Xalq artisti Alim Qasımovun qızı xanəndə Fərqanə Qasımovadan müğənni Əli Mirəliyevə cavab gecikməyib.

Mia.az Oxu.az-a istinadla bildirir ki, Fərqanə Qasımova Əli Mirəliyevin “o boyda Xalq artistinin qızına bax. Atası dərviş kimi, qızı isə hind üslubunda oxuyur” fikirlərinə münasibət bildirib:

“Alim Qasımov heç kimə heç zaman cavab verməyib, sənəti ilə hər kəsi susdurub. Mən də onun övladı-qızıyam, o cür bir sənətkar ailəsində yetişmiş xanəndəyəm. Ona görə mən də o cür insanlara cavab vermirəm. Xalqın gözü tərəzidir. Söhbət “Durnalar” ifasından gedirsə, mən o ifa ilə çox sevilmişəm. Bir sənətçi mahnını ifa edəndə özünün yanaşması olmalıdır. Əgər belədirsə, deməli, bu əsər yaşayır və yaşayacaq. Sənət varsa, sənətdə mütləq hərəkət, enerji, baxış tərzi, zəmanəyə görə dəyişiklik var”, – deyə Qasımova açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında “Ötən dəfə Fəqanə Qasımova sözlərini Molla Pənah Vaqifin yazdığı, Cahangir Cahangirovun bəstələdiyi “Durnalar” əsərini hind üslubunda oxuyurdu. Hətta Hindistandan gələnlər Azərbaycan musiqisi ilə göbək atırdılar. Bu qədər özbaşınalıq olmaz. Yeni mahnı olsa, deyərdim cəhənnəm, amma Cahangir Cahangirovun mahnısını hind üslubunda oxumağa sənə kim ixtiyar verib? Belə olmaz. Ona görə də musiqimiz bu gündədir” – bildirmişdi. 

Mia.az