Hərbi ekspert Üzeyir
Cəfərov yenidən Müdafiə Nazirliyində aparılan kadr və digər islahatlar haqda
aşıqlama yayıb.
Mia.az onun
Facebook-daki şəxsi hesabindan yaydığı açıqlamanı olduğu kimi təqdim edir:
"Bir müddət bundan
öncə kimlərinsə məqsədyönlü şəkildə dövriyyəyə buraxdıqları "Səfər
Əbiyevin evini sökürlər" başlığı altında bütün medianın diqqətini cəlb
edən hadisənin sonu ilə demək olar ki, heç kim maraqlanmadı. Biz isə o işin axırına
çıxdıq və məlum oldu ki, o sökülən ev sabiq müdafiə naziri general-polkovnik
Səfər Əbiyevə deyil, hazırda gömrük xidməti general-mayoru olan və Bakı şəhəri
Gömrük İdarəsinin rəhbərliyində təmsil olunan, adı tez-tez mətbuatda hallanan
bir şəxsin imiş. Səbail Rayon İcra hakimiyyətindən bu məlumatı dəqiqləşdirə
bilərsiniz. Maraqlıdır ki, bu dezinformasiyanı dövriyyəyə buraxdıran isə, MN-də
oturan, bir vaxtlar sabiq nazirə yaxınlığı ilə seçilən bir şəxs olub.
Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi
Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır.
MN-nin Hərbi Nəşriyyatına rəis vəzifəsinə
təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmri ləğv edilib.
İşindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini
isə Nəşriyyatın baş mühəndisi həyata keçirir.
Müdafiə Naziri general-polkovnik Zakir
Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin
əvvəlki - tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə
də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta
Heydər Əliyev Fondunda övladı çalışan bir zabitin də polkovnik rütbəsi bərpa
edilib.
Naxçıvandan narahatedici xəbərlər var.
Oktyabrda şəxsi heyətlə görüşdə yeni müdafiə naziri tezliklə uzun illər orada
xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına
başlanılacağına söz versə də, təəssüflər olsun ki, bu günə kimi bu işə demək
olar ki, başlanılmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı
yanlış addımlardan biri kimi, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan
bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir ki, bunun
müqabilində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər.
Müdafiə naziri Zakir Həsənovun ordudan
ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini
davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan
bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar.
MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov
artıq Dövlər Sərhəd Xidmətində zabit kimi Aviasiya İdarəsində xidmətini davam
etdirir. Digər maraqlı və diqqət cəlb edən qərarlar vardır. Bu haqda bir qədər
sonra...”.