Prezident Saatlı rayonunda yeni tiklilərin açılızını edib (Yenilənib)

img

27-10-2012 [08:04]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) bu gün ölkəmizin həyatının hər bir sahəsinin inkişafında yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir, bununla da onun fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Partiyanın ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətdə rayon təşkilatlarının rolu danılmazdır. Bu gün respublikamızın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları da müasirliyi ilə seçilir və burada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır. Bildirilib ki, YAP Saatlı rayon təşkilatının inzibati binası orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də şəhərin gözəlliyinə əlavə çalarlar qatır. Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda inşa edilən binanın tikintisinə bu ilin mayında başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Prezident İlham Əliyevin partiyanın tədbirləri və rayona səfərləri zamanı çəkilən fotolar da böyük maraq doğurur. Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı var. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb. Buradakı inzibati otaqlar müasir səviyyədə qurulub, lazımi avadanlıqla təchiz edilib. Binanın ətrafında da geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Azərbaycan prezidenti yaradılmış şəraitdən razılığını bildirib. *** Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Onlardan biri ikimərtəbəli, ikisi isə üçmərtəbəlidir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün xəstəxananın ərazisində 330 kilovoltluq generator qoyulmuşdur. Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, 9,3 min kvadratmetr sahəyə asfalt salınmış, 5 min kvadratmetr sahədə yaşıllıq zolaqları yaradılmışdır. Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım şöbələri, laboratoriyalar, uşaq və böyüklər üçün infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır. Digər palatalar da yüksək səviyyədə yaradılmışdır. Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır. Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Xəstəxananın həkimi Adelina Ələkbərova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak etmişdir. Məlumat verildi ki, ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunmuşdur. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulmuşdur. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Diqqətə çatdırıldı ki, yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur. Muzeyin etnoqrafiya bölməsi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer almışdır. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılmışdır. Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasına baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer almışdır. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır. Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. *** Bu gün Azərbaycan prezidenti İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlət başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, hazırda ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan Şahmat Məktəbidir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb. Bildirilib ki, Şahmat Məktəbi Azərbaycan Prezidentinin 2011-ci il 11 may tarixli Sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunub. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan Şahmat Məktəbinin tikintisinə ötən ilin sentyabrında başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 521 kvadratmetrdir. Binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, direktor otağı, konfrans zalı, qarderob yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı var. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür. Şahmat Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən prezident İlham Əliyev tapşırıqlarını verib. *** Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Diqqətə çatdırıldı ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı? indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. Məlumat verildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli yaşayış binasının yerində inşa edilmişdir. Mərkəzin ikimərtəbəli binasının tikintisinə 2011-ci ildə başlanılmışdır. Ümumi sahəsi 2,5 min kvadratmetr olan Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. Binanın birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait mövcuddur. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunmuşdur. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq və daha dəqiq olmaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılmışdır. Xüsusi kompyuter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcəkdir. Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılmışdır. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulmuşdur. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcəkdir. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait vardır. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılmışdır. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaqdır. Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA