"Rabitəçilər bugünkü nəticələrlə fəxr etməlidir” - Nazirlikdə tədbir (FOTO)

img

30-06-2015 [23:15]


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Komitənin digər məsul işçilərinin iştirakı ilə I Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet, radiotezliklər və digər rabitə xidmətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək Oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini qeyd edib.

Nazir I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, Oyunların möhtəşəm Açılış-Bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin, "Azərkosmos” ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin də xüsusi rol oynadığını vurğulayıb.

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  mütəxəssisləri, o cümlədən texnologiya sahəsinə aid olan hər kəs bugünkü uğurları ilə fəxr etməlidir".

 Bunu isə "Bakı 2015”-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarının başa çatması münasibəti ilə RYTN-də keçirilən tədbirdə deyib.

 Onun sözlərinə görə, texnologiyanın gündəlik həyat tərzimizdə oynadığı rola xüsusi əhəmiyyət vermədiyimiz halda, texnoloji problemlə üzləşən kimi bu boşluğu hiss edirik:
  
 "Texnologiyanın həyatımızda oynadığı rolun fərqinə varmırıq, onun həyatımızda nəyə səbəb olduğuna diqqət etmirik. Amma telefon xətti, telefonlarımız artıq işləmədikdə və ya digər texniki problemlər ortaya çıxdığı zaman biz texnologiyanın vacibliyini başa düşürük. Bu zaman biz texnologiyaya yüksək dərəcədə dəyər veririk”.
 
Saymon Kleq bu baxımdan Oyunlar zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib:
 
"Xüsusilə onu vurğulamaq lazımdır ki, gözəl nəticələrə yalnız texnologiya detallı planlaşdırıldığı və ya müqayisə olunduğu halda nail olunur. Bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün əməkdaşları Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin işçiləri ilə yaxından əməkdaşlıq çərçivəsində hər bir aspekti, hər bir məsələni dərin təfərrüatları ilə müzakirə edərək, bugünkü nailiyyətlərə imza atıblar. Həmçinin aparılan bütün müzakirələr, iclaslar RYTN-in, eləcə də Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin binasında aylarla davam edib və bu müzakirələr öz nəticəsini verib. RYTN mütəxəssisləri, o cümlədən texnologiya sahəsinə aid olan hər kəs bugünkü nəticələrlə fəxr etməlidir”.
 
Baş direktor qeyd edib ki, məhz onların əməyi nəticəsində texnologiya müsbət nəticələrə yol açıb: "Onlar  "Bakı 2015” Birinci Avropa Oyunlarının nailiyyətlərinə öz töhfələrini veriblər".




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA