Bakının
Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Abşeronun icra başçısı Zakir Fərəcovu
məhkəməyə verib.
Bu barədə
mia.az-a daxil olan məlumatda bildirilir ki, icra başçılarının məhkəmədə üz-üzə
gəlməsinin səbəbi Abşeronun icra başçısı Zakir Fərəcovun sərəncamı olub. S.Mikayılov
hesab edir ki, Z.Fərəcovun "Ekspress-11” fərdi müəssisəsinə sərəncamla
ayırdığı torpaq sahəsi qanunsuzdur. İddiaya görə, həmkarının üzərində sərəncam verdiyi
torpaq sahəsi, əslində, Qaradağ rayonunun inzibati ərazi hüdudlarına daxildir.
Məhkəmədən
aldığımız məlumata görə, məhz buna görə də Qaradağ rayon İcra Hakimiyyəti sözügedən
müəssisə ilə bərabər, Abşeron rayon İcra Hakimiyyəti və Torpaq və Xəritəçəkmə
Komitəsinin Abşeron rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırıb: «Qaradağ rayon
İcra Hakimiyyəti məhkəmədən Zakir Fərəcovun sərəncamını, müəssisə ilə bağlanmış
icarə müqaviləsini, şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsini və torpaq
sahəsinin qeyri-qanuni sahiblikdən geri götürülməsi kimi tələblərini təmin etməyi
xahiş edib».
Mia.az-ın
məlumatına görə, artıq S.Mikayılovun iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəmədə proses keçirilib və həmin məhkəmədən qərarı tərəfləri qane etməyib. Bu
səbəbdən də yuxarı məhkəmə instansiyasına şikayət verilib: «Qaradağ Rayon İcra
Hakimiyyətinin "Ekspress-11”
müəssisəsinə, Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon Torpaq Şöbəsinə qarşı
şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə araşdırılıb.
Bir neçə gün əvvəl hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə
saxlamaqla, məsələnin Ali Məhkəməyə çıxarılacağı qənaətini yaradıb».
Məsələ
ilə bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.