Redaktor, deputat, yoxsa 10-larla maraqlı əsər və məşhur filmlərin ssenaristi... - Əhmədağa Muğanlı haqda nələr bilirik? (FOTOLAR)
11-05-2021 [17:23]
Tanınmış nasir, ssenarist, kino redaktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Əməkdar Mədəniyyət İşçisi Əhmədağa Muğanlının doğum günüdür.
Hörmətlə xatırlayaq.
XX əsrdə xalqı qarşısında misilsiz, təmənnasız xidmətlər göstərmiş möhkəm əqidə sahibi, Azərbaycan ədəbiyyatı və kino tarixində özünəməxsus dəst-xətti ilə tanınan sənətkarlardan olan Əhmədağa Muğanlının adı bu gün də hörmətlə, ehtiramla çəkilir.
Ömrünü yaradıcılığa, sənətə həsr edən, öz yolu, cığırı olan Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır.
Onun uşaqlıq və gənclik illəri çətin dövrə təsadüf edir. Orta məktəbdə oxuyanda II Dünya müharibəsi başlayır. Əhmədağa 10-cu sinfə çatanda onu da digər həmyaşıdları kimi səfərbərliyə alırlar. 1944-1946-cı illərdə əsgəri xidmətdə olur.
Tərxis olunduqdan sonra orta təhsilini davam etdirir, məktəbi gümüş medalla başa vurur. Müharibənin ağrı-acısı müəllim çatışmazlığı problemi yaratmışdı. Yerlərdə bu problemin həlli məqsədilə məktəblərdə əlaçı şagirdlərdən bəziləri dörd aylıq kursa göndərilir, sonra pedaqoji fəaliyyətə cəlb edilirdi. Onların arasında Əhmədağa Qurbanov da vardı. Ancaq ali təhsil almaq həvəsi onu rahat buraxmırdı. O, gələcək amallarının ardınca gedərək 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır.
Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946-1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur.
Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunur. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon Xalq Deputatlar Sovetinin deputatı seçilmişdir (1969-1971).
O, ədəbi fəaliyyətə tələbəlik illərində başlayır. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində Əhmədağa Qurbanovun “Biz qol çəkirik ki...” hekayəsi dərc olunur. Daha sonra onun “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri nəşr olunur.
Əhmədağa Muğanlı kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib.
O, eyni zamanda otuza qədər sənədli filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində ölkəmizin keçmişi və bu gününə işıq tutulur, xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb.
Sənətkarın ssenariləri əsasında “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər” və s. bədii filmlər çəkilib. Həmin ekran əsərlərində müəllif sərhədçilərimizin çətin, lakin şərəfli işindən, Vətən qarşısında xidməti borclarını sədaqətlə yerinə yetirmələrindən maraqla söz açır.
“Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi Əhmədağa Muğanlının məşhur “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırılıb. Filmdə valideyn məhəbbəti ilə Vətənə və vəzifə borcuna sədaqətin qarşılığı yüksək sənətkarlıqla təqdim olunur, Vətənin hər şeydən uca tutulması filmin əsas qayəsinə çevrilir. Ekran əsərində müharibədə əsir düşən, sonra isə ölkədəki rejimin bəlalarından çəkinərək ana yurda qayıtmayan atanın illər sonra sərhəddə doğma oğlu ilə qarşılaşması çox təsirli verilir.
Filmdə dövlət sərhədi pozulur, sərhədçilər hadisə yerinə gəlir. Atışma başlanır, sərhədçilərdən biri yaralanır. Məlum olur ki, sərhədi pozan qaçaqmalçılardan biri - Sərxan (Rza Əfqanlı) sərhədçi Fərruxun (Şahmar Ələkbərov) atasıdır. Fərrux qacaqmalçını təqib edir, onlar əlbəyaxa olurlar. Hər ikisi də yorulur, bir-birindən aralı daşın üstündə oturub mübahisə edirlər. Fərrux Sərxanla nə qədər acıqlı danışırsa, Sərxan bir o qədər mülayim və mehriban davranır...
Tamaşaçı bu inandırıcı kadrlara baxdıqca bir anlığa bunun kino olduğunu belə unudur, hesab edir ki, baş verənlər gerçək həyatdır.
“Dağlarda döyüş” sənətkarın böyük kinoda ilk, “Doğma sahillər” filmi isə son işi olub. Siyasi-detektiv janrında çəkilən bu filmlər sərhədçilərin həyat tərzi və qəhrəmanlıqlarından bəhs edir. Müəllifdən bu mövzuda əsərlərinin uğurlu alınmasının sirrini soruşanlara belə deyib: “Mən sərhəd rayonunda böyümüşəm. Gözümü açıb sərhəd, sərhədçi görmüşəm. Tale elə gətirib ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında qulluq etmişəm. Sərhədçi həyatının çətinliyini, romantikasını və Vətənin keşikçisi olmaq şərəfini yaşamışam. Əlbəttə, mən belə bir mövzudan yan keçə bilməzdim”.
1977-ci ildə Əhmədağa Muğanlının “Çobanbayatı” adlı povesti işıq üzü görür. Bir müddət sonra povestin motivləri əsasında “Qocalar, qocalar” bədii televiziya filmi çəkilir. Əsərin qəhrəmanı çoban Bəhri ömrünün çox hissəsini doğma kəndində keçirib, təsərrüfatla məşğul olub...
Şəhərdə yaşayan, yaxşı vəzifələrdə çalışan oğlanları onu illərlə alışdığı geniş çöllərdən ayırıb şəhərə gətirirlər. Ancaq Bəhri şəhər həyatına uyğunlaşa bilmir, doğma kəndi, mehriban camaatı və tütək səsi üçün darıxır. Nəhayət, günlərin birində doğma dağ kəndinə və həmyerlilərinin yanına qayıdır. Özünü güclü və gümrah hiss edir...
1985-ci ildə Əhmədağa Muğanlı ilə Xalq şairi Süleyman Rüstəmin ssenarisi əsasında el qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” adlı bədii film çəkilir.
Ekran əsəri SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən ümumittifaq ekranlarında nümayiş üçün qəbul olunur. Rus dilinə dublyaj olunmaq üçün “Mosfilm” kinostudiyasına təqdim edilir. Ancaq film xeyli müddət ekrana buraxılmır.
Buna səbəb isə Ermənistandan Sov.İKP MK-ya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə filmin əleyhinə onlarla etiraz məktubunun göndərilməsi olur. Bildirilir ki, Qaçaq Nəbi guya “ermənilərin düşməni olub, erməni kəndlərinin mal-mülkünü talayıb Türkiyə və İran feodallarına verib”.
Mənfur erməniləri ovundurmaq, filmi xilas etmək üçün Qaçaq Nəbi və Həcərin adlarının dəyişdirilməsi təklif olunur. Filmin müəllifləri isə buna razı olmurlar. Tarixçilərimiz işə qarışır və mübarizə aparmalı olurlar. Nəticədə, ermənilərin xətrinə dəyməsin deyə, filmin tirajı azaldılır. Bütün bunlara baxmayaraq, film ümumittifaq ekranlarına buraxılır. Sonra kinolent nəinki Azərbaycanda, həm də digər respublikalarda böyük uğur qazanır. 1986-cı ildə filmin yaradıcı qrupu, o cümlədən Əhmədağa Muğanlı respublika Dövlət mükafatına layiq görülürlər.
Çox heyif ki, həyatını xalqımızın tarixinə, mədəniyyətinə, ədəbi fikrinin inkişafına, zənginləşdirilməsinə, təbliğinə sərf edən sənətkar ağır xəstəliyə düçar olması səbəbindən görəcəyi çox işləri yarımçıq qoyur.
Tanınmış yazıçı-kinodramaturq 2001-ci ilin 4 avqustunda dünyasını dəyişir.
Məkanı cənnət olsun.
Əhmədağa Muğanlı "Qanlı zəmi" filminə görə 1986-cı ildə Azərbaycan SSR dövlət mükafatına, 1991-ci ildə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş, SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin, Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin Fəxri fərmanları, "SSRİ-nin əlaçı kinematoqrafçısı" və "Sərhəd qoşunları əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
Son söz yerinə:
Əhmədağa Muğanlı həm də gözəl ailə başçısı, səmimi həyat yoldaşı, uşaqlarını çox sevən Ata, nəvələrinin sevinci ilə nəfəs alan baba, etibarlı dost-qardaş idi.
Nə yaxşı ki, bu gün onun yolunu ləyaqətlə davam etdirən, cəmiyyətdə öz sözünü deyə bilən övladları, sabahın nəbzini tutan nəvələri var!...
Bu gün onun yaradıcılıq yolunu oğlu Araz Qurbanov və nəvəsi Nigar xanım davam etdirir. Araz Qurbanov tanınmış araşdırmaçı - jurnalist, elmi işçidi, Nigar Rzayeva isə Azərbaycan televiziyasında (Az.Tv -də ) çalışır.
Oğlu Nəriman Qurbanov isə uzun illər dövlət qulluğunda çalışmış, doğma Azərbaycanımızın, onun dəyərli övladlarının xarici ölkələrdə tanınmasında böyük xidmət göstərmişdir.
Bu gün anadan olmasının 95 illiyi ərəfəsində cəfakeş qələm sahibi, yazıçı və kinodramaturq Əməkdar Mədəniyyət işçisi Əhmədağa Muğanlını xatırlamağı özümüzə mənəvi borc bildik.
Şübhəsiz ki, o öz sənəti, nəsr əsərləri, ssenariləri üzrə çəkilmiş filmlərlə milli kinomuzun tarixində əbədi yaşayır...
Tanınmış nasir, ssenarist, kino redaktoru. Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan ədəbiyyatı və kino tarixində özünəməxsus dəst-xətti ilə tanınan sənətkarlardan olan Əhmədağa Muğanlının adı bu gün də hörmətlə, ehtiramla çəkilir.
Əminik ki, illər sonra da ölməz əsərləri, bu gün də ekranlardan düşməyən təkrarsız kino-filmləri ilə birgə yazıçı-kinodramaturq Əhmədağa Muğanlının adı da unudulmayacaq, möhkəm əqidə sahibi, əsil insan - təəssübkeş Azərbaycan oğlu kimi həmişə xatırlanacaqdır.
Ruhuna və şəxsiyyətinə böyük ehtiramla:
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
KOBİA-nın tenderi ləğv edilib
12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR
Türkiyə Azərbaycanın bəzi universitetinin diplomunu niyə tanımır? - Əli Əsədov iclasda Türkiyənin vitse-prezidentinə səsləndi
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır"
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq
Livan ordusu: "İsrailə məxsus kameralı casus qurğusunu ələ keçirdik"
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib