Azərbaycan prezidenti İlham Əliyev mayın 3-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İran daxili işlər nazirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərini münasibətlərin yaxşı göstəricisi kimi qiymətləndirən dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu deyib. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Mustafa Məhəmməd Nəccar isə başçılıq etdiyi nümayəndə heyətində onu İran İslam Respublikasının Azərbaycan ilə həmsərhəd olan 4 ostanının valilərinin müşayiət etməsini səfərə verilən önəmin təzahürü kimi dəyərləndirib.