Dərdi özündən böyük olan Nailə xanım...
13-02-2021 [11:38]
Nailə xanımın vəfat xəbərini eşidəndə çox üzüldüm. Ağlıma ilk gələn fikir: “Əzrail bu ailədən nə istəyir”- oldu? Neçə illər idi ki, onunla bir universitetdə çalışırdıq.
1981-1985-ci illərdə tələbəsi olduğu ADPU-nun Pedaqoji fakültəsinin Musiqi şöbəsinə Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi qayıtmışdı.
O, müəllim kimi fəaliyyətə başlayanda Musiqi şöbəsi yenə də Pedaqoji fakültənin nəzdində idi. Səkkiz ildən artıq bir müddətdə onunla birlikdə işlədim, o, müəllim, baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışdı.2015-ci ilin dekabrında Musiqi və Təsviri incəsənət şöbələrinin əsasında yeni bir fakültə yaradıldı. Nailə xanım həmin fakültədə fəaliyyətini davam etdirməyə başladı. Çox istiqanlı, mehriban, məsuliyyətli, müəllimlikdən zövq alan xanım idi. Fakültədə mədəni-kütləvi tədbirlərin, musiqili gecələrin təşkilində canı dildən iştirak edirdi.

2011-ci ildə Pedaqoji fakültənin 50 illik yubileyi ADPU-nun böyük akt zalında keçirildi. Tədbirdə respublikanın Təhsil naziri Misir Mərdanov, nazirliyin struktur rəhbərləri, ali məktəb rektorları, tanınmış elm və sənət adamları, Milli Məclisin deputatları, xarici ölkədən gələn qonaqlar və universitetin əməkdaşları iştirak edirdi. Tədbirin bədii hissəsinin rəhbəri Nailə xanım idi. Tələbəmiz, Əməkdar artist Ənvər Sadıqovun (indi Xalq artistidir) və müğənni Abbas Bağırovun iştirakı ilə keçən 2 saatlıq konsert proqramını Nailə xanım tərtib etmişdi.Tədbirdən sonrakı banketdə də Nailə xanımın mahnıları ifa edildi. Hətta özü də iki mahnı oxudu. Pedaqoji Universitetdə yüksək səviyyədə keçirilən “Məzun günləri”nin bədii rəhbəri, təşkilatçısı Nail xanım idi. O, fakültəmizdə fəaliyyətə başlayandan sonra burada yaradıcılıq mühiti xeyli canlanmışdı, tələbələrin iştirakı ilə tez-tez konsertlər təşkil edilir, məşhur musiqiçilərin yubiley tədbirləri keçirilir, tələbələrimiz müxtəlif musiqi yarışmalarında iştirak edir, şəhər və respublika birinciləri kimi diplom və fəxri fərmanlarla təltif olunurdu.Tələbələri Nailə xanımı bir müəllim, bir ana, bir bəstəkar kimi çox istəyir, onun tələbələri olmaları ilə fəxr edirdilər.

Fakültə dekanı kimi mən və dekan müavini kimi Afət xanım Nailə xanıma çox böyük hörmət və ehtiram bəsləyirdik. Yaradıcı insanlar üçün səmimi və insani mühit çox mühüm əhəmiyyət daşıyır.Afət xanım sanki onun qayğısını çəkir, hər vəchlə onun dərdini yüngülləşdirməyə, işləməyə həvəsini artırmağa çalışırdı. Bir dəfə Nailə xanım Afət xanıma zəng edib demişdi ki, növbəti həftədəfərdi dərslərə gələ bilməyəcək, əgər davamlı olsa işdən ümumiyyətlə, ayrılacaq. Onda biz Nailə xanımı həmin tələbə ilə evdə məşğul olmağa, işdən ayrılmamağa razı saldıq.

Nailə xanımla çox səmimi söhbətlərimiz olurdu.Səbirli,təmkinli,Allaha bağlı, nikbin insan idi, iman-inam əhli idi, dərdə-qəmə boyun əyməməyə çalışırdı. Özü deyirdi ki, həyat mənə hər şeyə dözməyi öyrədib, qurban olum Allaha, yəqin məni sınağa çəkir. Nailə xanım öz taleyinin acı günlərini dilə gətirəndə, təsəlli verməyə çalışsam da, ürəyimdə fikirləşirdim ki, İlahi, insanın dərdi özündən nə qədər böyük olarmış? Onun danışığında, çöhrəsində, yerişində, duruşunda sevinclə kədərin sərhəddini tapmaq çox çətin idi. Hamısı bir-birinə qarışmışdı,hətta övladının toyunda belə.Nə qədər gülərüz görünməyə çalışsa da, şənlənsə də, qol götürüb oynasa da göz yaşları qəlbinə axırdı.Nəğmələri dünyanı dolaşaraq könülləri oxşayan bu zərif xanım gecə-gündüz qəm yükü daşıyıraq, dərdini, qəmini, nisgilini “bəsləyir”, bəstələyir, Yaradana şükranlığını bildirirdi.
Nailə xanımın həyatı dəhşətli sonluqla bitən filmləri xatırladırdı. Təsəvvür edin, iki yaradıcı gənc (Hikmət və Nailə Mirməmmədlilər) tanış olur, bir-birinə könül verir, ülfət bağlayırlar, ailə həyatı qururlar, sağlam övladları dünyaya gəlir. Qısa bir zamanda bəstəkar kimi tanınmağa başlayırlar, hər tərəfdən bəxtəvərlik yağır. Dövlət tərəfindən “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülürlər. Elə bu zaman hardansa acı yellər əsir, Mirməmmədlilər ailəsinin xoşbəxtlik şamını söndürür. Əvvəlcə Nailə xanımın atası rəhmətə gedir, bir il sonra 14 yaşlı oğlu dənizdə boğularaq dünyasını dəyişir.
Dərd gələndə batmanla gələrmiş. 2007- ci ildə həyat yoldaşı, tanınmış bəstəkar Hikmət Mirməmmədli “Xan bağı” restoranında ad günü keçirərkən qəfildən ürək tutmasından vəfat edir. Nailə xanım könül sirdaşını, dərd ortağını itirir, ömür bağçasının gülləri solur.Elə həmin ildə anasını haqq dünyasına yola salır. Ardınca böyük qardaşı rəhmətə gedir. İki il sonra özünə qardaş bildiyi, böyük yeznəsi dünyasını dəyişir. Amma o, bunlara dözərək deyirdi:“Mənim yerimə kim olsaydı dəli də olardı, ağlını da itirərdi. Bəlkə elə düz deyirlər, mən də dəli olmuşam, xəbərim yoxdur”
Dözürdü deyəndə, özünü sındırmırdı, büruzə vermirdi,övladlarının gələcəyi naminə ayaqda durmağa çalışırdı, ammagilə-gilə əriyirdi. Elə bil ki, itirdiklərinə qovuşmaq üçün tələsirdi, saçları vaxtsız ağarsa da, ona rəng vurmağı sevmirdi.
“Bu rəngdən başqa daha heç nə mənə yaramaz və yaraşmaz. Çünki bu rəngi, bəyaz rəngi Allah özü mənə məsləhət bilib, mənə yaraşdırıb”-deyirdi.Sanki o, ikili həyat yaşayırdı, bu dünya ilə haqq dünyası arasında vurnuxurdu. Bir tərəfdən əcəl həsrətindəydi, digər tərəfdən yaşamaq və yaratmaq eşqindəydi. Azərbaycanın şəhid generalı, Milli Qəhrəman Polad Həşimova həsr etdiyi mahnını(sözləri Baba Vəziroğlu, aranjimanı Rəşad Hüseynov)Aslan Əzimzadənin ifasında yazıya aldırmışdı. Qələbə müjdəli, vətənpərvərlik motivli neçə-neçə əsər yazmağı planlaşdırırdı...
Ölümündən 3 gün qabaq, 2020-ci ilin dekabrın 31-də kafedra əməkdaşlarını təbrik etmək üçün səsli mesaj göndərmişdi. Afət xanımın dediyinə görə, çox az hallarda o, mesaj yazarmış. Bu səs yazısı təbrik mesajından daha çox ağbirçək bir xanımın xeyir-duasını, vida sözlərini xatırladır. Danışığında bir kədər, nisgil, kimlərisə itirmək və anidən itirilmək notları var. Elə bil ki, nə isə hiss edibmiş... İki dəqiqəlik səs yazısında o nə deyirdi, bizlərə nə vəsiyyət edirdi, kimlərdən halallıq istəyirdi? Konfusi deyirdi ki, insanın ölüm anındakı sözləri çox qiymətlidir. Diqqət yetirək:
“Mənim əzizlərim, axşamınız xeyir olsun. Üzümüzə gələn bu il (2021-ci ili nəzərdə tutur) hamımıza, İnşallah, hamımızın ailəsinə, əzizlərimizə düşərli olsun.Allah Sizləri əzizlərinizə, əzizlərinizi sizə çox görməsin.İnşallah, bu il hamımıza düşərli olsun, cümləmizə düşərli olsun.Allah bütün Kərbəla şəhidlərindən tutmuş, bu gün, bu saata olan şəhidlərimizə qədər hamısının ruhunu şad eləsin. Onların ruhları bütün xalqımız üçün duaçı olsun. Allah sizləri xətadan-baladan, qəzavi- qədərdən, təbii fəlakətdən qorusun, Allah sizi bütün arzularınıza çatdırsın. İnşallah elə cansağlığı olsun ki, xəstəlikdən, azar-bezardan, keçici xəstəliklərdən, yataq xəstəliklərindən uzaq olasınız. Allah bildiyimiz, bilmədiyimiz günaharımızı bağışlasın, hamımızın kiçik günahlarını bağışlasın, böyük günahlarımızı pərdələnmiş eləsin. Allah sizə, hamımıza ruzi-bərəkəti xeyirli halallıqla yetirsin, ruzi-bərəkətimizin xeyrini görək. Bol ruzi-bərəkət görək ki, hamımızın əzizlərimizlə bir yerdə xeyirliyə xərcləyək. Allah sizləri var eləsin. Allar sizləri mənə də çox görməsin, elə məni də sizə çox görməsin. Bu il hamımızın ailəsinə birbəbir düşərli olsun. Hamımızın əzizlərində, özümüzdə artımlar olsun, əskiklik olmasın. Allah bivaxt ölüm, bivaxt xəstəlik heç birimizə qismət eləməsin. Mən sizləri çox sevirəm,çox...çox... çox... istəyirəm.Bir-bir hamınızı əlim də çatmasa da ürəyim sizinlədir. Allah sizləri var eləsin ki, mənə dərs deyən müəllimlər başdaolmaqla Sizlərə görəmən Nailəoldum. Öpürəm sizi, bərk-bərk qucaqlayıram.İnşallah, xeyirliklə, sağ-salamatlıqla, müharibəsiz, əskiksiz, xəta-bəlasız bu ilimizi də, üzümüzə gələn ilimizi də başa vuraq. Həmişə bir yerdə olaq. Fakültəmizdə həmişə mehribançılıq olsun, necə ki, var. Sizi bir-bir öpürəm, bərk- bərk bağrıma basıram, canlarım mənim.”
Bu səs yazısından 3 gün sonra Nailə xanımın nəğmə dolu ürəyi qəflətən dayandı, o, 4 yanvar 2021-ci ildə haqq dünyasına qovuşdu, ürəklərə köçdü, xatirələrə çevrildi. Mənim tanıdığım bəstəkar Nail Mirməmmədlinin 59 illik ömür yolu çiçək üzərindəki şeh damlası kimi gün çıxar-çıxmaz yuvarlanıb yox oldu.59 yaş nədir?
Allah rəhmət eləsin!
Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru,professor,
Əməkdar elm xadimi
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı