"Götürün Qarabağ münaqişəsini, bağışlayın ki..." - Prezidentlərin açıqlamaları (FOTOLAR)

img

16-10-2015 [22:42]


Qazaxıstanda MDB dövlət başçılarının toplantısı baş tutub. Prezident İlham Əliyevin də iştirak etdiyi toplantıda dünyada baş verən proseslər, neftin qiymətinin aşağı düşməsi, Suriya ətrafında baş verən hadisələr və Dağlıq Qarabağ münaqişəsi prezidentlərin gündəliyində olub.

Mia.az anspress-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Suriyada apardığı antiterror əməliyyatlarına və Suriyaya Xəzərdən raket zərbələri endirməsinə haqq qazandırıb. O, bunun beynəlxlaq hüquqa uyğun olduğunu və zərbələrin prezident Bəşər Əsədin müraciəti ilə endirildiyini vurğulayıb.

MDB ölkə başçıları şurasının iclasında iqtisadi, siyasi, humanitar və digər sferalarda bir sıra məsələlərə toxunulub. MDB məkanında həll olunmamış münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi sammitin gündəliyində olub. Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib ki, MDB-nin nüfuzu o zaman qalxar və bizim ona tələbatımız artar ki, mövcud münaqişələr həllini tapsın:

"Məsələn, götürün Qarabağ münaqişəsini, bağışlayın ki, mən buna toxundum, götürün Dnestryanı, Ukrayna problemini... Bəzən biz bu məsələlərdən çəkinirik. Sanki bu məsələlərdən danışa bilirik, amma həll edə bilmərik. Elə bil vərdiş etmişik ki, amerikalılar və ya Avropa Birliyindən kimsə, gəlib bizə istiqamət göstərsin, ya da əvəzimizə həll etsin".

Putin isə İlham Əliyevlə neftin qiymətlərinin ucuzlaşmasını və regionda iqtisadi fəallığın azalmasını müzakirə etdiklərini də diqqətə çatdırıb: 

"Bu gün bizim ölkələrimizə bir sıra neqativ xarici amillər təsir edir. Biz bu zala daxil olarkən bəzi həmkarlarımızla, o cümlədən Azərbaycan prezidenti ilə danışdıq. Bu, bizim bir sıra əsas ixrac mallarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında hökm sürən qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artmasıdır. Bütün bu məqamlar regionda iqtisadi artımın yavaşımasına gətirib çıxarır".

Rusiya prezidenti əlavə edib ki, MDB ölkələrinin ÜDM həcmi 2015-ci ilin birinci yarısında azalıb, o cümlədən MDB ölkələri arasında mal dövriyyəsi də aşağı düşüb. Putin MDB dövlət başçılarını yaranmış vəziyyətdə milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlər görməyə çağırıb. Rusiya prezidenti ilk növbədə MDB azad ticarət zonasının yaradılmasına dair 2011-ci ildə imzalanmış müqaviləni xatırladıb:

"Bu müqavilənin potensialını tam açmaq və malların, investisiyaların qarşılıqlı hərəkətini mümkün qədər sadələşdirmək lazımdır. Biz həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik".

Sankisiyalarla üz-üzə qalan Rusiya prezidenti bununla da Qərbə cavab olaraq tərəfdaşlarını dollar və avrodan imtinaya səsləyib.

Vladimir Putin MDB ölkələrindən 5-7 min terrorçunun hazırda İŞİD sıralarında vuruşmasına diqqət çəkərək, maraqlı tərəfləri İran, İraq və Suriya ilə birgə İŞİD-lə mübarizə üçün Bağdadda yaratdıqları koordinasiya mərkəzində iştiraka çağırıb. Rusiya prezidentinin fikrincə, terrorçuların əsas hədəfi mərkəzi Asiya ölkələrininin sərhədlərini yarmaqdır. Belə bir ssenariyə hazır olmaq və reaksiya vermək lazımdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA