Əməkdar jurnalistdən Sumqayıt sevqisi: “Şəhərimizi dünyaya necə tanıdaq” - TƏKLİFLƏR (VİDEO)

img

15-01-2015 [12:38]


Bu yaxınlarda Xeberle.com portalında Sumqayıtın havadan çəkilmiş görüntülərini izlədim. Etiraf etmək istəyirəm ki, çox xoşuma gəldi. Şəhərimizin inkişafı gözümün qarşısında olduğundan bu epizod məndə xoş təəssürat yaratdı və Sumqayıtı yaradanlara ürəyimdə bir daha əhsən dedim. Kənar şəxs bu görüntülərə baxsa, istər- istəməz Sumqayıta vurular, onun yaşıllıqlar qoynunda salındığına heyran qalarlar. Bu, həqiqətən belədir. Bu, görüntülərin tamaşaçı auditoriyasına təqdim edən yaradıcılıq qrupuna bir sumqayıtlı və onun təəssübkeşi kimi dərin minnətdarlığımı bildirirəm. Sumqayıt bizim doğma və əziz şəhərimizdir. Onun sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Burada anadan olub, böyüyüb, tərbiyə alan hər bir vətəndaş öz doğma şəhərinin təəssübkeşi olmalıdır. Boya-başa çatdığımız Sumqayıtı qoruya bilmiriksə, bədnam qonşularımız tərəfindən üzərimizə atılan ləkəni silmək bacarığından uzağıqsa, erməni millətçilərinin yalan və iftiralarını dünya ictimaiyyətinə çatdırmaq həvəsində deyiliksə, bizdən əsl vətənpərvər və təəssübkeş çıxarmı?! Hər bir Azərbaycan vətəndaşı, ilk növbədə sumqayıtlı bu haqda ciddi düşünməlidir.

Sumqayıtın videogörüntülərini bir az da təkmilləşdirmək üçün bir yaşlı nəslin nümayəndəsi kimi bəzi məsləhət və təkliflərim var. Nəsimi adına Mədəniyyət və İstirahət Parkı, Səməd Vurğun küçəsiylə Azərbaycan prospektinin kəsişməsi, Xəzər dənizi və stadion adamı heyrətə gətirir. Heç kim inanmaz ki, Sumqayıt şəhəri vaxtı ilə şoran çöllərdə, susuz və boz səhralarda salınıb. 65 il ərzində şəhərimiz inkişaf edib və onu yaşıllığa bürünmüş bir şəhər adlandırırlar. Bu, sevindirici və təsəlliverici bir faktordur. Bununla öyünməyə dəyər.
İndi keçək mətləbə. Həmin çəkilişi edənlər sözlərimi irad kimi qəbul etməsin. İlk baxışdan gözəl və yaraşıqlı görünən şəhər 10 dəqiqə ərzində eyni panoramı təkrarlamaqda tamaşaçılarda bir az yorucu hisslər oyadır. Mən nə təklif edərdim? Postsovet məkanında və dünyada Sumqayıt haqqında fikirlər birmənalı deyil. 1988-ci ildə Sumqayıtda baş verən məlum hadisələrdən sonra şəhərimiz haqqında qeyri-obyektiv informasiyalar yayılmışdı. 26 ildir ki, Sumqayıt hadisələrinin jurnalist araşdırmaları ilə məşğul oluram. Bu illər ərzində müxtəlif versiyalar və ehtimallar irəli sürülmüşdür. Cari ilin əvvəllərində məxfi sənədlər açıqlanmış və məlum olmuşdur ki, Sumqayıtda baş verən hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenarisi tutulmuşdur. Onların nəzarəti altında 46 nəfərdən ibarət ekstremist qrupu «Nalyotçik» (Basqınçı) kodu altında əməliyyat aparmış və Sumqayıtda təxribat törətmişlər. Bu, artıq inkarolunmaz faktdır. Vaxtınızı çox almaq istəmirəm. Yoxsa saatlarla danışmaq olar. Deməkdə məqsədim ondan ibarətdir ki, Sumqayıtla bağlı hər hansı bir material və video-çarx öz obyektivliyi ilə seçilməli və dünya ictimaiyyətinə çatdırılmalıdır. Hazırda bu, daha aktualdır. Beləki, Ermənistanda və xaricdə yaşayan erməni lobbisi xarici dövlətlərin parlamentlərinə, beynəlxalq qurumlara, kütləvi informasiya vasitələrinə məktublar, müraciətlər göndərir, Sumqayıtda ermənilərə qarşı «soyqırım»ın tanınmasını təkidlə tələb edirlər. Onlar dünya ictimaiyyətinə sübut etmək istəyirlər ki, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı «soyqırım» olmuşdur və bu il həmin hadisələrin 100 illiyi ərəfəsində Türkiyə ilə yanaşı, Sumqayıtın da adını hallandırırlar. Erməni millətçilərinin böhtan xarakterli təbliğatına qarşı Azərbaycanda bir sıra kitablar yazılmış, sənədli filmlər çəkilmişdir. Əsərlər rus, alman, ingilis dillərinə tərcümə olunmuşdur. Bununla belə, aparılan təbliğat işi kifayət deyil. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən Sumqayıtın təəssübkeşləri bu sahədə təbliğat mexanizmini gücləndirməlidirlər.

Təkliflər:
1. Xeberle.com portalında yayılan görüntüləri əsas götürərək, dizayn baxımından yeni tikililəri müxtəlif rakurslardan lentə almaqla 10 dəqiqəlik video-çarxın hazırlanması;
2. Sumqayıtın görüntülərini əsas götürərək, Sumqayıtın dünəninin, bugününün və sabahının əyani şəkildə göstərilməsi. Tamaşaçı Sumqayıtın necə sürətlə inkişaf etdiyinin canlı şahidi olmalıdır. (Arxivdə Sumqayıtın 15 illik yubileyi ilə bağlı sənədli film olmalıdır);
3.Tamaşaçını yormamaq üçün film 10 dəqiqədən çox olmamalıdır. Filmə mətn yazılmalı, həzin bir musiqi seçilməlidir. İmkan daxilində, video-çarx rus, ingilis və başqa dillərə dillərə tərcümə olunmalıdır;
4.Video-çarxda Sumqayıta gələn qonaqların ürək sözlərini eşitmək məqsədəuyğun olardı. Qonaqların şəkili ilə paralel sitatların ekranda görüntüsü.

Bu sahədə çalışan gənc Sumqayıt təəssübkeşlərinə uğurlar arzulayıram. Bu, çox da asan məsələ deyil. İnsandan son dərəcə məsuliyyət, iradə və doğma diyarına sonsuz məhəbbət tələb olunur. Gəlin, həmişə öz vətənpərvərliyimizi sözdə yox, əməldə sübut edək.


Eyruz Məmmədov, Respublikanın əməkdar jurnalisti
Xeberle.com

P.S.Söhbət bu videogörüntüdən gedir. Həmin materialın linki:
[url=http://xeberle.com/az/view/7082/sumqaytn-qus-uusundan-en-son-videogrnts/?]http://xeberle.com/az/view/7082/sumqaytn-qus-uusundan-en-son-videogrnts/[/url]
https://www.youtube.com/watch?v=tYgdUe-6ybE


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA