Yatağına sığmayan Kükü çayı - VİDEO

img

29-04-2024 [13:58]


Bu günlərdə yolunu Şahbuza, dağların kükrəyən yazı yaşadığı yerlərə salsanız bir həyat hekayəsinin canlı şahidi olarsız. Mənbəyini bənzərsiz təbiət möcüzəsi Gurbulaqdan alıb, üzü güneyə doğru tələsən Kükü çayı ilin bu fəslində yatağına sığmayan bir əda ilə hər gün bir neçə yüz min kubmetr suyu Naxçıvançaya daşımaqdadır.

İlboyu bu vadidəki aran kəndlərini şirin su ilə təmin edən yüz milyon kubmetr tutumlu Heydər Əliyev Su Anbarını dolduran bu çay sözün əsl mənasında bir sərvətdir. Çayın yatağı üzərində formalaşdırdığı qeyri-adi görüntülər isə eko və ekstremal turizm həvəskarları üçün də dəyərli bir cazibə elementidir.

Kükü çayı Naxçıvanın Araza qovuşan beş əsas çayından biri olan Naxçıvançayın ən gursulu qoludur. İlboyu sabit su axımı ilə çayı qidalandıran Gurbulağın hesabına Küküçayı ilin ən quraq dönəmi olan avqustun sonlarında belə daimi olaraq yataq boyunca məskunlaşmış insanların məişət və təsərrüfat ehtiyaclarını ödəyir, çəmənləri, bağ-bağatı bəsləyir. Kükü çayının suyu çox təmizdir. Əvvəllər, indiki kimi kənd evlərinə dağlardakı bulaqlardan çəkilmiş su xətləri olmadığı dövrdə səhərin sübhündə çaydan götürülən göz yaşı kimi duru su ilə içməli su ehtiyacı ödənilirmiş. Çaya qarışan yüzlərlə bulağın suyu isə ona xüsusi dad verir. Yayda Gurbulaq şəlaləsinə doğru səyahətə çıxan turistlər ətrafdakı Qırxbulağın, Şərəf bulağının, Baxşəli dərəsinin şərbət kimi şirin suyunun dadından doymurlar. Burada həftəsonu şəhərdən sərin hava və təmiz su üçün Küküyə gəlmiş qonaqlarla samovar çayı içməyin başqa bir ləzzəti vardır.  

Kükü çayı təkcə gur axan bir su hövzəsi olmayıb, bu çay yatağı boyunca yerləşən yaşayış məntəqələrində məskunlaşmış insanların tarixi keçmişi, onların bu yerlərə bağlılığı, ənənəvi təsərrüfatçılığı, sosial həyatı ilə də sıx bağlıdır. Çay öz axarı ilə Kükü kəndini ikiyə bölsə də, əslində, burada yaşayan insaların daimi yurd yeri salmasının əsas səbəblərindən biridir. Keçmişdə, indiki kimi müasir məişət cihazları olmadığı bir dövrdə qışı mülayim, yayı sərin keçən Kükü kəndindəki buz kimi şirin su mənbələri insanların gündəlik rahat yaşayışının əsas səbəbkarı olub. Odur ki, çayın saf suyunun təmiz saxlanılmasına, onun qorunmasına da kənd camaatı həssas yanaşır. 

Kükü çayının böyük qolu  mənbəyini Qanlıgöl su anbarından götürən eyniadlı  çaydır.   XIX  əsrin ortalarında inşa  olunmuş bənd üzərindəki göldə toplanan təxminən  1 milyon  kubmetr həcmindəki   su  ehtiyatı yaxın  keçmişə qədər yayın  qurağında  Naxçıvançay  vadisindəki əkin-tikinlərə  can verərdi.  Ona  görə “yaxın keçmiş”də dedik ki,  bir neçə il  əvvəl gölün  bəndi təbii  proseslər nəticəsində dağıldığından  və indiyə qədər təmir olunmadığından  artıq burada yazın qaynar çağında da su toplanmır.

Kükü çayı, onun gur suyu, hövzəsindəki unikal biomüxtəliflik, burada yayılmış dərman bitkiləri ölkəmizin milli sərvətidir. Çay axarı boyunca yeni yaradılan turizm-rekreasiya obyektləri, kotteclər təkcə naxçıvanlıların deyil, ölkəmizin digər yerlərindən də gələn turistlərin sevimli istirahət məkanlarıdır. Qışda, böyük çillədə iki-üç gün ərzində Səfərbəy səngərinə yağan qalın qarlar artıq aprel istisinə dözməyib Kükü çayını daşdıranda bu, Cəhridən Siraba qədər geniş ərazilərdə yaşayan insanlar üçün də əsl toy-bayram olub, ilin sonunda bol məhsula çevriləcək.  Beləcə, Kükü çayından Heydər Əilyev Su Anbarına toplanmış 100 milyon kubmetr şirin su zəmilərimizin taxılı, bağlarımızın barı, bağçalarımızın yaraşığı, evlərmizin işığı olub, yatağına sığmayan Kükü çayının çağlayan hekayəsinə dönəcək. 

Əli Cabbarov 


Digər xəbərlər
SON XƏBƏRLƏR