DİN-in vəzifəli şəxsinin ərköyün oğlu qəza törətdi – BDYPİ-i olayı gizlətdi (FOTOLAR)

img

26-12-2014 [11:01]


Dekabrın 10-da Bakıda, Neftçilər xəstəxanası ilə üzbəüz küçədə vəzifəli şəxsin ərköyün oğlunun 100 minlik maşınla nəqliyyat hadisəsi törədərək, 2 maşına zərər vurması haqda Mia.az-da dərc olunan xəbərlə bağlı yenilik var.

Xatırladaq ki, həmin hadisə zamanı yüksək sürətlə hərəkət edən dövlət nömrə nişanı 90 VM 200 olan «AUDİ» markalı avtomobil Musayev Kazım Vəli oğlunun idarə etdiyi 27 BX 395 dövlət nömrə nişanlı "OPEL”i vurub. Zərbənin təsirindən "Opel” qarşıdakı BMW ( 10 TV 745) ilə də toqquşub. Nəticədə "Opel” maşını «metallomluq” hala gəlib. 

Mia.az xəbər verir ki, bununla bağlı «Reytinq» qəzetinin son sayında maraqlı məlumat yayılıb. 

Bildirilir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları, xüsusiylə həmin idarənin 13 "a” otağında oturan Şahin Vahidov adlı inspektoru şübhəli şəkildə 90 VM 200-ün sürücüsünü zərərçəkənlərdən və qanunlardan yayındırıb:

"Belə ki, son model bahalı "AUDİ" avtomobilinin sürücüsü zərərçəkənlərdən gizlədilməklə yanaşı, onun kimliyi, barəsində nə kimi tədbirlər görülməsi də, bilinmir. Şahin adlı inspektor isə bununla yanaşı, fürsətcil davranaraq, sığortaya təqdim etmək üçün zərərçəkənlərdən 250 manat rüşvət istəyib”. 

Qəzetin məlumatına görə, qəzanı törədən maşını etibarnamə ilə idarə edən Sabirabad şəhəri, X.Həmidov küçəsində qeydiyyatda olan Rəsul İlham oğlu Qəhrəmanovdur. 

Maşının qanuni sahibi isə Ehtiram Paşa oğlu Qəhrəmanovdur, Rəsul isə dəyəri 100 min manat civarında olan avtomobili etibarnamə ilə idarə edir: 

"Rəsul Qəhrəmanovun atası İlham Qəhrəmanov Sabirabad rayon Polis İdarəsində yüksək vəzifə tutur. Bu fakt və maşının əsl sahibi olan yaxın qohumu Ehtiram Qəhrəmanovun kifayət qədər imkanlı olması isə yol polislərinin kasıb sürücünün üzərinə təhdid və hətta hədə gəlməsinə də rəvac verib”.

Maraqlı burasıdır ki, olayla bağlı jurnalistlə danışan BŞDYPİ-nin inspektoru Şahin Vahidov  sığorta arayışı üçün zərərçəkənlərdən rüşvət istəməsini inkar etməyib. Hətta jurnalistin zəngindən sonra rüşvətin məbləğini 100 manata düşürüb.

Zərərçəkənlər isə bununla bağlı nazir Ramil Usubovdan kömək istəyiblər.

Mia.az-ın əməkdaşı xoşagəlməz olayla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədova müraciət edib.

Vaqif Əsədov əvvəlcə "Rəhbərliyə məruzə edərəm" desə də, sonradan ondan münasibət öyrənmək mümkün olmayıb. O, dəfələrlə edilən zənglərə cavab verməyib. 

Respublika Baş Dövlət Yol Polisinin sözçüsü Kamran Əliyev isə yalnız "902"-yə zəng olunduğu halda, faktı araşdıra biləcəklərini bildirib.

Qeyd edək ki, Mia.az-a hadisəni qapatmağa və gizlətməyə cəhd edən Rəsul Qəhrəmanovun, onun polisdə yüksək vəzifə tutan atasını (Atasının rayonda hansı imkanlara sahib olması haqda ayrıca araşdırma gedir) və yol polisinin rəhbərliyini fakt qarşısında qoyacaq foto-faktlar da daxil olub. 

Hadisə yerində çəkilmiş fotoların bir hissəsini təqdim edirik: 

***
Bu dəqiqələrdə (saat 12.40) şikayətçi Mia.az-a telefon açıb. Deyib ki, Rəsul Qəhrəmanov iki dəfə ard-arda ona zəng edərək, söyüş söyüb, üstəlik, "əmimə demişəm, yerini de, gəlib səni götürəcək", - deyə, təhdid edib. 

Şikayətçi bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də zəng edib, şikayətini bildirəcəyini də deyib.

2014-12-26-10-57-20f-4.jpg (1280×718)

2014-12-26-10-58-02f-7.jpg (1280×718)

2014-12-26-10-57-47f-5.jpg (1280×718)

2014-12-26-10-57-35f-6.jpg (1280×718)

2014-12-26-10-57-07f-3.jpg (1280×718)


2014-12-26-10-56-52f-2.jpg (1280×718)

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA