20-11-2016 [18:08]
Vidadi Rzayev Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardandır. Oynadığı dövrdə həm formasını geyindiyi klublarda, həm də milli komandada aparıcı sima olub.
Tək oyunu ilə yox, həm də xarakteri ilə hər kəsin rəğbətini qazanıb. Jurnalistlərlə ünsyyəti də hər zaman əla olub. Hətta karyerası üçün təhlükə yarandığı vaxtda belə, jurnalisti zərbə altında qoymayıb. Möhtəşəm oyunlarının sayı hesabı yoxdu. Bir sözlə, əsl tarixdi. Biz də bu canlı tarixi vərəqləmək qərarına gəldik. Vidadi Rzayevlə söhbətimizi iki hissəyə böldük: klub və milli karyerası. Çünki Rzayevin həm klubda, həm də millidə kifayət qədər zəngin karyerası olub. Bunları bir yazıya sığdırmaq mümkün deyil. İlk olaraq isə, "Vidoş"un klub karyerasını vərəqləməyə qərar verdik. SSRİ dönəmindən vurduq, "Olimpik"dən çıxdıq. Söhbətimiz kifayət qədər maraqlı alındı və kifayət qədər maraqlı məqamlar ortaya çıxdı. Hansı ki, Rzayev bunları ilk dəfə mətbuata açıqlayır. Bir sözlə, müsahibəni oxumağınız məsləhətdir.
- Vidadi, peşəkar futbolda ilk oyununu xatırlayırsan?
- Hə, 1985-ci ildə olub. O vaxt "Kəpəz"in heyətində SSRİ çempionatının 9-cu zonasının oyununa çıxdım. Rəqib də Samtrediyanın "Lokomotiv" komandası idi. Start heyətində idim. Bir qol da vurdum. Səhv etmirəmsə, ya 6:0, ya da 6:1 hesabı ilə qalib gəlmişdik.
- SSRİ dönəmində "Neftçi"də də forma geyinmisən. Bu komandaya necə dəvət aldın?
- Məni "Neftçi"yə rəhmətlik Ruslan Abdullayev dəvət etmişdi. O vaxt komandası ilə Gəncəyə "Kəpəz"lə oyuna gəlmişdi. 1985-ci ildə. Mənim oyunumu gördü, bəyəndi və "Neftçi"yə dəvət etdi. 1986-cı ilin yanvarından "Neftçi"də oynamağa başladım. Özü də ilk dəfədən əsas komandaya cəlb olundum.
- "Neftçi"dəki ilk oyunun kimə qarşı oldu?
- Bakıda "Kayrat"a qarşı. Həmin oyunda 0:1 hesabı ilə məğlub olmuşduq. Ümumiyyətlə, "Neftçi"də 1991-ci ilə qədər oynadım. SSRİ çempionatının güclülər dəstəsində qol vura bilməsəm də, I dəstədə fərqlənə bildim. 1991-ci ildə Rusiyaya yollandım. Qroznının "Terek" komandasından dəvət aldım və orada oynamağa başladım. Sonra qayıdıb bir müddət yenidən "Kəpəz"də çıxış etdim. Sonra yenə Qroznıya yollandım. 1992-ci ildə isə "Turan"a keçdim.
- Ən yaddaqalan oyunun hansı olub?
- "Neftçi"də oynayanda, 2004-cü ildə Çempionlar Liqasında "Şiroki Briyeq"i keçdiyimiz oyunu qeyd edərdim. Həmin vaxt yaşlı futbolçulardan komandada, demək olar ki, 2-3 nəfər qalmışdıq. Mən, Qurban Qurbanov, Mahmud Qurbanov, Hüseyn Məhəmmdov. Qalanları cavan uşaqlar idi. Bununla belə, "Şiroki Briyeq" səddini keçə bildik. Amma növbəti mərhələdə Moskva MOİK-nə uduzduq. Bakıda 0:0 oynadıq, Moskvada 0:2 uduzduq.
- MOİK səddini keçməyə nə mane olmuşdu?
- Onlara səfərdə qalib gələ bilərdik. Real qol imkanımız da var idi. Hesab 0:0 olarkən Mahmud Qurbanov qol vura bilərdi. İkinci hissədə onlardan Vaqner Lav - Braziliya millisinə də çağırılırdı, çox yaxşı futbolçu idi - hesabı o açdı. Bu qoldan sonra uşaqlar bir qədər sındılar və ikinci qolu da buraxdıq. Həmin mərhələni keçsəydik, "Reyncers"lə oynayacaqdıq.
- Yəqin ki, 1996-cı ildə UEFA kuboku çərçivəsində "Neftçi"nin heyətində Bolqarıstan "Lokomotiv"i ilə oyunları xatırlayırsan...
- Yaxşı yadımdadır. Bakıda onları məğlub etmişdik. Hesabda 0:1 geridə idik. İkinci hissədə əvvəldə mən hesabı bərabərləşdirdim, sonuncu dəqiqədə isə Yaşar Vahabzadə qələbə qolunu vurmuşdu.
- Hesabı bərabərləşdirdiyin epizod necə, yadındadır?
- Top mənə düşdü və bir futbolçunu keçdikdən sonra qapıçının bir qədər irəlidə olduğunu gördüm. Buna görə də aşırma zərbə ilə topu uzaq küncə göndərdim və düşündüyüm kimi də alındı. Hesab bərabərləşdi.
- Amma Bolqarıstandakı cavab matçında biabırçı hesabla uduzdunuz. 0:6-ya nə səbəb oldu?
- Birmənalı şəkildə hakim. Həmin oyuna elə bir hakim təyin etmişdilər ki, artıq karyerasını qurtarmaq üzrəydi. Açıq-aşkar qərəzli idi. 1-ci dəqiqədə Rasim Abışova qırmızı vərəqə göstərdi. Hansı ki, orada qırmızı vərəqədən söhbət belə gedə bilməzdi. Birinci dəqiqədə qırmızı vərəqə alan komanda hansı oyunu ortaya qoysun?
- Karyeranızda çox məşqçi ilə işləmisiniz. Hansını xüsusi qeyd edərdiniz?
- Fərq qoymazdım. Hamısı güclü məşqçilər olub. Rəhmətlik Ruslan Abdullayev, Ağasəlim Mircavadov, Kazbek Tuayev və sair.
- Deyilənə görə, Ruslan Abdullayevin fiziki məşqləri çox ağır olurdu...
- Sovet məktəbi keçmiş bütün məşqçilər fiziki yükü çox verirdilər. Bu mənada təkcə Ruslan Abdullayevi fərqləndirməzdim. O vaxt SSRİ çempionatında mövsüm boyu 36-40 oyun keçirirdin. Bu qədər oyuna tab gətirmək üçün fiziki hazırlıq da yüksək səviyyədə olmalı idi.
- İqor Ponomaryovla aranız indi necədir?
- Normal.
- 2001-ci ildə aranızda yaşanan qalmaqal unudulub?
- Olan oldu, keçən keçdi. Sadəcə, Ponomaryov o vaxt mətbuata mənim haqqımda düzgün olmayan açıqlama vermişdi. O açıqlamanı verməli deyildi. Mən də ona görə cavabını verməli olmuşdum. Amma sonradan münasibətlər normallaşdı. Mərhum prezidentimiz Heydər Əliyevin doğum günü şərəfinə Azərbaycanın futbol vetetanları ilə dünyanın futbol veteranlarının yoldaşlıq görüşünə Ponomaryov da gəlmişdi. Görüşdük, hal-əhval tutduq.
- Səhv etmirəmsə, o vaxt Ponomaryov haqqında mətbuata açıqlamanızdan sonra şərəfini qoruduğunuz "Şəmkir" klubu sizin adınızdan təkzib verərək həmin sözlərin jurnalist tərəfindən təhrif olunduğunu demiş, siz isə jurnalistin tərəfini tutaraq onu dəstəkləmişdiniz...
- Bəli. Çünki jurnalist olanı yazmışdı. Necə ola bilər ki, mən başqa söz deyim, jurnalist başqa şey yazsın? Ona görə demişdim ki, jurnalistin günahı yoxdur, nə demişəm, onu da yazıb. Amma həmin açıqlamama görə, səhv etmirəmsə, AFFA o vaxt mənə 2 oyunluq cəza vermişdi.
- Futbol oynadığınız zaman yaman söyüşcül idiniz. Hakimlərə demədiyiniz söz qalmırdı...
- İndi də futbolda belə şeylər olur, adam əsəblərini cilovlaya bilmir. Özü də mən uduzmağı heç sevmirəm. Bu gün 49 yaşım var, arada dostlarla yığışıb oynayırıq. Uduzanda yenə çox pis oluram. Hakimlərimizin də çoxunun xətrini çox istəyirəm. Vüsal Əliyev, Tahir Süleymanov, Fariz Yusifov... Yəqin ki, onlar da mənim xətrimi çox istəyərlər. Sadəcə, dediyim kimi, uduzmağı sevmədiyimdən belə hallar yaşanırdı. Bəzən hakim də səhv qərar verəndə adam özündən çıxırdı. Amma deyim ki, sarı vərəqələrim olsa da, qırmızı vərəqə almamışam.
- Bəlkə, hakimlər qorxurdular?..
- Yox, mən əjdaha futbolçu olmamışam ki, məndən qorxsunlar. Sadəcə, qırmızı vərəqə almaq həddində hərəkət etməmişəm. Bir də görünür, yaxşı futbolçu olmuşam deyə, hakimlər də bəzi epizodlarda güzəşt ediblər (gülür).
- Heç elə epizod da olmayıb ki, qırmızılıq olsun, amma hakim bağışlasın?
- Olub. "Turan"da oynayırdım. Oyunların birində rəqib futbolçu yerdə qaldı və mən də əsəbləşib onu vurdum. Qırmızı yox e, bəlkə də qara vərəqə düşürdü (gülür). Hakim gəldi ki, sarı vərəqə verə. Elə sarını görən kimi qayıtdım ki, "sən öl, o sarı cibindən çıxsa, alıb sənin..." (gülür). İnanırsan, hakim sarı da göstərmədi. Həmin oyunu 2:0 udmuşduq.
- Hakim kim idi?
- Onu deməyəcəm (gülür).
- Yaxşı, bəs hansı oyunda idi?
- Oyunu desəm, hakimi də biləcəksiniz. İllər sonra məni işə salmayın.
- Şübhəsiz ki, oynadığın dönəmdə oyun alqı-satqıları da olub. Heç bu cür söhbətlərin şahidi, iştirakçısı olmusunuz?
- Bilirsiniz, oyun satan komandalar adətən zəif komandalar olur. Mən isə daim iddialı klublarda oynamışam, kimə oyun satacam ki?
- Niyə ki, iddialı klublar da bəzən zəiflərdən oyun alır...
- Bu sualı klub rəhbərlərinə versəniz, daha yaxşı olar. Çünki belə şeyləri onlar daha yaxşı bilərlər. Mən futbolçuyam, çıxıb oynayıram.
- Bəs sizə oyun satmaq təklif olunub?
- Dəfələrlə. Deyirdilər ki, al, bu pulu qoy cibinə, heç oynama e, dayan kənarda. Nə bilim, özünü vur xəstəliyə-filan, oyuna çıxma, özümüz həll edəcəyik. Bu cür təkliflər 2004-cü ilə qədər olan dönəmdə də olub, ondan sonra da. Amma heç vaxt bu cür təklifləri qəbul etməmişəm. Nəinki qəbul etməmişəm, üstəlik tez gedib baş məşqçiyə, rəhbərliyə demişəm ki, ehtiyatlı olun, mənə oyun satmaq təklif olunub. Demək ki, bunlar başqa yollara da əl atacaqlar. Belə baxanda özümü riskə atmış olurdum. Çünki həmin oyunu uduzsaydıq, deyə bilərdilər ki, elə yəqin, özün danışıb oyunu vermisən.
- Təklif olunan məbləğ yüksək idi?
- Bircə söz deyəcəm ki, əgər həmin məbləği alsaydım, özümə elə həyat qurardım ki, indinin özündə də heç nəyə ehtiyacım olmazdı. Ev, maşın, villa, bir sözlə, hər şeyim olardı. Heç gəlib kənddə bu vəziyyətdə də yaşamazdım. Amma mən heç vaxt o cür oyunlara getmədim. Təsəvvür edin, bir dəfə gördülər ki, oyunu satmıram, gətirib qəhvənin içinə yuxu dərmanı atmışdılar. Mən də bilmədən içmişəm. Meydanda yuxulayırdım. Oyunun fasiləsində soyunub-geyinmə otağına gəlmişdik. Hamamda başımı qoyub yatmışdım. Oyadıb ikinci hissəyə çıxarmışdılar. Elə futbolçu olub ki, ümumiyyətlə, yatıb yuxuya qalıb, heç oyuna da çıxmayıb. Güman ki, rəqib düşərgədən öyrədilmiş adam bizim otağa keçib 4-5 aparıcı futbolçunun çayına, qəhvəsinə yuxu dərmanı atmışdı.
- Hansı komandaya qarşı olub. Yenə deməyəcəksən?
- Ehtiyac yoxdur. Əsas odur ki, nələrin olduğunu dedim.
- O vaxt "Neftçi" Moskva MOİK-i ilə oynayanda Rusiya mətbuatı sənin haqqında yazmışdı ki, bu Vidadi Rzayev SSRİ dönəmində "Neftçi"də oynamış Vidadi Rzayevin oğludur. Bu xəbərlərə münasibətin necə olmuşdu?
- Doğrudan da, o vaxt ruslar belə yazmışdılar. Sonradan öyrəndilər ki, mən elə həmin Vidadiyəm. MOİK-lə oyunda rəqibin baş məşqçisi Valeri Qazzayev idi. Hansı ki, ona qarşı SSRİ çempionatında oynamışam. Qapıçılarla işləyən məşqçiləri Viktor Çanovla da "Neftçi"də çiyin-çiyinə oynamışam. Təsəvvür elə, Bakıdakı oyunda məni meydanda görəndə şoka düşdülər. Qazzayev hətta söyüş söyüb dedi ki, sən hələ futbol oynayırsan? Hətta demişdi ki, sən cavan futbolçulardan daha yaxşı qaçırsan.
- Zarafat deyil, 41 yaşına kimi futbol oynadın. Bir az da uzada bilərdin?
- Sizə bir hadisə danışım. Deməli, futbolla qurtarmışdım və "Karvan"da məşqçi işləyirdim. Türkiyədə təlim-məşq toplanışı zamanı uşaqlar xahiş elədi ki, 20 dəqiqə onlarla futbol oynayım. Özü də əməlli-başlı yoxlama görüşü idi. Mən də 20 dəqiqə oynadım. Necə oynadımsa, oyundan sonra tutdular yaxamdan ki, gəl, səni də sifariş edək, 1 il də oyna (gülür). Təsəvvür elə, rəhbərlik də bunu istəyirdi. Türkiyənin tanınmış klubu ilə oynamışdıq. Oyundan sonra çəkilib qıraqda oturmuşam. Siqaret çəkirəm. Biri bunu gördü. Gedib bizim rəhbərlyə dedi ki, sizin futbolçu siqaret çəkir. Dedim, a kişi, nə futbolçu, mən məşqçiyəm e. Hə, bax o vaxt məni zorla təzədən futbola qaytarmaq istəyirdilər. Güclə yaxamı qurtardım.
Qol.az
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər