18-12-2015 [20:45]
Sumqayıtda xiyabanlarda (ikiyol arasında), səkilərdə, dövlət əhəmiyyətli tikililərin və yaşayış binalarının qarşısını kəsən, hətta az qala bitişik olan pərakəndə, tikinti qaydalarına uyğun olmayan, şəhərin estetikasına xələl gətirən, hətta bəzən sakinlərin həyatlarına təhlükə yara biləcək biznes obyektlər mövcuddur. Xeberle.com portalında bu biznes obyektləri, zəbt olunmuş xiyaban və səkilərlə bağlı dəfələrlə tənqidi xarakterli yazılar verilib. Nəzərə alsaq ki, bu obyektlərin əksəriyyəti ərazidəki yaşıllığın məhvi – ağcaların kəsilməsi hesabına başa gəlib, biznes maraqlarının, gəlir əldə etmək tamahının nə qədər yüksək olması aydın olur. Uzağa getməyək, portalımızda 2 il öncə hazırlanan "Sumqayıtı "tikə-tikə” gedirlər” başlıqlı reportajı o zaman müəyyən ajiotaj doğursa da, konkret bir təsiri - faydası olmadı. Amma görünür, bu tip obyektlərin də "sonu çatıb”...
Bildiyimiz kimi, bir neçə gün əvvəl şəhər icra hakimiyyəti tərəfindən Sumqayıtın Nəriman Nərimanov küçəsində "Nizami” kinoteatrının qarşısını kəsən vaxtilə nizamsız, qaydasız tikilən obyektlərin söküntüsünə başlanılıb. Kinoteatrın qarşısında olan "Qaramanlı" ayaqqabı mağazası, "Mübariz" Təmir Tikinti Şirkətinin binası artıq sökülüb və yol kənarında olan digər obyektlərin də söküləcəyi bildirilir. Məlumata görə yol genişləndiriləcək və ərazi abadlaşdırılacaq. "Nizami” kinoteatrı qarşısında vaxtilə tikilən bu obyeklərin qanunsuz tikilməsi bir yana, həm də təhlükəli olduğunu da vurğulamışdıq, çünki fövqəladə hallar zamanı, xüsusən baş verə biləcək yanğın faciəsində "Nizami” kinoteatrına hansısa bir yanğınsöndürən maşını yaxın düşə bilməyəcəkdi.
Qeyd etdiyimiz kimi, Sumqayıtın xiyabanlarında da qanunsuz şəkildə tikilən onlarla obyekt mövcuddur. Vaxtilə şəhərin küçə və meydanlarını geniş, park və xiyabanlarını səliqəli şəkildə salıblar. Sumqayıt bütün Azərbaycanda öz xiyabanları (iki yola arası) ilə məşhurdur. Çünki bu şəhərdə xiyabanlar piyadaların kütləvi hərəkəti istiqamətində, geniş küçələrdə yerləşdirilib. Sumqayıtlılar xiyabanları "alleyka” adlandırır. Təəssüf, xeyli müddətdir ki, Sumqayıtın bir sıra "alleyka”ları zəbt olunub. Xüsusən 5-ci mikrorayonla 45-ci məhəllənin arasında yerləşən və mərkəzi bazar istiqamətində uzanan xiyaban "xiyaban qiyafəsindən " çıxıb. Bir neçə il öncə burada "RespublikaBank”ın və Qafqaz İnkişaf Bankının filiallarının, "Daimoni” və Gül Dükanının, "Maşa və ayı” və sair geyim mağazalarının tikilməsi sakinlərin haqlı narazılığı ilə qarşılansa da, nəticə vermədi.
Üzeyir Hacıbəyov küçəsi boyunca xiyabanda isə, xüsusən Şərq bazarının yanında , daha çox tikinti materialları satılan dükanlar, həmçinin "Dünya” market, "Dünya” ticarət mərkəzi, dönərxana və ayaqqabı dükanı, küçənin lap başında isə "Yaşar” kafesi və növbəti paltar dükanı fəaliyyət göstərir.
Nəticədə bu küçə boyu, xüsusən Şərq bazarı dairəsində sıxlıq yaranır. Xiyabanın zəbt edilməsi, vaxtilə yaşıllığın məhv edilməsi isə öz yerində.
Sumqayıtda daha bir yöndəmsiz, tikinti qanunlarına uyğun olmayan formada inşa olunan obyekt Heydər Əliyev parkı ilə 5-ci mikrorayonun arasında, yolun ortasında tikilən – "Azpetrol” yanacaqdoldurma məntəqəsidir. Obyekt elə tikilib ki, o, yolu keçmək istəyən piyadalara böyük maneə törədir: sakinlər yanacaqdoldurma məntəqəsinin ortasından, hər iki tərəfdən yanacaq üçün növbəyə düzülən avtomobillərin arası ilə hərəkət etmək məcburiyyətindədirlər. Bu ərazidə dəfələrlə insan həyatı üçün təhlükələr yaranıb, amma nə fayda, obyekt hələ də fəaliyyət göstərir. İçində yanacaq anbarı da olan bu məntəqənin ətraf yaşayış binalarına, oradan hərəkət edən piyadalarla bağlı partlayış təhlükəsi isə ayrı bir söhbətin mövzusudur.
Sumqayıtda səki üzərində tikilən obyektlər də ürək dağlayır. 9-cu mikrorayonda SDU-nun yanında, 36-cı məhəllədə Nəriman Nərimanov mədəniyyət evinin yanında tikilən hündür obyektlər isə insanların yolunu kəsməkdən də artıq məna daşıyır.
İsmət Qayıbov küçəsini: 17-ci və 10-cu mikrorayonların aşağı hissəsini çəkinmədən "şadlıq evləri küçəsi” adlandırmaq olar. Burada yol kənarı boyunca, bəziləri az qala səkinin üstündə tikilməklə 10-dan artıq şadlıq sarayı var. 17-ci mikrorayonda "Qubadlı”, "Dan ulduzu”, "Xarı bülbül”, "Gold palace” və sair kimi böyük şadlıq evləri Məhərrəmlik və Ramazan aylarını çıxmaq şərtilə axşam saatlarında əsas yolla hərəkət edən avtomobillərə ciddi çətinliklər – sıxlıq yaradır. Burada heç bir obyektin yeraltı dayanacağı yoxdur. Xeyir işə gələn qonaqlar avtomobillərini küçə boyunca bəzən 2-3 cərgə park etməyə məcbur olurlar. Burada pik saatlarında mövcud olan qələbəlik oradan ötüb keçən piyadalara da böyük narahatlıq yaradır.
10-cu mikrorayon ərazisində "Green House”, "Xəlifə” şadlıq evləri avtomobil yoluna çox yaxın yerləşdiyindən, xüsusən pik saatlarda burada nəqliyyatın hərəkətində sıxlıq yaranır. Belə ki, bu obyektin də yeraltı dayanacaqları yoxdur.
Belə şadlıq evləri şəhərin bir neçə nöqtəsində var. Daha bir misal kimi "47-ci məhəllənin yuxarı hissəsində tikilən və avtomobil yolu ilə bir neçə metr məsafəsi olan "Ülvi” şadlıq evini göstərmək olar.
Sumqayıtda düz yolun kənarında tikilən nəhəng marketlər də küçə boyu ciddi nəqliyyat sıxlığı yaradır. Onlardan biri də 10-cu mikrorayonda - düz avtomobil yolunun kənarında, tikilən "Hiper market”dir. Bu marketin yanında dayanacaq olsa da, market sahibləri avtomobillərin orada dayanmasını təmin edə bilmirlər. Bəzən həmin küçə boyu 2-3 cərgə dayanan maşınlar pik saatlarında böyük tixaclara və sakinlərin yolu çətinliklə keçmələrinə rəvac verir.
Sumqayıt gənc şəhər olduğundan onun memarlıq cəhətdən gözoxşayan, qeyri-adi binaları, tikililəri çox azdır, amma yox deyil. Yəqin hər bir Sumqayıt sakini köhnə Dejurnıy – indiki Heydər Əliyev prospektindəki ovçular dükanı yaxınlığındakı çevrədə tikilən binaları görüb. O binalar həqiqətən də Sumqayıtın "vizit kartı” olmalıdır. Lakin heyf ki, adıçəkilən tarixi binaları da qoruya bilmədik, qarşısında tikilən yöndəmsiz market və dükanlar həmin binaların tarixi-estetik görkəmini pozdu. Həmin binalar ötən əsrin 60-ci illərində yüksək memarlıq zövqü ilə tikilmişdi. Lakin indi bu estetika demək olar ki, itib.
Mövzu ilə bağlı memarlıq və tikinti üzrə ekspert, Sumqayıt şəhər sakiniSahib Fərzəliyevin fikirlərini öyrəndik.
O bildirdi ki, tikili ücün norma və qaydalar mövcuddur. Əgər bu qaydaları pozaraq tikilən obyektlər söküləsi olsa, çox obyektlər sökülməlidir."Birincisi ayrılmış torpaq sahəsinin hamısı tikinti üçün nəzərdə tutulmur. Ancaq şəhərimizdə tikilən əksər obyektlər ayrılmış torpaq sahəsi həcmində tikilib. Məsələn, çoxmərtəbəli yaşayış evinə ayrılmış torpaq sahəsinin yalnız 30 %-də tikinti aparıla bilər. Eləcə də təyinatından asılı olaraq hər bir tikili üçün bir norma mövcuddur.
İkincisi yanğın təhlükəsizliyi və gediş gəliş yollarından olan məsafəyə görə tikilən obyektlərin çoxu tikinti norma və qaydalarının tələblərinə cavab vermir. Bunun izahını belə qısaca verə bilmərəm. Çünkü çox parametlərdən asılıdır. Ancaq normativ qaydalarla, kobud desək, tikinti obyekti ən azı gediş gəliş yolundan və yaşayış binasından 6 metr məsafədə olmalıdır.
Məsələn, 9-cu mkr-da SDU-nun yanında avtobus dayanacağında yeni tikilən ikimərtəbəli obyektinə qeyd etdiyim faktorların heç biri məqbul deyil. Hesab edirəm ki, mütəxəssislərdən ibarət bir komissiya yaradılmalıdır və onlar rəy verməlidirlər ki, hansı tikili sokülə bilər və hansı səbəbdən”.
Problemlə bağlı Sumqayıt ictimaiyyətinin fikrini də öyrəndik. Görəsən, ziyalılarımız şəhərdəki hansı obyektlərin sökülməsinin tərəfdarıdır? Buyurun tanış olun.
Süleyman Hüseynov, yazıçı publisist:"Mərkəzi kitabxananın qarşısında yeni tikilən obyekti qanunsuz hesab edirəm və onun sökülməsinin tərəfdarıyam.”
Rəhman Orxan, jurnalist:"Kitabxananın qarşısını kəsən obyekti tikdirən "adam" gənclərin elmə, təhsilə, Azərbaycan ədəbiyyatına, incəsənətinə, tarixinə aparan yolu kəsir. Ona görə də, kimliyindən asılı olmayaraq, onun özünün yolunu kəsmək, həmin tikilini uçurdub-dağıtmaq lazımdır.”
Elçin Abdullayev, politoloq:"Heydər Parkla 5-ci mikrorayonun arasındakı "AzPetrol" yanacaqdoldurma məntəqəsinin sökülməsini istərdim. Orada həm yaxın yaşayış binalarına partlayış təhlükəsidir, həm də yolu keçən piyadalara böyük bir maneədir.
Seymur Şahbazzadə, jurnalist:"1-ci mikrorayonda yolun kənarında olan şadlıq evi, 4-cü mikrorayondakı tikililər, Sumqayıt Dövlət Universitetinin yaxınlığında "Şəhid qardaşlar” bağının yanında olan klinika, 9-cu mikrorayonun SDU tərəfə baxan hissəsində olan köhnə dayanacağın ətrafında olan binaların qarşısını kəsən tikili...Sumqayıtın xiyabanlarında olan bütün tikililər sökülsə, Zakir Fərəcov şəkk-şübhəsiz cənnətə düşəcək!
Feyruz Şivəxanov, hüquqşünas:"SDU-nun ətrafı 1-ci növbədə təmizlənməlidir. Doğrudan da, sökülməli obyektlər çoxdur. Heydər Parkın yanındakı "Azpetrol"la bağlı narahatlıq çoxdur. Amma inanmıram ona kimsə toxunsun. 9-cu mkr-da SDU-nun yanında avtobus dayanacağında yeni tikilən ikimərtəbəli obyekt şəhər adına, orada tikintiyə icazə vermiş məmur adına ləkədir. Həm səki zəbt olunmuş, həm də beşmərtəbəli yaşayış binasının qarşısını kəsərək evlərini havasız, qaranlıq cəhənnəmə döndərmişdir. Əslində, söküntünü oradan başlamaq lazım idi. Bioloji Təbabət Mərkəzini o darısqal küncdə yerləşdirməyi bacaran məmur üçün də elə Mərkəzin yerində heykəl qoymaq olar. Nəyə görə məmurun acgözlüyü ucbatından bu gün şəhər büdcəsi ziyan çəkməlidir? 9-cu mkr-da yolu və yaşayış binasının qarşısını tutmuş obyektin sahibinə isə heç bir kompensasiya verməzdim. Çünki bilə-bilə həm sakinlərə, həm də o küçəni gedən piyadalara problem yaradıb.
Kamal Almuradlı, rejissor:"Mərkəzi kitabxananın qarşısındakı obyekt və yanındakı avtoyuma məntəqələri”
Elvin Babayev, tarix müəllimi:"Doqquzuncu mikrorayonda SDU-nun 2-ci korpusu ilə üzbəüz tikili. Vaxtilə sakinlər arasında böyük narazılığa səbəb olub. Bir də gücü çatarsa 14 mərtəbənin yanında - xiyabanda tikilən banklar.”
Elşən Zeynallı, rejissor:" Vaxtilə "Rossiya” kinoteatrının qarşısı görün nə gündədir. kinoteatrin qarsisi gorun ne gundedir. Vaxtilə böyük bir uşaq nəslinin mənəviyyatla böyüməsində müstəsna xidmətləri olan "Cırtdan” kinotetarı nə gündədir? Bir işbazın işəthasının qurbanına çevrilib. Qapı-pəncərə sexinə çevrilərək yoxa çıxıb. Zakir müəllim Sumqayıtı yaxşı tanıyır, orada böyüyüb, yaşayıb, ucalıb. Yaxşı rəhbərlik etsin, şəhərə və xalqaYaxsi rehberlik etsin , sehere ve xalqa sayqı ilə yanaşsın, daha da ucalsın. Çox yaxşı qərardır bu söküntülərin aparılması.”
Aidə Eyvazlı, jurnalist:"Sülh küçəsindən üzü yuxarı boylanan bütün əksər obyektlər sökülsün, bir şərtlə ki, sahibkarların da hüququ tapdanmasın, onlara təzminat ödənilsın. Bir də ki, Sülh küçəsi tərəfdən bazara yol acılsın. Cavid univermağı bütün təhlükəsizlik qaydalarına zıddir.
Rövşən Əliyev:Büllur sadliq sarayından, Hiper marketə qədər bütün yolqıragı obyektlər
Zenfira Mustafayeva, hüquq müdafiəçisi, psixoloq:"Şəhərdə aparılan abadlıq işlərini bəyənirəm. S.Vurğun adına kitabxananın qarşısındakı tikililər, iki yolayrıcında olan bütün tikili, çayxanalar və köşklər sökülsün.”
Rauf Məcidbəyli:"Şəhərsalma bir elmdir, bir mədəniyyətdir. Bu sahəd istənilən bir qərar qəbul edilərkən maraqların proposional qorunması mütləq təmin edilməlidir. Birinin yaxşı olan və ya onun rahatlığı, digərləriin hüquqlarının və rahatlığının pozulmasına səbəb olmamalıdır. Bu sahədə nizam və intizam mütləqdir.”
İlham Məmmədzadə, jurnalist, PR mütəxəssisi:Eldar Əzizovun Sumqayıt şəhərinə vurduğu ən böyük ziyanlarından biri, şəhərin xiyabanlarını və piyada keçidlərinin satılması oldu. Bəli məhz satılması. Bunlardan biri 36-cı məhəllədə 20 Yanvar küçəsindəki piyada keçidində 2 mərtəəbəli elektronika maqazasının açılması. Digər biri 18-ci mkn-da Elmar Marketin arxasından Koroğlu küçəsi istiqamətinə olan piyada keçidinin üzərində marketlərin tikilməsi. Başqa biri mərkəzi bazarın yanından 14 mərtəbə istiqamətinə olan yolda xiyabanda banklar, dükanlar və çayxanaların tikilməsi və sair.”
Emin Vəli, marketoloq: "İcra hakimiyyətinin binasının sökülmüş yaşıl örtyüyü qaytarılsın!”
Bax belə, rəylərlə də tanış olduq. Ümid edirik ki, icra başçısı Zakir Fərəcov bu yazı ilə yaxından tanış olacaq və sakinlərin, şəhər ictimaiyyətinin fikirlərinə adekvat mövqe nümayiş etdirəcək. Hər halda onun çiynində Sumqayıtla bağlı görüləsi çox işlər durur. İnanırıq ki, şəhər rəhbəri səki və xiyabanlarda qanunsuz tikilən, şəhərin estetikasına xələl gətirən, mədəniyyət və digər dövlət əhəmiyyətli tikililərin qarşısını kəsən obyektlərlə bağlı tədbir görəcək.
Elnur Ağayev
Xeberle.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi