Milli Məclisdə büdcə layihəsinin müzakirəsi davam edir (yenilənib)

img

10-11-2009 [12:46]


Milli Məclisinin plenar iclasında ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsinin müzakirəsi başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk çıxış edən spiker Oqtay Əsədov büdcə layihəsinin müzakirəsinin başlandığı barədə məlumat verib. O.Əsədov 2010-cu ilin büdcəsinin sosial yönümlü, investisiya tutumlu, müdafiə xarakterli olduğunu bildirib. O, Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 6%-dən artıq, bunun MDB məkanında ən yüksək göstərici olduğunu qeyd edib. Azərbaycanda istehsalın 85%-nin özəl sektorun payına düşdüyünü bildirən O.Əsədov deyib ki, gələn ilin büdcəsi böhran nəzərə alınmaqla, reallıqlara uyğun tərtib olunub. Hazırda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə büdcə layihəsi ilə bağlı çıxış edir. Qeyd edək ki, hazırda hökumət rəsmilərindən baş nazir Artur Rəsizadə, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov, ədliyyə naziri Fikrət Məmmədov, təhsil naziri Misir Mərdanov və digərləri Milli Məclisdədirlər. İclasda danışan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova büdcə layihəsi tərtib olunarkən konservativ yanaşmalarla neftin bazar qiymətinin 45 dollar həcmində müəyyən edildiyini bildirib. Nazir müavini qeyd edib ki, 2010-cu ildə neft sektorunda 8,3%, qeyri-neft sektorunda isə 4,94% artım proqnozlaşdırılır. Gələn il Azərbaycanda 53 milyon ton neft, 27,2 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılmaqla sənayedə 7,8% artım gözlənir. 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard dollar proqnozlaşdırılır. Ticarət dövriyyəsində 7,7 milyard dollar müsbət saldo gözlənir. Gələn il tədiyyə balasında da müsbət saldo olacaq və bu, 1 milyard dollar təşkil edəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə çıxışında deyib ki, 2009-cu ildə Azərbaycan dünya maliyyə böhranına yüksək immunitent nümayiş etdirib, pul-kredit göstəricilərinin kəskin azalmasının qarşısı alınıb. Pul kütləsi birinci iki rübdə 12% artıb, iqtisadiyyata 1,4 milyard manatadək yardım verilib. E.Rüstəmov qeyd edib ki, böhran dövründə Mərkəzi Bank iri müəssisələrin xarici borclarının ödənməsinə yardım edib, hazırda isə özəl banklara yardım proqramı üzərində işləyir. Sədrin sözlərinə görə, böhrana qədər Azərbaycan bankları xaricdən 2,5 milyard ABŞ dolları vəsait cəlb edib. Bu vəsaitin 1,5 milyard dollarının geri qaytarılması təmin olunub. Tikinti şirkətlərinin fəaliyyətinin dəstəklənməsi üçün ipoteka kreditlərinin verilməsi bərpa olunub və bu günədək ümumi məbləği 61 milyon manat təşkil edən 1400 ipoteka krediti verilib. E.Rüstəmov böhran zamanı əksər ölkələrin milli valyutasının dərin devalivasiyaya uğradığını, manatın isə ABŞ dollarına nisbətən 0,3% ucuzlaşsa da, sabit qaldığını deyib: ?Bütövlükdə manatın dəyəri ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən 1% möhkəmlənib?. Mərkəzi Bank sədri onu da deyib ki, bu ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyard ABŞ dollarını keçəcək ki, bu da ölkənin idxalını 2 il ödəyə bilər. E.Rüstəmovun dediyinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 19 milyard dollar təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA