Səbail İcra Hakimiyyətindən daha bir yenilik - «Ölkəmizi tanıyaq» devizi (FOTOLAR)

img

09-11-2014 [19:21]


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan 90 nəfər məktəblinin «Sahil bağı»da Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilib.

Ilk əvvəl qrupların təşkili məsələləri həll olunub. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub, müəllim, həkim və bələdçi təhkil olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turuş marşrutu, tədbir iştirakçıların qalacağı otellər və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. 

Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini    ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb. 

Yola salma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulanıb. 

Qeyd olunub ki, cari ilin yay aylarında Səbail rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə layihəsi əsasında 350 nəfər yeniyetmə Quba və Qusar rayonlarında hərbi vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» və  «Şahinlər» yay istirahət düşərgələrində istirahətləri təşkil olunub ki, bu zaman həmin yeniyetmələr Quba və Qusar rayonları ilə yaxından tanış olublar. Bu səfərlər yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlərdəndir. 

Sonra məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.

Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunmuş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA