Müxalifət liderləri, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iqtidari QHT-lərin məhvinə aparan dəyizikliklərə getməməyə çağır&

img

18-06-2009 [03:30]


Bu gün ?Park İnn? otelində Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı ilə ictimai forum keçirilib. Qeyri-Hökumət Təşkilatları haqqında" Qanuna nəzərdə tutulan dəyişikliklərə həsr olunmuş forumda 250-dən artıq QHT nümayəndəsi, partiya liderləri, deputatlar, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri iştirak ediblər. Respublikaçı Alternativ İctimai Birliyinin həmtəsisçisi Erkin Qədirli forumda QHT qanununa təklif olunan əlavə və dəyişikliklərlə bağlı hüquqi rəylə çıxış edib. O bildirib ki, təkliflər insan haqlarının üç təməl prinsipinə - birləşmək, toplaşmaq və ifadə azadlıqlarına ziddir. E.Qədirli QHT-lərin mütləq qeydiyyatdan keçməsi tələbinin Azərbaycan Konstitusiyasına, İnsan Hüquqları və Əsas Azadlıqlara Dair Avropa Konvensiyasına və Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına zidd olduğunu deyib. Onun sözlərinə görə, qanunvericilik qeydiyyatdan keçib-keçməmək məsələsini birləşən insanların öhdəsinə buraxır. Hüquqşünas qeydiyyatdan keçməyən QHT-lərin 800-1000 manat cərimə olunması, vətəndaşlığı olmayanların inzibati qaydada ölkədən çıxarılması ilə bağlı təkliflərin də birləşmək azadlığına zidd olduğunu vurğulayıb. E.Qədirli təşkilatların qeydiyyatı ilə bağlı müddəada yer alan ?əhalini yanıldan adlar olarsa, müvafiq icra hakimiyyəti QHT-nin qeyə almaya bilər? bəndini şərh edərkən deyib ki, bu, çox yayğın və sui-istifadəyə səbəb olacaq təklifdir: ?Dövlət rəsmilərinin xoşlarına gəlməyən hansısa ada görə QHT-lərin qeydiyyatından imtina edilə bilər ki, bu da qanunvericiliyə ziddir?. E.Qədirli qeyd edib ki, layihə hüquq sisteminin təməl prinsiplərinə zidd olaraq yeni cəza növü müəyyənləşdirir: ?Layihədəki təklifə görə, hər hansı QHT-nin fəaliyyəti bu və ya digər səbəbdən ləğv olunursa, onun təsisçisinə 5 il müddətində yeni QHT yaratmaq qadağan edilir. Bu isə şəxsi məsuliyyət prinsipinə ziddir?. Hüquqşünas ümumrespublika QHT-si olmaq üçün ölkə ərazisinin üçdə birində filal yaratmaq şərtinin və vətəndaşlığı olmayan şəxslərin QHT təsis etməsinin qadağan olunmasının da birləşmək azadlığına zidd olduğunu söyləyib. Regional QHT olmaq üçün 3 inzibati ərazidə filialın olması şərtinə gəlincə, E.Qədirli deyib ki, Azərbaycan unitar dövlətdir və təklif olunan bu müddəa ərazi vahidliyinin tənzimlənməsi prinsipinə ziddir. Forumda çıxış edən Hüquq və İnkişaf ictimai Birliyinin sədri Hafiz Həsənov deyib ki, əgər QHT-lərin qeydiyyatı sərtləşdirilirsə, o zaman qeydiyyat şərtləri asanlaşdırılmalıydı: ?QHT-lərin qeydiyyata alınması üçün müvafiq icra hakimiyyətindən sorğuların alınması nəzərdə tutulur. Həmin icra hakimiyyəti orqanı MTN də ola bilər. Bu isə QHT-lərin qeydiyyata alınmamasına şərait yaradacaq?. H.Həsənov həmçinin qeyd edib ki, layihədə nəzərdə tutulan keçid müddəası qanunun geriyə şamil olunmasına şərait yaradır ki, bu da hüquqi baxımdan yolverilməzdir. Onun sözləriə görə, təklif edilən layihə QHT-lərin fəaliyyətinə mane olacaq, maddi imkanlarını azaldacaq, ciddi dövlət müdaxilələrinə şərait yaradacaq, vətəndaş cəmiyyəti təsisatlarının mövcudluğu şübhə altına düşəcək. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu QHT-lərin ölkənin sosial-iqtisadi həyatındakı rolu ilə bağlı məruzəsində statistik rəqəmlər açıqlayıb. O bildirib ki, 2006-cı ilin rəsmi rəqəmlərinə görə, ölkədə 2500 QHT qeydiyyatdan keçib, 500-ü qeydiyyatsız fəaliyyət göstərir: ?1500 təşkilat qeydə alındıqdan sonra fəaliyyətini dayandırıb. 375 təşkilat layihə həyata keçirib. Həyata keçirilən 1744 layihəyə 12 milyon 171 min 287 dollar ayrılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyədən sonra bu məbləğ 15 milyon dollara çatıb. 1.714.354 nəfər bu layihələrdən faydalanıb. QHT-lərdə çalışan könüllülərin ümumi sayı 222.820 nəfər olub?. İTM rəhbəri Nazirlər Kabinetindəki mənbələrə istinadən maraqlı bir rəqəmi də forum iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, 2008-ci ildə Azərbaycan hökuməti xaricdən humanitar yardım və qrantlar formasında 1,9 milyard dollar vəsait alıb, amma bu barədə heç bir açıqlama verməyib: ?Azərbaycan hökuməti bunu etdiyi halda QHT-ləri xaricdən maliyyələşməkdə və xaricilərin sifarişi ilə işləməkdə ittiham edir?. Q.İbadoğlu onu da diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər qəbul edilsə və xarici donorların fəaliyyəti məhdudlaşdırılsa, ayrılan bütün xarici yardımlar Ermənistan və Gürcüstana gedəcək. Sülh də Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus təklif edib ki, Avropa Şurası və Avropa Parlamentinə, həmçinin dünyanın aparıcı KİV-lərinə müraciətlər olunsun. L.Yunus həmçinin QHT-ləri hakimiyyətlə razılaşmaya getməməyə çağırıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, hamı nə baş verdiyini yaxşı bilir: ?Avtoritar, korrupsioner Əliyev rejimi azadlıqları məhdudlaşdırmaq istiqamətində növbəti addımlar atır. Bu addım müstəqil olmaq istəyənlərə yönəlib. Hakimiyyət müstəqil insanlardan qorxur və bu səbəbdən vətəndaş cəmiyyətini boğmaq istəyir. İsa Qəmbər forum iştirakçılarına birgə bəyanat verməyi təklif edib: ?Bəyanatda o fikir ifadə olunsun ki, dəyişikliklər qəbul olunarsa, forum iştirakçıları Xalq Cəbhəsi formasında birləşəcəklər?. Müsavat başqanı həmçinin qeydiyyatına problem yaradılması ehtimal olunan, çətinliklə üzləşən bütün QHT-lərə, xüsusilə gənclər təşkilatlarına qapılarının açıq olduğunu deyib: ?Qeydiyyatsız fəaliyyətə görə inzibati cəza ciddi məsələdir. Belarusda bu hədələrlə xeyli insan həbs olunub. Ona görə də mən problemlə üzləşən bütün QHT-ləri dəvət edirəm, buyurub, Müsavat Partiyasının qərargahında fəaliyyət göstərə bilərsiniz. Hakimiyyətə satılanlar da bu dəyişikliklərə etiraz etməlidirlər. Çünki azadlıq olanda satılan adamların bazarda qiyməti olur, azadlıq olmayanda onların da qiyməti olmur?. AXCP sədri Əli Kərimli isə hakimiyyətin təklif etdiyi dəyişikliklərin QHT-lərin məhvinə hesablandığını vurğulayıb: ?İstəyirlər hamı sıraya düzülüb hakimiyyətin tərəfinə keçsin, ya da qapılarını bağlayıb evlərində otursun?. Ə.Kərimli Azərbaycan hakimiyyətinin beynəlxalq ictimaiyyətə meydan oxuduğunu deyib və iqtidari repressiyalara son qoymağa, QHT-lərin məhvinə aparan dəyişikliklərə getməməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA