Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama

img

12-02-2026 [13:27]


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.

Mia.az xəbər verir ki, bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib.

Onun sözlərinə görə, subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinq prosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığorta müqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlər subsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.

Rəşad Fəttahov bildirib ki, cari dövrdə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer tərəfindən EKTİS-ə 639 minə yaxın bəyan daxil edilib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.

Qeyd edək ki, subsidiya vəsaitləri fermer kartlarına köçürülür. Fermerlər vəsaitin 25 faizini nağd şəkildə istifadə edə, 75 faizini isə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin - mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına da sərf oluna bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA