SU PULU LİMİTLƏ HESABLANACAQ - Əhali üçün qiymət dəyişir (YENİLƏNİB)

img

18-02-2026 [19:08]


"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur".

Mia.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur: "Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət-özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib. Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib".

Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır: "Milli Strategiyaya əsasən, diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları arasında müzakirələr aparılır".

***

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.

Məlumata görə, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq.

Bundan başqa, su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.

Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.

Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur/Gununsesi.info.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA