Müəllimlər, jurnalistlər və ictimai fəallar üçün seminar keçirilib – VİDEO

img

28-07-2016 [17:12]


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) müəllimlər, jurnalistlər və ictimai fəallar üçün seminar keçirib. "Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində keçirilən tədbirə 18 nəfər dinləyici qatılıb.

Mia.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təlim mərkəzində gerçəkləşdirilib.

CASCFEN sədri Azər Həsrət tədbirin açılışında çıxış edərək verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib.

Daha sonra söz layihənin eksperti, CASCFEN İdarə Heyətinin üzvü, "Kaspi” qəzetinin müxbiri Lalə Musaqızına verilib. O, onlayn mühitdə davranış qaydalarını, bu qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Bunun ardınca ayrı-ayrı örnəklərlə sosial şəbəkələrdə rast gəlinən hallar üzərində müzakirə açıb. İştirakçılar da öz növbəsində müzakirələrə qatılaraq məsələnin vacibliyinə diqqət çəkib.

Layihənin digər eksperti, CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər isə netiketin 10 qızıl qaydasını tək-tək izah edib. Ekspert onlayn mühitdə davranış zamanı bu qaydalara əməl ediləcəyi təqdirdə, münasibətlərin etik çərçivədə baş tutacağına diqqət çəkib.

Ümumilikdə çox fəal müzakirə və fikir mübadiləsi şəraitində keçən seminar iştirakçılar tərəfindən təqdir görüb. Təklif edilib ki, bu cür seminarlar ayrı-ayrı təşkilatlarda, təhsil müəssisələrində keçirilsin.

Sonda çıxış edən Azər Həsrət iştirakçılara fəallığa görə təşəkkür etməklə bərabər onlayn ifadə azadlığından sui-istifadənin doğurduğu məsuliyyət haqqında da danışıb.

Bundan sonra iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA