Yeni nazir Səlim Müslümov: «Zakir Həsənovla mütləq danışaram…» - DİALOQ

img

08-12-2013 [17:41]


Əmək və əhalinin sosial müdafəisi naziri Səlim Müslümov Siyəzən rayon Sosial Müdafiə Mərkəzində ətraf rayonlar üzrə şikayətçiləri qəbul edib.

Mia.az Azadlıq radiosuna istinadən xəbər verir ki, nazirin şikayətçilərlə görüşü əvvəlcə Şabran rayonunda nəzərdə tutulsa da, son anda görüş yeri dəyişdirilib. Belə ki, nazir Səlim Müslümov şikayətçiləri Siy
əzəndə qəbul edib. Bu isə bir çox şikayətçilərin yeni nazirlə görüşünün alınmamasına səbəb olub

Məlumata görə, nazirlə şikayətçilərin görüşündə maraqlı dialoqlar yaşanıb. Nazirlə hərbi xidmətdə sağlamlığını itirmiş, lakin əlillik sənədlərini ala bilməyən
Xızı rayonundan olan bir vətəndaş arasında gedən dialoq da maraq olub. Həmin dialoqu olduğu kimi təqdim edirik:

Şikayətçinin problemini dinləyən nazir üzünü mərkəz direktoruna tutub tapşırıq verir:

- Sarcalı xəstəxanası Müdafiə Nazirliyinə tabedir, deyəsən. Bu adamın sənədlərini hazırla, mən özüm müdafiə naziri Zakir Həsənova zəng edib, mütləq danışaram.

Bu yerdə həmin ailənin başqa bir problemi qaldırılır. Qarabağ döyüşçüsünün həyat yoldaşı nazirdən mənzil istəyir:

- Evimiz yoxdur. Qayınatamgilin evində iki uşaqla kiçik bir otağa sığınmışıq.

Nazir:

- Vallah, bu məsələdə mən sizə yalandan söz verə bilmərəm. Başqa bir istəyiniz var?

- Həyat yoldaşım 66 manat pensiya alır, özüm də 110 manat maaş alıram.

- Neçə uşağınız var?

- İki.

Bu yerdə Xızı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru söhbətə müdaxilə edib:

- Uşağı da pensiya alır, cənab nazir.

Qadın:

- Heç bir şeyimiz yoxdur, cənab nazir. Nə evimiz, nə pay torpağımız, heç yerdə qeydiyyatımız da yoxdur. Heç bu uşağı müalicə etdirməyə imkanım da yoxdur.

- Xızıda yaşayırsız?

- Bəli. Bura gələndə də taksi tutub gəlmişəm. İmkansız adamam.

Nazir qadının maaşını, həyat yoldaşının və övladının əlillik təqaüdlərinin məbləğini xəbər alır və hesablama aparır. Sonra isə üzünü mərkəzin direktoruna tutur:

- Ümumilikdə 242 manat. 4 adam 242 manata yaşayır. Zəhmət çək, ərizəsini al, bu ailəyə ünvanlı sosial yardım təyin et. Eşitdin?

- Baş üstə.

- Səncə, o, bu vəziyyətdə işləyə bilər? Əlbəttə ki, yox. Odur ki, ərizəsini götür...

 Ancaq bununla da ailənin problemləri bitmir. Nazirdən əlil arabası istənilir:

- Baxın, cənab nazir, həyat yoldaşım yerlə sürünməkdən yanları yara töküb. Bədənində şişlər də əmələ gəlib, düz çənəsinə kimi şişin içərisindədir...

Nazir:
- Yəqin sürünəndə qollarını, bədənini gücə salır.

Nazir yenə də mərkəzin direktoruna tapşırıq verir:

- Bir dənə təzə əlil arabası da verin bu xəstəyə.

 Məlumatdla o da bildirilir ki, yeni nazirlə görüşdən razı qalanlarla yanaşı, xeyli narazılar da olub.

 

 

 

 

 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA