Bu gün mediada"CTF” şirkətinin təsisçisi , "Sumqayıt” Ticarət Mərkəzinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhətininpisləşməsi haqda məlumat yayılıb. Məlumata görə, hazırda N.İsgəndərov Azərbaycandadır: "Son günlər Nizaminin bel nahiyəsində kəskin ağrılar yaranıb və buna görə də müalicə olunur.Belində yaranan ağırılarla əlaqədar Nizami İsgəndərov işə də çıxmır”. Nizami İsgəndərov keçmiş deputat Zaman İsgəndərovun oğludur.Bu barədə mediaya N.İsgəndərovun yaxını məlumat verib.
Məsələylə əlaqədar "Sumqayıt” Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu Elçin Abdullayevlə əlaqə saxladıq. E.Abdullayev Xeberle.com-a yayılan məlumatların şayiə olduğunu söylədi və Nizami İsgəndərovun hazırda iş başında olduğunu dedi: "Nizami İsgəndərovun səhhətində heç bir ciddi problem yoxdur və hazırda iş başındadır. Təəssüf edirəm ki, publika.az kimi auditoriyası böyük olan sayt mütəmadi olaraq N.İsgəndərov haqda belə məlumatları yayır. Digər saytlar da ağına-bozuna baxmadan bu informasiyaları paylaşırlar. Ən azından qarşı tərəfdən mövqe öyrənilmədiyi üçün bu informasiyaları tərəfli, qərəzli hesab edirəm və düşünürəm ki, bu kimi xəbərlər müəyyən qədər saytın oxucu kütləsinə mənfi təsir edir", - deyə o bildirdi.
Xeberle.com

