Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)

img

02-04-2026 [13:32]


Bakıda, "Gülüstan" sarayında keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda birgə bəyanat qəbul edib.

Mia.az həmin bəyanatı təqdim edir:

"Türk Dövlətləri Təşkilatının Hökumət Başçıları/Vitse-Prezidentinin İkinci Görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kiprin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər.

TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar;

Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər;

Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar;

2025-ci il 7 oktyabr tarixində Qəbələdə "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd edib, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıblar;

Bu çərçivədə, 7 mart 2026-cı il tarixində İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirmiş, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndiriblər;

Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar;

Türk Dünyası Baxış-2040 sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə ediblər;

Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildiriblər;

Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər;

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar;

Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər;

Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər;

Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə ediblər;

Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamış və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırıblar;

Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləyiblər;

Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləyiblər;

İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd etmiş və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər;

Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləyiblər;

Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləyiblər;

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıblar;

TDT Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləyiblər;

Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlayıblar;

Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər. Bəyanat Bakıda ingilis dilində qəbul edilib.

***

Bakıda - "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov yekun nitqi ilə çıxış edərək gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparıldığını bildirib.

"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır", - o qeyd edib.

Ə.Əsədov tədbirin yekunu olaraq birgə bəyanat qəbul edildiyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA