Müsavat Divanının üzvü, partiyanın Gənclər Təşkilatının lideri Tural Abbaslı barədə həyacanlı xəbərlər gəlməkdədir.
Faktı vəkil Əsabalı Mustafayev də təsdiq etdi. O, musavat.com-a dedi ki, müvəkkilini onunla görüşdürmək istəməyiblər: "Uzun mübahisədən sonra bir saat da gözlətdilər və sonradan görüş verildi. Tural Abbaslı saxlanma şəraitindən ciddi iradlar bildirdi. Təmiz yataq, hamam dəstinin verilmədiyini, yeməyin çirkli və ümumi qabda verildiyini bildirdi. Gəzintiyə nadir hallarda çıxarılır. Yemək müntəzəm verilmir, səhər yeməyi ümumiyyətlə olmur. Verilən qidalar keyfiyyətsizdir. Həmçinin Turalın sözlərinə görə, təmiz olmayan və ümumi qablarda yemək gətirilir. Rəis Tural Abbaslıya qarşı şəxsi qərəzli münasibət bildirdiyini açıq-aydın ona söyləyib və bunu gizlətmir. Rəis bunun Turalın müxalifətçi olması ilə bağlı olduğunu deyir. Həmçinin Tural iki gün qolları arxadan qandallı halda, bir gün də istilik sisteminə qandallı şəkildə saxlanılıb. Tural onunla bağlı həbsxanada baş verənləri onunla əsaslandırır ki, bu, onun siyasi fəaliyyətinə görədir və rəiz də tez-tez bunu büruzə verir. Tural Abbaslının sözlərinə görə, həbsxanaya gətirilən gün təlimatları istəyib ki, hüquq və vəzifələrinin nədən ibarət olduğunu öyrənsin. Bunun qarşılığında isə onu qandallayıblar.