“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)

img

22-02-2026 [20:15]


Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən Azure Business Centre binasında icarəçi kimi fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupunun baş ofisinin, eləcə də qrupa daxil olan “OBA” marketlər şəbəkəsi, “Araz” supermarketlər şəbəkəsi, “Rossmann” və “Decoliv” mağazalarının idarəetmə ofislərinin elektrik enerjisi kəsilib.

Hadisənin 20 fevral 2026-cı il tarixində saat 13:00-dan etibarən baş verdiyi bildirilir.

Məlumata görə, elektrik enerjisinin dayandırılması binanın mülkiyyətini idarə edən şirkət ilə “Azərişıq” ASC arasında mövcud olan və hazırda məhkəmədə baxılan borc mübahisəsi ilə əlaqələndirilir.

Əldə etdiyimiz məlumata əsasən, elektrik enerjisinin kəsilməsi Veysəloğlu Şirkətlər Qrupunun və ya onun tabeliyində fəaliyyət göstərən qurumların hər hansı borcu və ya öhdəliyi ilə bağlı deyil. Buna baxmayaraq, binaya verilən enerjinin tam dayandırılması nəticəsində baş ofisin və şirkətlərin idarəetmə ofislərinin fəaliyyəti ciddi şəkildə pozulub.

Bildirilir ki, həmin ofis respublika üzrə fəaliyyət göstərən minlərlə ticarət obyektinin operativ idarə olunması, logistika və təchizat zəncirinin koordinasiyası, maliyyə əməliyyatları, informasiya texnologiyaları sistemləri və insan resurslarının idarə edilməsi üçün mərkəzi funksiyanı yerinə yetirir. Elektrik enerjisinin olmaması səbəbindən data ötürülməsi, daxili koordinasiya, təhlükəsizlik və texniki dəstək sistemlərində məhdudiyyətlər yaranıb, əməliyyat və qərarvermə prosesləri ləngiyib.

Yaranmış vəziyyət nəticəsində maddi zərərin formalaşdığı bildirilir. Qeyd olunur ki, baş ofisin fəaliyyətinin dayanması davam edərsə, bu hal geniş pərakəndə ticarət şəbəkəsinin təchizat və idarəetmə mexanizmlərinə ciddi mənfi təsir göstərə, hətta mağazaların fəaliyyətinin dayanmasına gətirib çıxara bilər.

Məsələnin diqqətçəkən məqamlarından biri də odur ki, binanın mülkiyyətini idarə edən şirkətlə bağlı məhkəmə mübahisəsi fonunda icarəçi üçüncü tərəfin hüquqları nəzərə alınmadan elektrik enerjisinin kəsilməsi sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Qeyd olunur ki, həmin binada digər ofislər də fəaliyyət göstərir, lakin elektrik enerjisinin dayandırılması yalnız Veysəloğlu Şirkətlər Qrupuna aid ofisləri əhatə edib.

Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli sorğumuza cavabında baş ofisin elektrik təchizatının “Azərişıq” tərəfindən əsassız şəkildə dayandırıldığını təsdiqləyib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlanıb/azinforum.az

***

“Azərişıq” ASC-dən xəbərlə bağlı Mia.az-a belə bir açıqlama verilib:

"Güvənli Servis (Azur Park) ilə hesablaşmalar 3 (üç) kod üzrə aparılır. Həmin kodlar üzrə elektrik enerjisindən istifadəyə görə “Azərişıq” ASC-yə ümumilikdə 441 000 (dörd yüz qırx bir min) manat məbləğində borc mövcuddur.

Abonentin borcu 193 000 manat təşkil etdiyi mərhələdə məhkəmə qaydasında mübahisələndirilmiş və hazırda məhkəmə prosesi davam edir. Lakin həmin dövrdən etibarən elektrik enerjisinə görə ödənişlərin həyata keçirilməməsi nəticəsində borc məbləği artaraq hal-hazırda 441 000 manata çatmışdır.

Bildiririk ki, Azur Park ərazisində fəaliyyət göstərən Veysəloğlu şirkəti ilə Azərişıq ASC arasında hər hansı alqı-satqı müqaviləsi mövcud deyildir. Elektrik enerjisinin alqı-satqı müqaviləsi “Güvənli Servis Management” MMC ilə bağlanmışdır. Sayğac göstəricilərinə əsasən yaranmış borc məhz həmin hüquqi şəxsə aiddir.

Qeyd edək ki, yuxarıda göstərilən borc (441 min azn) sayğac göstəriciləri əsasında yaranmış borcdur".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:07 22.02.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA