Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Deputatlar Palatasının dəvəti ilə mayın 3-dən 5-dək Romada səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov mayın 1-də keçirdiyi brifinqdə məlumat verib. A.Nəsirov deyib ki, İtaliya Azərbaycana yaxın, dost ölkələrdən biridir. Səfərin məqsədi dövlətlərimiz, xalqlarımız, xüsusən də parlamentlərimiz arasında münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlardan Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya parlamentində olacaq. A.Nəsirov onu da bildirib ki, İtaliya parlamenti bu ilin fevralında Cənubi Qafqazdakı vəziyyətə dair sənəd qəbul edib. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Oqtay Əsədovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq. Səfər çərçivəsində parlament nümayəndə heyəti qədim Romanın tarixi yerlərinə də baş çəkəcək.