İcra başçısının yarımmilyonluq kələyi - Sahibkarlar ayağa qalxdı (Sənəd və FOTOLAR)

img

27-10-2015 [15:58]


"Həm pulumuzu vermədi, həm də bizi həbslə hədələdi". 

Bu sözləri musavat.com-a şikayət edən iş adamları deyiblər. 

Onların şikayət etmələrinin səbəbi 4 ildir ki, gördükləri işlərin qarşılığında pullarını ala bilməmələridir. İş adamlarının sözlərinə görə, onlar 2011-ci ildə Tərtər rayonunda abadlıq işləri aparıblar. Bunun qarşılığında isə ödənilməli pulu hələ də tam ala bilməyiblər. 

Şikayətçilərin pullarını ödəməli olan şəxs hazırda Kürdəmirin, o dövrdə isə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olan Ceyhun Cəfərovudur. İcra başçısı 2011-ci ildə 3 iş adamını - Cavanşir Əsgərov, Mehdi Bayramov və Faiz Əliyevi Tərtər rayonuna dəvət edib. 

O, adıçəkilən iş adamları ilə əl sıxaraq, onlardan rayonun Heydər Əliyev prospekti, Nizami küçəsi, İcra Hakimiyyətinin binası, "Ana" abidəsi və digər yerlərdə əsaslı təmir və bərpa işlərinin aparmalarını istəyib. Onlar da razılaşıblar. 

Lakin tərəflər arasında müqavilə imzalanmayıb. Şərt belə olub ki, işlər davam edə-edə və tamamlandıqdan sonra xərclər hesablanacaq və ödəniləcək. 2011-ci ilin iyul ayında kimi heç bir problem yaşanmayıb. İcra başçısı ödəmələri vaxtı-vaxtında edib. 

Lakin iyulun 10-dan sonra Ceyhun Cəfərov pul verməkdən boyun qaçırıb. Hər dəfə bir bəhanə edib və istənilən pulları verməyib. Buna baxmayaraq, iş adamları verdikləri sözə əməl edərək, təmir və abadlıq işlərini başa vurublar. Lakin 4 ildir ki, pullarını ala bilmirlər. 

Şikayətçi biznesmenlər deyirlər ki, Ceyhun Cəfərovla aralarında rəsmi müqavilə olmadığı üçün məhkəməyə müraciət edə bilmirlər: "Biz ondan müqavilə tələb etdik. Lakin o, bizi inandırdı ki, buna ehtiyac yoxdur, pulumuzu verəcək. Biz də ona güvəndik, iş gördük. Ceyhun Cəfərov küçədən keçən bir adam deyil ki, o boyda rayonun İcra Hakimiyyətinin başçısıdır. Necə güvənməyək? İşimizi gördük, bitirdik. Amma pulumuzu vermədi. Artıq 4 ildir ki, pulumuzu ala bilmirik. Müqaviləmiz olmadığı üçün məhkəməyə müraciət etmək imkanımız yoxdur". 

İcra başçısı onlara bu günə kimi cəmisi 192 min manat pul ödəyib. Bu isə ödənilməli olan məbləğin yarısı belə, deyil: "Ümumi iş üçün ödənilməli olan pulun miqdarı 520,578 manatdır. Ceyhun Cəfərov isə bizə cəmisi 192 min manat pul ödəyib. Məcbur qalıb, maşınımı, ekskavatorumu satıb, borcların bir qismini ödəmişəm. Hələ də borcumuz qalıb. Sexlər hər gün qapımıza gəlirlər. Çünki onlara borcumuz var. Tərtər rayonunda gördüyümüz işlər havayı olmayıb, axı... Sexlərdən materiallar almışıq, ustalar, fəhlələr işləyib. Bu işlər üçün 170-ə yaxın insan çalışıb. Hazırda 130 min manat sexlərə, 52 min manat fəhlələrə borcum var. Mən bu borcları necə ödəyim?"

Şikayətçilərin sözlərinə görə, Ceyhun Cəfərov onları hədələməyi də unutmayıb: "Biz ondan pulumuzu tələb etdik. O isə borcunu ödəmək əvəzinə bizi həbslə hədələdi. Bizə dedi ki, "Əgər bir də rayona gəlsəniz, məndən pul istəsəniz, sizi tutduracağam". Bundan sonra Bakıya qayıtdıq. Onun özünə, Prezident Administrasiyasına məktublar yazdıq. Bir dəfə hətta bizə söz verdilər ki, Ceyhun Cəfərov bizə yavaş-yavaş pulu ödəyəcək. Lakin ödəmədi. Bizim hər birimiz YAP-nın üzvüyük. Biz prezidentimizə güvənirik və inanırıq ki, o, belə icra başçılarını cəzalandıracaq". 

Məhəmməd Türkmən,
Musavat.com









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA