü ilə namizədliyi irəli sürülən İlqar Eldar oğlu Məmmədovun (REAL hərəkatının sədri) prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, İ. İsmayılovun namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə İ. İsmayılov prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra namizədliyi təsdiq olunan İ. İsmayılovun səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
MSK katibi əlavə olaraq qeyd edib ki, namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib: "Müəyyən edilib ki, bəzi sənədlərdə pozuntular var. Qanunvericiliyin bəzi müddəaları pozulub. Sənədlər 19 avqustda sürətli poçtla geri qaytarılıb. 23 avqustda isə yenidən MSK-ya göndərilib. Lakin sənədlərdə yenə çatışmazlıqların olduğu ortaya çıxıb”.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, İ. Məmmədov təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır.
MSK katibi Mikayıl Rəhimov deyib ki, namizəd olmaq istəyən şəxsin yaşadığı şərait nəzərə alınaraq, sənədləri 23 avqustdan təqdim olunmuş kimi qəbul etməklə, məsələyə yenidən baxa bilinər.
MSK sədri Məzahir Pənahov deyib ki, İ. Məmmədovun istisna şəraitdə olduğu məlumdur: "Bu baxımdan indiki vəziyyətdə onun namizədliyini təsdiq edə bilmərik. Sənədləşmə məsələsi texniki problemdir. İstintaq təcridxanası deyir ki, MSK-ya sənəd göndərməyib”.
MSK üzvü Akif Qurbanov bildirib ki, İ. Məmmədovun sənədləri anonim deyil: "Avqustun 10-da müvafiq sənədlərin MSK-ya göndərilməsi ilə bağlı istintaq orqanına məktub göndərilib, səlahiyyətli nümayəndə də notarial qaydada təsdiq olunmuş sənədləri avqustun 23-də yenidən MSK-ya təqdim edib”.
O, İ. Məmmədovun namizədliyinin təsdiq olunmasını istəyib.
N. Məmmədov yenidən məsələyə münasibət bildirərək, deyib ki, istintaq təcridxanasından çıxan sənədlər adıçəkilən qurum tərəfindən təsdiq olunmalıdır: "Təcridxanada saxlanan şəxsin adından hansısa quruma ünvanlanan sənədlərin çıxması üçün saxlanılan müəssisənin məlumatı olmalıdır. Bu onun iradəsinin müəyyən olunması ilə bağlıdır. Biz xoş məramımızı ortaya qoymuşuq. İstəyirik ki, İlqar Məmmədovun təcridxanada olmasını nəzərə alaraq, onun seçkilərdə iştirakı üçün mümkün şərait yaradaq. Hesab edirəm ki, namizədin vəziyyətini nəzər alaraq, sorğulara cavab gələnə qədər müddəti uzadaq. Kifayət qədər də vaxt var”.
M. Pənahov isə bildirib ki, İ. Məmmədovun namizədliyinin təsdiq olunmaması üçün hazırda kifayət qədər əsas var: "Lakin biz bunu istəmirik”.
14:52:00
MSK İlqar Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına dair qərar qəbul edib. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in verdiyi xəbərə görə, iclasda İlyas İsmayılovun Ədalət Partiyası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilib.
MSK-nın bu gün keçirilən iclasında həmçinin Namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib. Toplantıda Ədalət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, indiyə qədər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 18-ə çatıb. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədovdur, Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovdur.
15 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.