İdmançıların,
xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən
mövzu olub. Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ
bilirik.
Lakin Azərbaycanda vəziyyət belə deyil. Hazırda ölkədə kifayət
qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər
reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər
hansı məlumat əldə edə bilmirik.Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?
"Klublar məmurların himayəsi altında olur"
Unikal.org xəbər
verir ki, iqtisadçı ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında
bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:
"Dünyada
idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət
göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri
var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət
göstərməyə borcludurlar. Klublar səhmdar cəmiyyəti olduğu üçün
transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat
vasitəsilə ictimaiyyətə açıqlayırlar.
Azərbaycan
isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət
göstərmir. Ən yaxşı halda hansısa bir şirkətin sponsorluğu altında
çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların
himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət
göstərirlər. Cəmiyyətə həm transferlərlə, həm də, ümumiyyətlə, gəlirlər
və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.
Amma
dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz
dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini,
hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını
bilməlidirlər və bu, onların haqqıdır".
"Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb"
Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:
"Komandalar,
furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara
düşməyən klubların gəlirləri haqqında, ümumiyyətlə, məlumat yoxdur.
Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib
gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında
məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası
vasitəsilə ala bilirik.
Amma
klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır.
Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər
kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları
var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma
yaradan əsas faktorlardan biridir. Məsələn, sırf "Barselona"nın oyununa
baxmaq üçün gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın
vəsait xərcləyirlər. Yəni bu, böyük biznesdir. Azərbaycanda isə kublar
biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır.
Bu da doğru yanaşma deyil".
"Azərbaycanda heç kim bir transfer qiymətini dəqiq deyə bilməz"
"CBC
Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli
transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:
"Əslində,
bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı.
Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə
qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə
bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın
olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri,
maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer
məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr
saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə,
dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə
əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə
menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı
ilə gizli saxlanılır".
"Klubları kimlər idarə edir..."
R.Binnətli müvafiq qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:
"Bir
yerdə ki şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç
bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu
məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli, heç də
xoşməramlı məqsədlər güdülmür. Əslində, bunun bir ucu da inzibati,
hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi
ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır.
Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu,
tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər
olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.
Görünür,
klublar yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda
durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında
məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir.
Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir".
"1 milyonu ötüb keçən transferlər...."
"Hazırda
bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla
ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu
ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir. Kifayət qədər yaxşı oyunçuları
transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya
bunu ictimaiyyətdən gizlətmək düzgün deyil.
Necə ki, biz dünyanın bütün
klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid
olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər
haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan
qurumlar da məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də
qaranlıq qalır".
"İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir"
"Qol.az"
saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer
qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:
"Bir
çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma
bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə
açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub.
Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir. İndiyə
kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür,
müəyyən problemlər mövcuddur.
Azərbaycanda
hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri
qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa
maliyyə şəfaflığının olmadığına dəlalət edir".