"Qocalma tendensiyası Azərbaycan elmini uçuruma aparır. Yeniləzmə lazımi səviyyədə olmadığına görə artıq enmə prosesi gedir, tarazlıq da enmənin tər&#

img

24-10-2010 [04:47]


AMEA Rəyasət Heyətinin 29 sentyabr 2010-cu il tarixdəki iclasında elmi müəssisə və təşkilatlarda doktoranturaların yaradılması və gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları müzakirə olundu. Müzakirələr zamanı mövcud kadr potensialını, fundamental tədqiqatların səviyyəsini, maddi-texniki bazasını və digər nailiyyətlərini nəzərə alaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturaların yaradılması, AMEA-nın doktoranturası olmayan, lakin müxtəlif ixtisaslar üzrə kadr hazırlanmasına ehtiyacı olan elmi müəssisə və təşkilatların kadr hazırlığını məqsədli yolla həyata keçirməsi haqqında AMEA Rəyasət Heyəti qərar qəbul edib. Bu müzakirələr nəticəsində qəbul olunan qərarda diqqətçəkən məqamlardan biri də Azərbaycanda mikrobiologiya ilə bağlı elmlər doktorlarının sayının azlığı idi. Müsahibə verən Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Pənah Muradov bu və ya digər məsələlərə aydınlıq gətirir. [b]- Pənah müəllim, bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə doktoranturaya ikipilləli qəbul keçiriləcək. Bu sahədə Sizin institutda vəziyyət necədir? Gənclərin bu sahəyə marağı nə dərəcədədir? [/b] - Mən deməzdim ki, axın var, yaxud bizim elə də böyük seçim imkanımız var. Gənclərin elmə gəlişində problemlər mövcuddur, bunun da müxtəlif səbəbləri var. Hesab edirəm ki, bu problemləri ilk növbədə maddi məsələlərdə axtarmaq lazımdır. Çünki doktoranturaya daxil olub əyani təhsil alacaq şəxslərə verilən təqaüd həmin şəxsin normal işləməsi üçün kifayət etmir. Digər tərəfdən, müasir dövrdə cəmiyyətdə elmə olan neqativ münasibətlərin özü də gəncləri elmdən uzaqlaşdırır. Çünki elmi dərk edən, başa düşən, düşməyən elm haqqında elə iddialarda bulunur, hətta bəziləri ati-təbliğatla məşğuldurlar ki, elm lazım deyil, filan, bəsməkan. Bax, bu cür bayağı, deyərdim ki, yeri gəldi-gəlmədi, bu sahədə haqqı olmayan adamların bu istiqamətdə apardığı kampaniya da elmə marağı azaldır. [b]- Hətta bəziləri Elmlər Akademiyasının ləğv olunmasını da təklif edirdilər.[/b] - Bəli. Bilirsiniz, hansısa məsələ barədə danışanda, hansısa qurumun ləğv olunması barədə açıqlama verəndə, gərək nə dediyini dərk edəsən, ona haqqın çatsın. Üzərinə düşən məsuliyyəti dərk etməyən adam istənilən sözü deyə bilər. O adamlara sual vermək lazımdır ki, nəyə görə Elmlər Akademiyası bağlanmalıdır? Yaxşı, hansı cəmiyyətdə elmsiz inkişaf mümkündür? Təbii ki, mümkün deyil. Sadəcə, bu sualı əsaslandırsınlar, biz də gedək başqa sahədə çalışaq. [b]- Qeyd elədiniz ki, gənclərin elmə gəlişi zəifdir. Bu tendensiya təkcə Sizin institutda müşahidə olunur, yoxsa, ümumiyyətlə elmə maraq yoxdur? [/b] - Bu tendensiya ümumilikdə elmin bütün sahələrində var. Açığı, gənclərin elmə gəlməsi problemli məsələlərdəndir. Mən, ötən il Bakı Dövlət Universitetində Attestasiya Komissiyasının sədri idim. Çox savadlı gənclərimizin olduğunu gördüm. Təbii ki, çox məmuniyyətlə onları institutda görmək istəyərdik. Təəssüf ki, onların heç biri elm sahəsinə gəlmək istəmir. Belə bir vəziyyət isə elmin inkişafına, gəncləşməyə mənfi təsir göstərir. [b]- Verilən məlumatlara görə, AMEA budəfə Sizin instituta elmlər doktoru qəbul etməyə icazə verməyib, buna səbəb kimi institutunuzda elmlər doktorlarının sayının az olması göstərilib. Bu barədə nə deyə bilərsiniz? [/b] - Bu məsələ ilə bağlı konkret bir söhbət yoxdur. Akademiyanın Rəyasət Heyətində bu məsələ bir dəfə müzakirə olunub. Orda səhvən bizim institutda iki elmlər doktorunun işləməsini göstərmişdilər, amma bizdə beş nəfər elmlər doktoru var. Yəqin ki, texniki yanlışlığa görə belə bir məsələ ortaya çıxıb. Doktorantura haqqında yeni qanuna görə, institutlar sənəd hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. ?azirlər Kabineti də bu sənədlər əsasında qərar verir ki, hansı institut hansı ixtisas üzrə qəbul keçirə bilər. Belə bir sənəd hələ heç kimə verilməyib. Məsələn, mikrobiologiya, mikalogiya və biotexnologiya. Təəssüf ki, son dövrlərə qədər biotexnologiya Ali Attestasiya Komissiyasının ixtisas şifri siyahısında yoxdur. Biz təklif eləmişdik ki, əgər yoxdursa, bunu təşkil edib inkişaf etdirmək lazımdır. Nədənsə başlamaq lazımdır, bəlkə xaricdən mütəxəssislər dəvət edək və yaxud özümüz kadr hazırlamalıyıq. Əsaslandırmışıq ki, üç ixtisas- mikologiya, mikrobiologiya, biotexnologiya üzrə doktoranturaya qəbul keçirmək gücündəyik. Bunun üçün bizim həm maddi-texniki, həm də kadr potensialımız kifayət qədərdir. [b]- Son dövrlər həm bəzi rəsmi şəxslərin çıxışlarında, həm də Elmin İnkişafı Strategiyasında elmdə qocalma tendensiyasının olduğu özünü büruzə verir. Bu barədə də fikirlərinizi öyrənmək istərdik. [/b] - Bəli, mən də bu fikirlərlə razıyam. Əgər gənclər elm sahəsinə gəlmirsə, təbii olaraq qocalma prosesi gedəcək. Yəni, cavanlar az gəlir, yaxud gəlirlər, müəyyən dövrdə müdafiə edib gedirlər. Akademiyanın institutlarına qısamüddətli tranplin kimi baxırlar. Elmi dərəcə alandan sonra daha perspektivli yerlər axtarırlar. Belə olan şəraitdə də qocalma prosesi gedir. Onu da nəzərə çatdırım ki, elmdə qocalma tendensiyası inkişafa təkan verəcək hal ola bilməz. Bir müddətdən sonra uçurum yaranır. Yaşlı nəsil, elmdə sözünü demiş insanlar artıq pik nöqtələrinə çatırlar, sonra təbii olaraq, onlarda enmələr müşahidə olunur. Arxadan gəlməlidir ki, daim yeniləşmə baş versin, səviyyəni qoruyub saxlamaq mümkün olsun. Yeniləşmə lazımi səviyyədə olmadığına görə, artıq enmə prosesi gedir. Tarazlıq da enmənin tərəfinə yönəlir. Ona görə də elmdə geriləmə olur. Bir sözlə, qocalma tendensiyası Azərbaycan elmini uçuruma aparır. Digər tərəfdən, qocaman elm adamları oturub məsləhət verməklə, yol göstərməklə məşğul olmalıdırlar. Amma indi vəziyyət elədir ki, bütün yük onların çiyninə düşür. Axı, hər bir çiynin də müəyyən yükə tab gətirəcək həddi var. [b]- Bu məsələdə Sizin institutda vəziyyət necədir? [/b] - Akademiya sistemində olan digər elm müəssisələrindən fərqli vəziyyətimiz yoxdur. Az da olsa, gəncləri cəlb edə bilirik. Kadr məsələlərində elə də ciddi kasadlığımız yoxdur. Gənclər də, yaşlılar da var, yəni, qeyd etdiyim tarazlıq məsələsi axıcıdır, tarazlığı saxlaya bilirik. Ancaq bunun öhdəsindən çox çətinliklə gəlirik. Son dövrlər aspiranturaya gələnlərin əksəriyyəti qadın olduğundan, onlar da ailə qurandan sonra elmdən uzaqlaşdıqlarına görə, problem yaranır. Oğlanların akademiyanın institutlarına gəlişi isə sensasiya olur. Bu mənada çalışırıq ki, nə əldə etmişiksə, nə varsa, onu qoruyub saxlayaq, inkşaf etdirə bilməsək də, səviyyəni aşağı enməyə qomayaq. [b]- Dövlət səviyyəsində elm sahəsindəki problemlərin həlli üçün müəyyən addımlar atılır, gəncləri təşviq etmək üçün müxtəlif tədbirlər həyata keçirilir, amma qeyd etdiyiniz kimi, hələ də problemlər var. Siz nə təklif edirsiniz, vəziyyətin daha da yaxşılaşması üçün hansı addımlar atılmalıdır? [/b] - Mən desəm ki, elm müəssisələrində maaşlar yüksəldilsə, elm tam inkişaf edəcək, düz olmaz. Yəni, Azərbaycanda elmin inkişafı üçün köklü islahat lazımdır. Bu islahatın mahiyyəti nədən ibarət olmalıdır? Birinci, cəmiyyətdə elmin yeri müəyyənləşməlidir. Təəssüf ki, hələ bizim cəmiyyətdə müəyyənləşməyib ki, elmin yeri hardadır. [b]- Üstəlik, elm adamının obrazı elə də müsbət qəbul olunmur... [/b] - Razıyam. Bəzən görürsən ki, elm adamlarına ironik yanaşma var. Baxışlar dəyişməlidir ki, elmsiz cəmiyyətin axırı yoxdur. Buna görə də elmin yeri müəyyənləşməli və müəyyənləşmiş yerə uyğun islahatlar getməlidir. Elmin inkişafı ilə bağlı islahatlar dövlətin iqtisadi modelində öz yerini tapmalıdır. Bu gün elm də var, istehsalat da. Gəlin görək, elmlə istehsalatın əlaqəsi hansı səviyyədədir, çox zəifdir. Çünki hələ hansısa müəssisə müraciət edib hər hansı məsələnin elmi həllini istəmir. Hərə öz işindədir. Bu istiqamətdəki işlər sistem halında, harmoniya təşkil edəcək formaya gəlməyincə, elmin inkişafından danışmaq olmaz. Doğrudur, elm sahəsində maaş azdır, amma maaşları dəfələrlə artırmaqla da, nəyəsə nail olmaq mümkün deyil. Elmə qoyulan vəsaiti artırmaq lazımdır. Prioritet sisitemlər müəyyənləşməlidir, Azərbaycana hansı elm sahəsi vacibdir, o müəyyən edilməlidir. Onlara müvafiq də mərkəzlər yaradılmalıdır. O mərkəzlərin texniki təhcizat bazası lazımi səviyyədə olmalıdır ki, işi apara bilək. Son vaxtlar bəzi alimlərimiz xaricə gedirlər, hamısı da yüksək səviyyəli nəticələrlə qayıdır. Deməli, bizim potensialımız var, onu doğru yönləndirmək, təşkilatlandırmaq lazımdır. Ağlı, savadı, qabiliyyəti olan kifayət qədər insanlarımız var. Sadəcə, onlara lazımi şərait yaradılmalıdır. Bax, bu istiqamətdə işlər görülsə, onda elmə gənclər də gələr, elm inkişaf da edər. Yəni, bir-birini əvəz edəcək nəsillər olar. Bu gün isə bir-birini əvəz edəcək nəsil yoxdur. [b]- Dövlət rəsmiləri deyir ki, kifayət qədər pul ayrıldı, lazımi addımlar atılır, nəticə isə ortada yoxdur... [/b] - Bunun üçün elementar müqayisə aparmaq lazımdır. Tutalım, Azərbaycan büdcəsinin neçə faizi elmə ayrılır və baxmaq lazımdır ki, Azərbaycan səviyyəsində olan digər ölkələrdə bu faiz necədir. Bu müqayisələrdən sonra demək olar ki, deyilənlər nə dərəcədə həqiqətəuyğundur. [b]- Elmə maliyyənin qoyulması missiyasını həyata keçirən qurumlardan biri də Elmin İnkişafı Fondudur. Bu fondun fəaliyyətini necə qiymətləndirirsiniz? Elmi layihələrə ayrılan qran vəsaitlərinin effektiv nəticələri olacaqmı? [/b] - Elmin İkişafı Fondunun yaradılmasını dünya praktikasına nəzər yetirsək, irəliyə atılmış addım kimi qiymətləndirmək olar. Bəli, qrant proqramı elan olunub. Bizim institut da layihə təqdim edib. Bu, müsbət haldır. Düzdür, orda bizi qane etməyən müəyyən məsələlər də var. Görünür, birinci dəfə olduğu üçün belədir, zaman-zaman bu məsələlər də təkmilləşəcək. Amma bu, ayrıca götürülmüş bir ölkədə sosializm qurmağa bənzəməməlidir. Hər şey bir-birini tamamlayacaq şəkildə ortaya qoyulmalıdır. Bizdə qarışıq qrant proqramları var, yarısını xarici dövlətlər verir, yarısını Azərbaycan dövləti. Çox təəssüf ki, xarici dövlətlər o pulu verir, amma Azərbaycan tərəfindən o pulu hələ də ala bilmirik. Məsələn, 100 min dollarlıq bir laYihə var, onun 50 min dolları xarici ölkə tərəfindən verilib, amma qalanını hələ də ala bilmirik. Düzdür, deyirlər ki, dövlət pul ayırır, ancaq necə ayırır, bunu özünüz aydınlaşdırın. [b]- Pənah müəllim, qeyd etdiyiniz nöqsanları, görülən işləri və digər tədbirləri nəzərə alaraq, Azərbaycan elminin perspektivini necə görürsünüz? [/b] - Azərbaycan elmi potensiala malik olan ölkədir. Bütün sahələrdə ağıllı, savadlı, qabiliyyətli insanlarımız var. Düşünürəm ki, çətinliklər müəyyən bir zamandan sonra istər-istəməz aradan qalxacaq. Çünki elə məsələlər var ki, zamanla gəlir, zamanla da həll olunur. Potensial varsa, müəyyən müddətdən sonra özünə yol tapıb çıxacaq. Yaxşı olar ki, bu potensial Azərbaycan şəraitində üzə çıxsın. Düşünürəm ki, nə vaxtsa, elm bizim də cəmiyyətdə öz layiq olduğu yeri tutacaq. [b]Z.ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA