İcra başçısının “iyul maxinasiyası”, Alı Alıyevin "başqa əkmələr" qrafasında kimlərin adı var? – Sənədli fakt

img

09-09-2014 [13:27]


Füzulidə buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üzrə seçmə üsulu ilə aparılan monitorinqlər zamanı ayrılan vəsaitlərin ən azı 30-35 faizinin mənimsənilməsi haqda ciddi şübhələrin olduğu haqda Mia.az xəbər verib.

 

Mia.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən şəxs tərəfindən verilən məlumata görə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri Əhməd Əhmədzadənin və onun müavini Zakir Quliyevin himayəsi altında fəaliyyət göstərən icra başçısı Alı Alıyev «Aqrolizinq» ASC-nin Füzuli rayon şöbəsinə ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli gübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, şöbənin fəaliyyətini də iflic edib. İcra başçısı bununla da yetinməyib, onun buğda əkini üçün ayrılmış subsidiyaların talan edilməsinə zəmin yaradıb: «Alı Alıyev və onun aqrar məsələlər üzrə müavininin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq, 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətini əks etdirən rəsmi sənədləri şişirdilmiş rəqəmlərlə nazirliyə təqdim ediblər. 01 dekabr 2013-cü ildə tərtib olunmuş həmin sənədlərin ilkin təftişi zamanı isə Füzuli rayonunda ən azı 300 min manata yaxın büdcə vəsaitinin talan edildiyi və ya rayon rəhbərliyi tərəfindən mənimsənilməsi istiqamətində ciddi şübhələr var. Füzuli rayonunda seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Əgər bu sənədlər Baş Prokurorluğa təqdim olunarsa, Alı Qocayevin 38 kənd və şəhərciklər üzrə icra nümayəndəsi və bələdiyyə sədrinin bəzilərinin yolu prokurorluğun dəhlizlərinə düşə bilər». 

Məlumatlı şəxs deyir ki, araşdırma zamanı Füzulidə buğda istehsalçılarının siyahıya alınmasını, hektarların müəyyənləşməsi proseslərini həyata keçirən icra başçısının kəndlər üzrə icra nümayəndələrini və digər vəzifəli şəxsləri ciddi rəqəm şişirtmələrinə yol veriblər: «Füzulidə 38 kənd və dövlət proqramına uyğun olaraq salınmış qəsəbələr daxil ərazi komissiyaları üzrə 01 dekabr 2103-cü il tarixinə buğda səpini aparmış istehsalçıların sayı və onlara verilən yardımın məbləğləri ilə bağlı rəsmi sənədlərə diqqət edəndə görünür ki, icra nümayəndələrinin əliylə Alı Alıyev 725 min 360 manat 40 qəpiklik «əməliyyat» həyata keçirib. Hətta rayonda adına iri məbləğdə yardım yazılmış elə kəndlər olub ki, orada adına pay torpağı olan şəxs nəinki buğda səpini aparıb, ümumiyyətlə, digər "yardım paketi”nə daxil olan heç bir məhsul əkməyib. Bundan əlavə, buğda əkini sahələrinin hektarları da ciddi şəkildə artırılıb. Nəticədə isə prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədiylə ayırdığı vəsaitlərin bir qismi mənimsənilib. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, rəsmi statistikaya görə, yaşlı, uşaq daxil 124 min əhalisi olan rayonun 55038 nəfər sakini Bakı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. Lakin Alı Alıyev və onun yerli icra nümayəndələri Bakı və Sumqayıtda yaşayan və faktiki bu şəhərlərdə işləyənlərin adlarına saxta hektarlar yazaraq, pul silməkdən çəkinməyiblər. Elə buna görə də, icra başçısı Alı Alıyevin 18 min 134 hektar payızlıq buğda səpininə görə rayona ayrılmış 725.360.40 manat pulun müqabilində rayonda nə qədər buğda istehsal edilməsinin ört-basdır etməsi də səbəbsiz deyil…». 

Alı Alıyev özünə o qədər aludə olub əmindir ki, əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 40 manat məbləğində yardımın verilməsi üçün 01 iyun 2014-cü il tarixinə tərtib olunan 200 nəfərlik siyahını da şişirdilməsinə mane olmayıb: «Rayonun Qayıdış-4 qəsəbəsində 199 nəfərin adına 200 hektar taxıl və digər məhsulların əkildiyi yazılıb. Bununla da 8000 manat vəsait Füzuliyə yönəldilib. Məsələnin ən maraqlı tərəfi odur ki, rəsmi sənədlərdə «digər əkmələr» qrafası altında 112 hektar ərazidə nəyin, yəni hansı bitkinin əkilməsi cəmiyyətə bəlli deyil. Ancaq bu qrafa altında 4480 manat vəsait ayrı-ayrı fiziki şəxslərin adına yazılıb…».

 

Qeyd edək ki, həmin 199 nəfərin bütün siyahısı Mia.az-a verilib.

 

Bu və ya digər məsələlərlə bağlı təəssüf ki, qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Tərəfi  dinləməyə hazırıq.

 

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA