Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri, texnika elmləri doktoru, akademik Əli Abbasov təkcə bir nazirliyə rəhbərllik etmir. O, həm də iki universitetdə kafedra müdiridir. Eyni zamanda, vaxtı ilə rektoru olduğu Dövlət İqtisad Universitetində yəni 14 ildir Dövlət İqtisad Universitetində kafedra müdiridir. Nazirin rəhbərlik etdiyi vəzifələr bunlarla da yekunlaşmır. 

Mia.az sözügedən nazirin elmi və əmək fəaliyyəti ilə qısa araşdırıma aparıb və bu zaman cəmiyyəti yaxından maraqlandıracaq faktlar ortaya çıxıb. 

Mia.az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi internet saytına (http://www.science.gov.az/az/acmembers/abbasovaimd.htm) istinadən xəbər verir ki, 1997-ci ildə Nyu-York Elmlər Akademiyasının, 1998-ci ildə Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü seçilən Əli Abbasov 1994-cü ildən YUNESKO-nun informatika və telekommunikasiya üzrə ekspertləri sırasına daxil edilib. O, həm də 1995-ci ildən ölkəmizi Avropa INTERNET Beynəlxalq kompüter şəbəkəsi Assosiasiyasında (TERENA) təmsil edir. 

Bunlardan əlavə, Mia.az xəbər verir ki, nazirin 150 elmi əsəri olub ki, bunun da 58-i xaricdə çap olunub. Bu, bir alim üçün kifayət qədər böyük göstərici olmaqla yanaşı, xüsusi vurğulamaq gərəkdir ki, həmin əsərlər təkcə Əli Abbasovun öz zehni əməyi olmayıb. Nazirin barəsində olan rəsmi mənbələrə əsaslansaq, Əli Abbasov bir çox samballı əsərlərini bir neçə müəlliflə birgə ərsəyə gətirib. Əlbəttə, bizim cənab nazirin elmi fəaliyyətini təftiş etmək niyyətimiz yoxdur. Amma bir məsələ maraqlıdır, böyük bir nazirliyə rəhbərlik edən Əli Abbasov gündəlik iş rejimində qarşısındakı problemlərin həlli, səfərlər, gələn qonaqlar, rəsmi tədbir və qəbullar, şəxsi həyat və digər ciddi vaxt və enerji sərfiyyatı tələb olunan əmək fəaliyyəti dövründə ard-arda bu qədər kitablar yazmağa necə zaman ayırıb?

 Etiraf olunmalıdır ki, bu qədər gərgin iş rejiminin qarşılığında son 10 ildə yüzlərlə qəbullar, görüşlər, xarici və daxili səfərlər, nazirliyin fəaliyyətini koordinasiya etmək və sair məsələlərə sərf olunan zaman kəsiyində irihəcmli 48 kitab və monoqorafiya yazmaq, hər bir alimin işi deyil. Baxmayaraq ki, çoxsəhifəli həmin kitablarla bağlı müxtəlif söhbətlər də dolaşır. Və haqlı sual ortaya çıxır ki, nazir gündəlik gərgin iş rejimində bu qədər vaxtı haradan tapır?

 Hər halda, görünür, Əli Abbasov ya vaxtını səmərəli xərcləyir, ya da…

 Bütün bunlara yanaşı, 2000-ci ildən 2004-cü ilin fevral ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuş və eyni zamanda, "Dünya iqtisadiyyatında informasiya texnologiyaları" kafedrasına rəhbərlik edən nazir Əli Abbasovun, nazir təyinatına qədər Azərbaycan Elm və Təhsil üzrə kompyüter şəbəkələri Assosiasiyasının (AZRENA) prezidenti, "Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı", "Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması", "Virtual İpək Yolu" və digər layihələrə rəhbərlik etməsini xatırlatmaq isə, mövzunu daha aydınlaşdıra bilər.

 Mia.az yenə də rəsmi mənbələrə istinad edərək bildirir ki, 2004-cü ilin fevral ayında nazir təyin edilən nazir Əli Abbassov İqtisad Universitetində də kafedra müdiri vəzifəsindən imtina etməyib. Maraqlıdır ki, İqtisad Universitetinin keçmiş rektoru deputat Şəmsəddin Hacıyev və yeni rektor Ədalət Muradov da nazir təyinatından sonra ayağını universitetə basmayan Əli Abbasova xəbərdarlıq etmək belə, cəsarətini göstərə bilməyiblər.

 Mia.az İqtisad Universitetinin rəsmi saytına (http://www.aseu.az/index.php?option=com_k2&view=item&layout=item&id=656&lang=az) istinad edərək, bildirir ki, nəticədə adı hələ də İqtisad universitetində universitetin Elmi Şurasının üzvü və «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kafedrasının müdir əvəzi (Nazirin bu vəzifəsinin icrasını kimə həvаlə etməsi də, maraqlıdır - redaksiya) kimi rəsmi göstərilən Əli Abbasovun adına maaş da yazılırsa, bu, artıq  açıq şəkildə dövləti vəzifəsindən sui-istifadə və talançılıqdan başqa bir şey deyildir.

 Bizə maraqlıdır, Əli Abbasovu bu qədər vəzifəni tutmağa nə məcbur edir? Bəlkə 61 yaşlı nazir təhsil müəssisələrindəki gənclərdə perspektiv görmür? Axı, nə qədər olmasa, cənab nazir bu günədək 23 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib. 

Görəsən, onların içindən də bu vəzifələrdən birini tutacaq bacarıqlı və savadlı kadr yoxdur?

 Mia.az