ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı kampaniya haqqında ikinci aralıq hesabatını açıqlayıb. Hesabat 2010-cu il oktyabrın 16-dan 26-na qədər olan dövrü əhatə edir. Hesabatda qeyd olunur ki, MSK fəal iş aparır, seçiciləri, aşağı komissiyaları və polisi maarifləndirir, həmçinin seçici siyahılarının dəqiqləşdirilməsi üçün ciddi səylər göstərir. Hesabatda həmçinin bildirilir ki, ?Dairə seçki komissiyaları qeydə almaqdan imtina qərarlarını əsasən namizədlərin lehinə toplanmış imzaların yoxlanması nəticəsində veriblər. Bir çox imzalar şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə etibarsız sayılıb. Missiya hesab edir ki, bu yanaşma namizədin qeydə alınmasından imtina üçün əsas sayıla bilməz?. Bundan başqa, missiyaya namizədlərə imza vermiş vətəndaşlara və onların qohumlarına təsir edilməsi ilə bağlı məlumatlar daxil olub. Hesabatda o da vurğulanır ki, seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılması yenə də məhdud xarakter daşıyır: ?İctimai Televiziya namizədlərin iştirakı ilə debatlar keçirən yeganə ümummilli kanaldır, burada bütün namizədlərə 4 dəqiqə pulsuz efir vaxtı ayrılıb. AzTV-nin televiziya reportajlarında hakimiyyətin fəaliyyəti yalnız müsbət tərəfdən işıqlandırılır, müxalifət isə yalnız mənfi tərəfdən yada salınır. Üstəlik, müşahidə missiyasına görə, hakimiyyət açıq havada namizədlərin seçicilərlə görüşü üçün kifayət qədər yer ayırmayıb?.