YAP Sabunçu rayon təşkllatınn keçmiş sədri TƏBİB-i ittiham etdi - Məhkəmə prosesi

img

01-04-2026 [11:32]


Respublika Perinatal Mərkəzində yanğınla bağlı məhkəmədə cinayət işi üzrə təqsirləndirilən adıçəkilən qurumun sabiq direktoru, YAP sabunçu rayon təşkllatınn keçmiş sədri Mehriban Abasquliyeva mərkəzdə yanğın siqnalizasiya sisteminin işləməməsinə görə Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinin məsuliyyət daşıdığını söyləyib.

Mia.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ötən iclaslarda verdiyi ifadəsinin davamında bildirib.

M.Abasquliyeva əlavə edib ki, TƏBİB-dən mərkəzin yanğın siqnalizasiya sistemlərinin təmir edilməsi üçün pul ayrılmayıb.

O həmçinin ifadəsində söyləyib ki, hadisə baş verən şöbədə yanğınsöndürən balonlar olsa da, alovun söndürülməsi üçün su və yorğanlardan istifadə edilib:

"Bu, yanğın təhlükəsizliyi tələblərinin pozulmasıdır. Elektrik avadanlıqlarının söndürülməsində sudan istifadə edilməməlidir. Hadisə zamanı küvəzləri çıxarmaq mümkün olsa da, orada olan əməkdaşlar bunu etməyiblər".

M.Abasquliyeva vurğulayıb ki, mərkəzdə bölmə müdiri kimi çalışan Məryəm Rzayevə işçilərə yanğın təhlükəsizliyinə dair təlimatların keçirilməsinə cavabdeh olub:

"Məryəm Rzayeva 14 il müddətində mərkəzdə şöbə və bölmə rəhbəri kimi çalışıb. Həmçinin bir müddət mərkəzin direktoru vəzifəsini də icra edib. O, yanğın təhlükəsizliyi tələblərini bilməli idi. Əlavə tibbi avadanlıqların quraşdırılmasına da Məryəm Rzayeva cavabdeh olub. O, yanğın təhlükəsizliyi tələblərini pozduğu üçün cinayət məsuliyyətinə cəlb edilməlidir".

O həmçinin deyib ki, mərkəzdə yanğın təhlükəsizliyinə görə məsuliyyəti şöbə müdirləri, eləcə də onların təyin etdiyi adamları daşıyır.

Prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili ilə hakim arasında mübahisə yaşanıb. Belə ki, hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən Mehriban Abasquliyevanın ifadəsinin yazılı formasını məhkəməyə təqdim etməsini istəyib. M.Abasquliyevanın vəkili isə həmin ifadəni məhkəməyə təqdim etməkdən imtina edib. Bu zaman hər iki tərəf arasında sözlü mübahisə yaşanıb. Tərəflər bir-birlərini müvafiq qurumlara şikayət edəcəklərini söyləyiblər.

Növbəti proses aprelin 8-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA