Saxta xəbər torundan necə qorunaq? – Araşdırma

img

03-10-2023 [13:25]


Yalan xəbər, saxta informasiya (fake news) təkcə bu günün problemi deyil. Cəmiyyətlər, ölkələr, insanlar bundan tarix boyunca əziyyət çəkib.

Britaniyanın baş naziri olmuş Çörçilin hələ 20-ci əsrin ortalarında dediyi bir fikir indi də aforizm kimi istifadə olunur: “Həqiqət şalvarını geyinərkən yalan dünyanın yarısını gəzməyi bacarır”...

Yalanların - fake news-in məqsədi nədir və saxta informasiya torundan necə yayınmaq olar?

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Saxta xəbər torundan necə qorunaq - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində bu yöndə maarifləndirici materialla çıxış edib. Birliyin icraçı direktoru, layihə rəhbəri Elşad Məmmədlinin ərsəyə gətirdiyi materialda bu və digər suallara cavab verilib.
 

333618547_1251264365810655_1569428382411594751_n.jpg (38 KB)

Elşad Məmmədli

 ****    

İnsan cəmiyyəti mövcud olandan yalan da var. Fərdi qaydada xaraktercə yalançı, uydurmaçı insanlar hətta bəzən lokal, məhəlli çaxnaşmalara da səbəb ola bilirlər. İndi təsəvvür edin ki, müasir texnologiyalardan istifadə etməklə, saxta xəbərlə cəmiyyətləri necə təşvişə salmaq, informasiya təxribatları törətmək mümkündür. Gündəlik həyatımızda bunun canlı şahidləriyik.

Onlayn mediada, sosial şəbəkələrdə saxta xəbərlərlə təxribatlar törətmək istəyən şəxslər, qruplar son illərdə daha da artmaqdadır. Müasir dövrümüzü isə internetsiz təsəvvür etmək mümkün deyil. İnsanlar hazırda informasiyanı daha çox iki mənbədən əldə edir - onlayn media və sosial şəbəkələrdən. Bu iki məkanda isə təxribatçı qruplar, məkrli missioner dairələr, İP “həvəskarları”, ucuz, pulsuz reklam məqsədi güdənlər çox asanlıqla – saxta, həyəcan, təşviş yaradan xəbərlərlə (fake news) kütlələrə təsir edə, diqqəti özlərinə cəlb edə və ya hədəfdən, doğru xəbərdən, reallıqdan yayındıra bilirlər.

Hazırda dünyada geniş şəkildə istifadə olunan “silahlardan” biri də məhz budur. Bəzən biz ölkəmizdə bir saxta xəbərin toruna böyük kütlələrin düşülməsi səbəbindən ciddi narahatlıqların, hətta bəzən keçici çaxnaşmaların yaranmasının şahidi oluruq. Qarşıda isə bu kimi təxribatların daha da intensivləşə biləcəyinə dair ekspertlər həyəcan təbili çalır...

Konkret olaraq ölkəmizdə təxribatçılıq, saxta xəbərlərlə cəlb etmə missiyası ilə internet məkanında dövr edənləri əsasən 3 qrupa bölmək olar:

1.Böyük siyasi məqsədlərlə xaricdən idarə olunan və ya yönləndirilən saytlar, blogerlər, sosial şəbəkə səhifələri;

2. Ermənistanın, digər bədnam ölkələrin xüsusi xidmət orqanlarının təxribat məqsədilə yaratdığı saytlar, bloglar, sosial şəbəkə hesabları;

3. Reklam, İP qazanmaq üçün həyəcanlı, təxribatçı, saxta xəbərlərlə insanları özünə cəlb edənlər.

Biz mütəmadi olaraq görürük ki, dünyadakı anti-Azərbaycan dairələr, bədnam qonşularımız vaxtaşırı, hər hansı bir siyasi-ictimai prosesin gedişində, Azərbaycanın dünya və regional miqyasda uğurları olarkən, xüsusən seçkilər ərəfəsində aktivləşir və cəmiyyətimizdə təxribatlar, çaxnaşmalar yaratmaq istəyirlər. Bu məqsədlə hansısa həssas və ya fors-major anında, hansısa qəfil hadisə baş verdikdə, yaranmış fürsətdən istifadə edərək cəmiyyəti qıcıqlandıran, təlaşlandıran feyk informasiyalar həm missioner dairələrin kontrolundakı saytlar, həm də sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılır. Qısa bir zamanda psixoloji təsir imkanları da nəzərə alınmaqla formalaşdırılan yalan xəbər ölkəni bürüyür. Bəzən vəziyyət o həddə çatır ki, ölkənin vəzifəli şəxsləri, aparıcı mətbuat orqanları bu yalanın qarşısının alınması, ifşası, həqiqətlərin çatdırılması və s. üçün bütün iş-gücünü ataraq, səfərbər olurlar.

Habelə, Ermənistanın xüsusi xidmət orqanları davamlı olaraq informasiya cəbhəsində təxribatlar yaradır. 44 günlük Vətən Müharibəsində və postmüharibə dövründə, eyni zamanda lokal antiterror tədbirləri zamanı bunun şahidi olmuşuq və olmaqdayıq.

Həmçinin, reklam, İP yığmaq məqsədilə çaşdırıcı, təhrif olunmuş “sensasiyalı”, cəmiyyəti qəzəbləndirən, narahat edən, bəzən tanınmış şəxslərin, deputatların adından yalan xəbərləri, fikirləri aqreqator saytlar və sosial şəbəkə səhifələri vasitəsilə yayırlar.

Əlbəttə, internet inkişaf etdikcə, insanlar sosial şəbəkələrdə daha çox sıxlaşdıqca bu kimi hallar qarşıda daha da artacaq. Azərbaycanın dünyada yeri və çəkisi artdıqca, regionda liderliyini möhkəmləndirdikcə, bunu gözü götürməyən qüvvələr, bədnam, məkrli qonşularımız informasiya təxribatlarını da artırmağa çalışacaqlar.

Odur ki, insanlar kirli informasiyaların, saxta xəbərlərin, missioner xəbərçilərin toruna düşməmək üçün nələrə diqqət etməli olduğunu bilməlidir.

Saxta xəbərləri doğru informasiyalardan ayırmaq, onları ifşa etmək bacarıqlarına sahiblənməliyik...
İnformasiya məkanında təxribatların, saxta xəbərlərin yayılmasının qarşısının alınması üçün tədbirlər görmək təbii ki, asan iş deyil. Hətta mümkünsüzdür.

Burada bir məqamı xüsusi olaraq vurğulayaq: mikroorqanizmlər onlara qarşı antibiotiklər, anti-viruslar, peyvəndlər tətbiq edildikcə formalarını dəyişdikləri, immunitetini daha da artırdıqları kimi, saxta xəbərlərlə təxribatlar yaratmaq istəyənlər onların ənənəvi metodlarını ifşa qaydaları insanlara aşılandıqca, insanlar bunları bildikcə, təxribatçılar da öz təxribat, saxta məlumatlarla yaymaq metod və mexanizmlərini dəyişir, yeni-yeni üsullara əl atırlar.

Odur ki, insanları ümumiyyətlə saxta xəbəri doğrudan ayırd etməyin ənənəvi və dəyişən yeni metodikalarını avtomatik olaraq mənimsəmələri, duyuq düşə bilmələri istiqaməti üzrə maarifləndirmək lazımdır.

İnformasiya məkanında baş verən təxribatların, yalanların qarşısının alınmasından gedirsə, biz bu feyk məlumatları yayanları durdurmağa, sıradan çıxarmağa nail ola bilmərik. İnzibati yollarla belə onları zərərsizləşdirdikdə, yerlərini digərləri tutacaq. Çünki bu, böyük güclərə, maraqlı dairələr lazımdır və nə yolla olursa olsun, yeni əməkdaşlıqlar edəcəyi sayt və şəbəkələri meydana çıxacaqlar. Odur ki, ən effektiv üsul ağı qaradan seçməyi bacaran, informasiya məkanına qəsdən və qara məqsədlərlə atılan, təşviş yaradan, hətta ilk baxışdan doğruya oxşayan xəbəri oxuyarkən onun təsiri altına düşmək, özü də yaymaq əvəzinə, beynində dərhal “bu saxta informasiyaya oxşayır” fikri formalaşan və ona inanmazdan öncə sağlam mənbələrdən dəqiqləşdirmə aparmağa vərdiş edən cəmiyyət formalaşdırmağa nail olmaqdır.

Bəs bunun mexanizmləri nədir?


Öncə qeyd etməliyik ki, feyklər hazırda əsasən Tik-tok, Telegram və facebook üzərindən tirajlanır. Çünki bu şəbəkələrdə insanlar daha çox cəmlənib. Yalan bu şəbəkələr vasitəsilə sözün əsl mənasında ildırım sürəti ilə yayılır. Müvafiq qurumlar bunun yalan olduğuna dair informasiya verənədək, artıq milyonlarla adam saxta informasiyanın toruna düşür və özü də bunun tirajlayıcısına çevrilir.

Bəs nə etməliyik? Təcrübə, araşdırma və mütəxəssis rəylərindən gəlinən qənaətlərə görə 3 sadə metoda əməl etməklə, feyk xəbərin toruna düşməmək mümkündür:

1.Aldığımız hər bir informasiya, gördüyümüz video rəsmi mənbədən yayılmayıbsa, ona dərhal doğru xəbər kimi yanaşmamalıyıq, küyə düşməməliyik. Özümüzə ilk bu sualı verməliyik: Doğrudurmu? Doğruluğu təsdiqlənməyənə qədər ona şübhəli yanaşmaqda davam etməliyik, tirajlamamalıyıq.

2. Xəbəri yayan səhifənin, profilin, kanalın missioner – yəni məhz feyklər tirajlamaq məqsədilə yaradıldığını dəqiqləşdirməyə çalışmalıyıq. Onun daha əvvəl, son 2 ayda nələr yaydığına, arxivinə nəzər salmalıyıq.

3. Xəbər doğrulama proqramlarını, səhifələrini daim cihazlarımızda aktiv tutmalıyıq. Məsələn, “Fakt yoxla” kimi səhifələri.

Araşdırmalar həm də o həqiqəti ortaya çıxarır ki, saxta xəbərlər əsasən informasiya vakuumunda cövlan edə bilir. Bu səbəbdən rəsmi mənbələr, mətbuat xidmətləri, hökumətin informasiya resurslarının operativ işləməsi, feyk ölkəni bürüməmiş dərhal onu təkzib etməsi və ya aydınlıq gətirməsi mühüm şərtdir. Rəsmi mənbə təmsilçilərinin, sağlam medianın müasir sosial şəbəkələrdə aktivliyi, operativliyi daha da artmalıdır. Anında reaksiya veriləcək qədər operativ olmağa hədəflənmək optimal variantlardan biridir. Kütlə harada daha çox toplaşır və orada tora düşürsə, anti-tor tədbirlərini məhz o məkanlarda gücləndirməli, orada aktiv olmalıyıq.

İnformasiya vakuumunu aradan qaldırmadan saxta xəbəri önləmək mümkün olmur.

Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan həqiqəti araşdırır. Ona görə də insanlara ən azı paralel doğru mənbəni əlçatan etməliyik, çünki onun özünün araşdırmaq həvəsi yoxdur, altşüurda belə maraq yoxdur.

“Fake news” qlobal dünyanın problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkədə xəbər doğrulama”sistemləri yaradılıb. Türkiyədə “teyit.org” saytı, ABŞ-da isə “snopes.com” bu işlərlə məşğuldur.

İstənilən istifadəçi sosial şəbəkədə görüb, şübhələndiyi məlumatı o saytlara göndərir və saxta olub-olmamağını araşdırılmasını istəyir.

Həmin saytlarda çalışan peşəkarlar isə məlumatı araşdırır, əgər xəbər saxtadırsa, bunu birbaşa “facebook” administrasiyasına bildirir və həmin səhifələrə xəbərdarlıq gəlir, yanlışlıq aradan qalxana qədər də həmin xəbərdarlıq səhifənin admin panelində qalır. Əgər “fake news” silinmirsə, səhifə daha az insana göstərilir, növbəti dəfələrdə isə tamamilə silinir.

Hazırda ölkəmizdə az.teyit.org saytı da bu işlərlə məşğuldur.

Ancaq bundan çox az insanın xəbəri var.

Beynimizi daim bu suala kökləməliyik: Saxta ola bilər, dəqiqləşdirim! Dəqiqləşdirmək üçün sadəcə rəsmi mənbələrə və doğru məlumatlar yayan saytlara, səhifələrə üz tutmalıyıq.
 

Bu mənbələrin vətəndaşlar üçün anında əlçatan olması üçün bəlli taktikalar tətbiq edilməlidir.

Və onu da beynimizə hakim etməliyik ki, təşviş yaradan, böhtan məqsədli saxta xəbərləri tirajlamaq inzibati və cinayət məsuliyyəti yaradır...

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR