Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)

img

10-02-2026 [10:01]


Dünən xəbər verdiyimiz kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

Qeyd edək ki, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

***

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.

Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.

Qeyd edək ki, Zaur Axundovun “Araz-Naxçıvan” futbol klubunun prezidenti olan qardaşı Ramin Axundov da bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb edilib. R.Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. Həmin iş üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın sahibi Ruslan Eyyubov, limanın direktoru Rəşad Daşdəmirov və başqaları həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA