Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən ?Şimal? elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək. Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, ?Şimal? elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır. Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın ?Toyo Engineering Corporation? və Azərbaycanın ?Azenco? Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə ?Azərenerji? Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq. Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev inşaatçılarla görüşüb, xatirə şəkli çəkdirib.